Axar.az Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri
Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsini təqdim
edir:
- Nuşirəvan müəllim, 30
sentyabr – 5 oktyabr aralığında ANS telekanalında yayımlanan 3
veriliş Şura tərəfindən qapadıldı və telekanal xeyli miqdarda
cərimələndi. Lakin ANS-dən başqa özəl televiziya kanallarında da
xoşagəlməz hallar müşahidə olunurdu. Ancaq Şuranın səlahiyyətləri
artırılandan sonra ilk sərt cəza mexanizmi ANS-ə tətbiq edildi.
Ümumiyyətlə, verilişlər ANS-ə xəbərdarlıq edilmədən
qapadılıb?
- Bildiyiniz kimi, bu məsələ ilə bağlı biz öz fikrimizi ortaya
qoymuşuq. Cəmiyyət bilməlidir ki, MTRŞ fəaliyyətə başladığı ilk
gündən efirdəki bayağılığa, şitliyə, süni qalmaqallara qarşı ciddi
mübarizə aparıb. Bu mübarizə həmişə olub. Qeyd edim ki, 5 il bundan
qabaq da "Ümid var", "Adam içində" tipli verilişlərə müəyyən
tövsiyələr vermişdik, xəbərdarlıq etmişdik. Amma çox təəssüf ki,
onlar həmin verilişlərin adını dəyişdirib başqa ad altında
fəaliyyət göstərdilər. Cəmiyyət isə bizdən bu tip verilişlərə,
ümumiyyətlə, özəl telekanallarda yayımlanan bayağı verilişlərə
qarşı mübarizə aparmağı tələb edir. Lakin MTRŞ-nın səlahiyyətləri o
dərəcədə deyildi ki, həmin verilişləri bağlasın. "Televiziya və
radio yayımı haqqında" qanuna bu ilin fevral ayında dəyişiklik baş
verdi və həmin dəyişikliklə MTRŞ-ya "Televiziya və radio yayımı
haqqında" qanunun pozulmasına görə, həm verilişlərin, həm
kanalların fəaliyyətini dayandırmaq səlahiyyətləri verildi. Fevral
ayında qəbul olunmuş dəyişikliklər hüquqi qüvvəsini sentyabr ayının
16-da MTRŞ haqqında Əsasnaməyə dəyişikliklə öz həllini tapdı və biz
sentyabrın 16-dan sonra bu sahədə ciddi işə başladıq. Bundan qabaq
isə televiziya kanallarının rəhbərləri ilə ciddi söhbətimiz oldu və
biz efirdəki nöqsanların aradan qaldırılmasını onlardan tələb
etdik. Bizim verdiyimiz qərar tək ANS telekanalına aid deyil.
Bu bütün televiziya kanallarına aiddir. İlk olaraq, xüsusən
sosial problemlərin həllinə dəstək adı altında yaradılmış şou
proqramlarına qarşı hərəkətə keçdik. Bu cür proqramlar həm ANS, həm
də ATV telekanalında yayımlanırdı. Artıq bu iki kanalın rəhbərliyi
bilirdi ki, bu tip verilişlərə qarşı tədbirlər gözlənilir. Elə buna
görə də ATV telekanalı Şuranın iclasından iki gün qabaq "Öz
aramızda" verilişini bağladı və bu haqda bizə məlumat verdi. Amma
çox təəssüf ki, ANS kanalı bunu etmədi və biz belə bir sərt qərar
vermək məcburiyyətində qaldıq. Əgər indiyə qədər televiziya
kanalları özləri efirdəki nöqsanları aradan qaldırardılarsa, biz
ancaq bunu alqışlayardıq. Amma çox təəssüf ki, belə olmadı. Bu gün
Azərbaycan efirində, xüsusən də özəl kanalların efirindəki vəziyyət
bizi çox narahat edir. Azərbaycanın özəl televiziya kanalları demək
olar ki, cəmiyyət üçün ən aşağı növ verilişlər hazırlayır.
Televiziya kanalları daha yüksək ideyalarla cəmiyyəti öz arxasınca
aparmalıdır. Çox təəssüf ki, televiziya kanalları ən aşağı
səviyyəli şoular yaratmaqla bir-birləri ilə rəqabətə girirlər.
Keyfiyyətli verilişlər uğrunda yox, keyfiyyətsiz, aşağı səviyyəli
verilişlər hazırlamaqla bir-birləriylə yarışdılar və bu da
cəmiyyətin haqlı olaraq narazılığına səbəb oldu. Mən elə hesab
edirəm ki, heç bir normal ziyalı istəməz ki, onun efirində bu cür
bayağı, şit, süni verilişlər olsun. Çox təəssüf ki, Azərbaycanda
milli-mənəvi dəyərlər anlayışını bəzi televiziya kanalları ironik
şəkildə təqdim edirlər, mənasını bilmədiklərini deyirlər və bu hal
xüsusən də özünü ANS televiziyasında göstərir. Bu çox düşündürücü
məqamdır. ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film
yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən,
efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat
tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu
onun sifətidir.
- Amma ANS telekanalının Qarabağla, Azərbaycan
həqiqətləri ilə bağlı gördüyü işlər var...
- Razıyam, amma yaxşı işlərlə bərabər, sadaladıqlarım onun
efirindən səslənib, onun efirindən göstərilib. Milli-mənəvi
dəyərləri bilmədikləri üçün də bu cür verilişlər onların efirindən
yayımlanır. Biz Azərbaycan efirini bayağı, şit şou verilişlərindən
xilas etməliyik. Təbii ki, şou özü-özlüyündə bütün dünyaya xas olan
veriliş tiplərindən biridir. Amma çox təəssüf ki, dünyada artıq şou
bütün fəaliyyət sahələrinə aid edilir. Yəni ciddi məsələlər hər
yerdə qeyri-ciddiyə çevrilərək şou halına gətirilir. Bu özünü
siyasətdə, iqtisadiyyatda, hüquqda, dində, hətta elmdə də göstərir.
