Bakının küçə və prospektlərində "yaşıl dalğa"nın tətbiq
olunmasına başlanılıb.
Axar.az Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin saytına istinadən xəbər verir ki, yeni tədris ilinin
başlanması ilə əlaqədar "yaşıl dalğa" tətbiq ediləcək.
Tədris ilinin başlaması ilə yollarda nəqliyyat vasitələrinin və
piyadaların sıxlığının artacağı ehtimal edildiyi üçün svetoforların
vaxt planları yenilənir və pik saatlarına uyğun qurulur.
NİİM-in mətbuat xidmətinin rəhəbəri Şəfa Mehmanqızı qeyd edib
ki, bu məsələdə avtomobillərin küçə və prospektlərdən keçməsi
sayının artımı da nəzərə alınır. Avtomobillərin hərəkət
intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas
yollarda "yaşıl dalğa"ların sayı artırılır:
"Yəni nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl
olaraq bir neçə svetoforda yaşıl işıq yandırılır. Artıq bu işlərin
tətbiqinə başlanılıb. Bundan başqa, paytaxtdakı təhsil
müəssisələrinin yerləşdiyi ərazilər müəyyən olunub və "yaşıl
dalğa"lar daha çox məhz orada tətbiq olunur. Çünki bu ərazilərdə
avtomobillərin sayı həddindən artıq çox olur. Ona görə də
avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün
"yaşıl dalğa" əmri daha çox bu yerlərdə tətbiq olunacaq".