Televiziya kanallarının
çəkdiyi seriallar bizi qane etmədi. Bu kanalların əksəriyyəti
onlara verilən vəsaitdən lazımınca istifadə etmədi. Bəlkə də şəxsi
məqsədlər üçün istifadə etdilər. Artıq bir telekanalı məhkəməyə
vermişik, bəzilərini də verəcəyik.
Bunu APA-ya müsahibəsində Milli Televiziya və Radio
Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, seriallar üçün ən aşağı səviyyəli mövzular
seçilib: "Ailə-məişət məsələsi, ailədə xəyanət, varlı-yoxsul
arasında olan münasibətlər seriallarda əsas mövzu kimi qoyulub. Biz
seriallarla bağlı məsələni artıq bir qədər səngitmişik. Gördüyünüz
kimi, xeyli müddətdir ki, bununla bağlı hər hansı bir yenilik
yoxdur".
MTRŞ sədri qeyd edib ki, bu səbəblərə görə də Azərbaycan
ictimaiyyəti serialları qəbul etmədi:
"Təbii ki, yaxşı seriallar çəkildi. Seriallara çəkilən xərclər
bu sahədə müəyyən canlanma yaratdı. Müəyyən aktyor və aktrisalar
işə cəlb olundu. Bu sahədə infrastrukturun qurulmasına böyük dəstək
oldu. Yəni bu sahədə xeyli iş görüldü. Hətta ssenaristlərin sayı
artdı. Amma təbii ki, ümumi keyfiyyət bizi qane etmir. Özəl
kanalların əsas gəlir yeri reklamlardır. Biz Türkiyədə, Rusiyada
çəkilən serialları Azərbaycanda çəkilən seriallardan üstün tuturuq.
Amma Türkiyədə efirdə yayımlanan reklamın dəqiqəsi 40-50 min
dollar, bizdə isə 1000 manat həcmindədir. Təsəvvür edin ki, onların
bizdən 50 dəfə çox maliyyə gəliri var. Bu sahədə dəyişikliklər
ölkəmizin iqtisadi qüdrəti artdıqca özünü göstərəcək. Biz
birdən-birə bu sahədə inqilabi dəyişiklik edəcəyimizi
gözləmirdik".
N.Məhərrəmli müsahibəsində məhkəməyə verilən telekanalın adını
açıqlamasa da, APA-nın əldə etdiyi məlumata görə, MTRŞ-nın
məhkəməyə verdiyi televiziya kanalı İTV-dir. İTV "Qarabağnamə"
çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə
bu addım atılıb.