Bu gün Bakı Apellyasiya Məhkəməsində futbolçu Cavid
Hüseynovun şikayətinə baxılıb.
Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov APA-ya bildirib ki,
futbolçunun barəsində seçilmiş həbs qərarından verilmiş apellyasiya
şikayəti təmin edilməyib.
Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev paytaxtın Bayıl
qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək
çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib
və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və
polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
yaradılıb.
Rəsmi məlumata görə, müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl
rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da "Qəbələ" futbol
klubunun heyətində Kipr Respublikasının "Apollon" futbol klubu ilə
Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin
suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi
"Facebook">Facebook" səhifəsində tənqidi fikirlər yazmış
Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib
verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində
anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib
verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb.
Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə
yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir
Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16
radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında
onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili
orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən
xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin
təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə
çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına
baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da
orada vəfat edib.
İstintaq zamanı R.Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun
cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı
Bakıxanov qəsəbəsində yerləşən "Arzu" şadlıq sarayının
yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut
kimi götürülərək cinayət işinə əlavə edilib.
Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər
görülür.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev
Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli
törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs
qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu
E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını
bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra
isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə
yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin
307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək
həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd
etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan
ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də
istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.