Xalq şairi, millət vəkili,
Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı ANS Şirkətlər
Qrupunun prezidenti Vahid Mustafayevə məktub yazıb.
Axar.az xəbər verir ki, məktubda oktyabrın 5-i, saat 19:00-da
ANS televiziyasının efirində yayımlanan "Beş barmaq" verilişindən
bəhs olunub. ADQ başqanı qeyd edib ki, veriliş Azərbaycan və ana
dilimiz üçün çox önəmli olan bir mövzuya həsr olunub:
"Hamımızı narahat edən bu sorunun əlbəttə ki, bir veriliş və
müzakirə çərçivəsində əhatə edilməsi mümkün deyil. Ancaq istər
aparıcı, istərsə də dəvət edilən ekspertlərin aydın mövqeyi və elmi
yanaşmaları məni çox sevindirdi, ana dilimizin üzləşdiyi
problemlərin həllini düşünən bu cür gəncləri efirdə görməkdən
məmnunluq duydum".
S.Rüstəmxanlı vurğulayıb ki, bəlkə də çoxları dilin bir millətin
varlığının, müstəqilliyinin, azadlığının əsasında dayandığının
fərqində deyil:
"Ancaq Siz bilirsiniz ki, Azərbaycan varlığını, müstəqilliyini
hər zaman öz ana dili ilə qoruyub və 50 milyonluq bir millətin dili
həm də onun mənəvi sərhədi, tarixi, milli kimliyidir. Ana dilinin
saflığının, təmizliyinin qorunması hər bir ziyalının həyat
missiyası olmalıdır".
Məktubda ANS-in ilk müstəqil kanal kimi daim örnək rolunu
oynadığı və efirdə bir çox ənənənin əsasını qoyduğu bildirilib:
"Təsadüfü deyil ki, rəhbərlik etdiyiniz qurum ölkəmizdə sevilən
və baxılan kanallar sırasında ilk yerdə dayanır və Sizin bu mövzunu
daim gündəmdə saxlamağınız hazırda əcnəbi dillərin böyük basqısı
altında olan ana dilimizin qorunmasına və təbii inkişafına
dəstəkdir".
Aktual mövzunu efirə daşıdığına və cəmiyyətə lazımlı bir mesaj
ötürüldüyünə görə V.Mustafayevə təşəkkür edən ADQ başqanı
S.Rüstəmxanlı sonda cəmiyyətin belə müzakirələrə çox böyük ehtiyacı
olduğunu diqqətə çatdırıb:
"Bunu nəzərə alaraq, Azərbaycan dilinin tədrisi və təbliği
sahəsində ayrıca bir veriliş açmağınız, bu sahədə çatışmazlıqların
aradan qaldırılması üçün ANS-in imkanlarından istifadə edərək,
vaxtaşırı müzakirələr təşkil etməyiniz çox yaxşı olar. Başçılıq
etdiyim Azərbaycan Dil Qurumu Sizə bu işdə hər zaman dəstək verməyə
hazırdır".