Hazırda istər dövlət idarəçiliyində, istərsə də Milli
Məclisdə vaxtilə jurnalist kimi fəaliyyət göstərən, müxtəlif mətbu
orqanlarda çalışan onlarla jurnalist həmkarımız vəzifə tutur,
mandat daşıyırlar.
Axar.az Trend-ə istinadən xəbər verir ki, bu yazıda bir
zamanlar bizimlə çiyin-çiyinə çalışmış həmkarlarımızdan, daha
doğrusu keçmiş həmkarlarımızdan bəhs ediləcək.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
əmək fəaliyyətinə jurnalist kimi başlayıb. 1992-1993-cü illərdə
"Naxçıvan" qəzetində müxbir kimi fəaliyyət göstərmiş icra başçısı
sonradan ictimai fəaliyyətlə məşğul olub və "Əlincə" Cəmiyyətində
şöbə müdiri olub.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun da
ilk fəaliyyət sahəsi jurnalistika olub. Nə az, nə çox, 8 il
jurnalist işləmiş R.Hüseynov "Kommunizm yolu" qəzetində
korrektordan şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
"Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov uzun müddət
jurnalist fəaliyyəti ilə məşğul olub. Yeni Azərbaycan Partiyasının
müxalifətdə olduğu illərdə bu partiyanın rəsmi orqanı – "Səs"
qəzetinə rəhbərlik edib.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müşaviri Müşviq
Əmirov "Rabitə Dünyası" qəzetində baş redaktor kimi çalışıb və bu
gün də nazirliyin rəsmi orqanı olan bu qəzetə rəhbərlik edir.
Paralel olaraq nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik
edir.
Əmək fəaliyyətinə yazılı mətbuatda başlayan Namiq Həsənov sonra
müxtəlif televiziyalarda idman müxbiri kimi çalışıb. N.Həsənov
hazırda Nəqliyyat Nazirliyində aparat rəhbəri postunu tutur.
Milli Məclisin deputatı Elmira Axundova Moskvada nəş olunan
"Literaturnaya qazeta"nın və "Azadlıq" radiosunun müxbiri olub.
Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qocaman
jurnalistlərdəndir. 1975-ci ildən jurnalistika fəaliyyəti ilə
məşğul olan B.Sadıqov "Azərbaycan" qəzetinin baş redaktoru və
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının
üzvüdür.
Milli Məclisin deputatı Etibar Hüseynov da jurnalist olub.
"Lider" televiziyasında yayımlanan "Sitatın sonu" verilişinin
aparıcısı olan E.Hüseynov hazırda da mətbuatda müəllif yazıları ilə
çıxış edir.
Milli Məclisin deputatı Sahib Alıyevin jurnalist fəaliyyəti
"Lider" Televiziyası ilə bağlıdır. Adıçəkilən kanalda siyasi
verilişlər aparan deputatın icmal və şərhləri bu gün də müxtəlif
xəbər portallarında yerləşdirilir.
Milli Məclisin deputatı Qənirə Paşayeva ANS televiziyasında
ictimai populyarlıq qazanıb. Teleaparıcı olmuş Q.Paşayeva bugün də
mətbuatda köşə yazıları ilə çıxış edir.
Milli Məclisin deputatı Aqil Abbas mətbuatda fotomüxbirdən baş
redaktora qədər yüksələ bilib. Hazırda vaxtilə özünün yaratdığı
"Ədalət" qəzetinin təsisçisidir.
Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin
ictimaiyyətlə əlaqələr üzrə köməkçisi və qurumun mətbuat katibi
Paşa Kəsəmənskinin Azərbaycan mətbuatında böyük iş təcrübəsi var.
O, bu vəzifəyə təyin edilməzdən öncə "Trend" informasiya
agentliyində baş direktor müavini vəzifəsində çalışıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi
Elman Babayev bu vəzifəyə təyin olunana qədər "Trend" informasiya
agentliyində müxbir və "Kaspi" qəzetində şöbə müdiri işləyib.
Bir neçə ay öncə Səhiyyə Nazirliyinin mətbuat katibi təyin
olunan Liya Bayramova buna qədər "Zerkalo" qəzetində şöbə müdiri
işləyib.
"Azəryolservis" ASC-də mətbuat katibi vəzifəsinə irəli çəkilən
Anar Nəcəfli buna qədər "Xəzər" televiziyasında çalışıb.
Televiziyanın Xəbərlər Xidmətində həm müxbirlik, həm də aparıcılıq
edib.
Qeyd edək ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət
Valehov, "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı, Ədliyyə
Nazirliyi yanında Penitensiar Xidmətin mətbuat katibi Yaşar İsaqov,
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbuat
katibi Ceyhun Musaoğlu və digər mətbuat katibləri də vaxtilə
jurnalist kimi çalışıblar.