Eks-nazirin qohumunu qətlə yetirən arvadı Bakı İstintaq
Təcridxanasında saxlanılır.
Axar.az-a özəl mənbədən verilən xəbərə görə, sabiq maliyyə
naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovun qatili olan
həyat yoldaşının istintaqı davam edir.
2014-cü ilin sentyabrın 1-də baş verən qətldən 9 aydan çox vaxt
keçəndən sonra cinayəti F.İsgəndərovun həyat yoldaşı Xalidə
İsgəndərova törətdiyi təsbit edilib. İlk günlərdə hadisədə qızı
Əmanə İsgəndərovanın da əli olduğu iddia edilsə də, istintaqa cəlb
olunmayıb.
Mənbənin sözlərinə görə, qətlin təfərrüatı bu günə kimi sirr
olaraq qalır. Onun ərini niyə öldürdüyü açıqlanmasa da,
münasibətlərdə daima gərginlik, mübahisə yaşandığı söylənilir.
F.İsgəndərovla həyat yoldaşı yola getmirmiş.
Yaxınları isə cinayətin detallarını ictimaiyyət üçün gizli
saxlamağa çalışır. Qadının ərini tamah məqsədi ilə öldürməsi
ehtimalı da təsdiqini tapmır, çünki artıq müflis vəziyyətdədirlər.
Sadəcə, qətlin övladlarının toyundan bir neçə gün sonra baş verməsi
açıq suallar qoyub.
Mərhumun iki qızı var. Hər ikisi F.İsgəndərovun doğma
övladlarıdır və bir dəfə evliliyi olub. Məlumata görə, qətli
törədən X.İsgəndərovanın psixoloji problemləri olub, tez-tez
özündən çıxırmış, müxtəlif hallara düşürmüş. Qatilin əvvəllər də
ərinə hücumlar etdiyi, evdə mübahisələr yarandığı söylənir.
2014-cü il avqustun 29-da F.İsgəndərov qızına təmtəraqlı toy
etmişdi. İstintaqın ilk günlərdə ehtimal belə idi ki, qızının
toyundan iki gün sonra qətlə yetirilməsinin məqsədi soyğunçuluqdur.
Cani toyda külli miqdarda pul yığıldığı düşüncəsində olub. Qatillə
mərhumun evin qarajı önündə əlbəyaxa olduğu və 19 bıçaq zərbəsi ilə
sabiq nazirin qohumunun öldürüldüyü deyilirdi. Hətta qatilin daha
sonra evə girdiyi və F.İsgəndərovun xanımını boğmağa başladığı, bu
zaman üzündən maskası düşdüyü, bundan sonra qadını buraxaraq qaçıb
getdiyi iddia olunurdu.
Ancaq məlum olur ki, mərhumun yoldaşı bu informasiyaları
sızdırmaqla məsuliyyətdən yayınırmış.
F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri
Xidmətinin rəis müavini olub.