Çox təəssüf ki, bu belədir. Efirə dəvət olunan din xadimi qısa
müddətdən sonra din üzrə şoumenə, hüquqşünas hüquq üzrə şoumenə,
psixoloq psixologiya üzrə şoumenə çevrilir. Bu çox pis
tendensiyadır. Cəmiyyətdə dəyərsizləşmə gedir. Bir növ insanları
zəhmət tələb etmədən, çox asan, ucuz yolla cəmiyyətdə özünə yer,
mövqe tutmağa şirnikləndirir. Biz bu tendensiyanın qarşısını
almalıyıq. Çox təəssüf ki, ANS kanalı digər kanallardan fərqli
olaraq 90-cı illərin ab-havası ilə yaşayır. Sanki onların etdikləri
hər şey doğrudur. Heç kim onlara bir söz deyə bilməz. Bilirsiniz,
dünənə qədər etdiyin işə görə sağ ol. Amma bu gün gördüyün işə görə
cavab ver. Bəli, 90-cı illərin əvvəllərində ANS yeganə özəl kanal
idi. O vaxt başqa özəl kanal yox idi. Azərbaycan həqiqətləri ilə
bağlı dövlət televiziyasına nisbətən alternativ fikirlər
yayımlayırdı. O dövr bu kanal üçün böyük imkanlar yaratmışdı və o
kanala yaranmış imkanlardan bu kanal böyüdü. Bəli, Qarabağ
həqiqətlərinin dünyaya çatdırılmasında ANS kanalının xidmətləri
var. Amma eyni zamanda, ANS Azərbaycan efirinə ilk dəfə pornoqrafik
film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən,
efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat
tərzini adi bir iş kimi göstərən bir kanaldır. Hər ikisi bunda var.
Biz görülən işlərə "sağ ol" deyirik, amma bu gün bu nöqsanlar
varsa, o nöqsanlara görə cavab verməlisən.
- Cərimələrin də miqdarı bir qədər yüksək
oldu…
- Cərimələr əsasən sponsorla bağlı reklamın tələblərinin
pozulmasıdır. Reklam haqqında qanuna dəyişiklər oldu. Çox geniş
müzakirələr aparıldı və biz gözləyirdik ki, bundan sonra bu hallar
olmayacaq. Biz bu sahədə əvvəlki illərlə müqayisədə limiti artıq
aradan götürmüşük. Demək olar ki, MTRŞ indiyə qədər həddindən artıq
televiziya kanallarına böyük güzəşt edirdi. Amma bizim
səlahiyyətlərimiz o verilişləri qapatmağa imkan vermirdi. Biz
verilişləri bağlada bilmirdik. Bəli, indi isə Şuraya bağlamaq
səlahiyyəti verilib. Bilirsiniz, efir heç bir televiziya kanalının
rəhbərinin şəxsi mülkiyyəti deyil. Efirin dövlət mülkiyyətində
olmasını başa düşməlidirlər. Oranın binası, maşın və avadanlıqlar
onların mülkiyyəti ola bilər, amma efir heç kəsin mülkiyyəti deyil.
Oradan başqalarına qarşı qərəzli şəkildə xüsusi kampaniya
aparılarsa, o zaman telekanala qarşı çox ağır şəkildə cəza tədbiri
görüləcək.
Çox təəssüf ki, televiziya sahəsində problemlər çoxdur. Bu gün
dünyada dəyərsizləşdirmə gedir və bunu bəlkə də bilərəkdən edənlər
var. Məsələn, böyük dövlətlər qloballaşma adı altında adi
verilişlər, filmlər, ayrı-ayrı layihələrlə bağlı digər yerli
ölkələrin milli-mənəvi dəyərlərini, milli özünüdərkini sarsıtmaq
üçün ciddi işlər aparırlar. Bunun da qarşısını almaqda əsas iş
həmin milli-mənəvi dəyərlərə söykənən keyfiyyətli verilişlər
hazırlamaqdır. Bu məsələdə iş tək televiziya və radionun üzərinə
düşmür. Bütövlükdə bu cəmiyyətin üzərinə düşür. Amma televiziya və
radio bu sahədə ciddi bir vasitədir. Ona görə bu vasitədən istifadə
etmək lazımdır. Mövcud imkanlar daxilində təbii ki, telekanalların
vəziyyəti o qədər də yaxşı deyil, mən reklam bazarını nəzərdə
tuturam. Amma xalq arasında "qara camaat" deyilən bir ifadə var.
Cəmiyyəti intellektual səviyyəsi aşağı olan insanların arxasınca
aparmaq yaxşı deyil. Əsas məsələ budur. Efiri şitlik, bayağılıq,
sünilikdən uzaq olmayan verilişlərlə doldururlar. Hətta reklamların
özündə belə ciddi pozuntular var. Azərbaycanın milli-mənəvi
dəyərləri üçün xarakterik olmayan reklam səsləndirmələri olur.
Xüsusən də tibb sahəsində, bir neçə klinikanın xidmətləri ilə bağlı
reklamlarda bu var. Mən bəzən televiziya kanalların sahiblərinə
deyirəm ki, siz özünüz eşitmirsiniz, siz ailənizlə birlikdə oturub
buna qulaq asmırsınız ki, belə formada reklam doğru deyil? Nə olsun
ki, reklam sizə əlavə gəlir gətirir? Siz əgər bütövlükdə hamınız
buna "yox" desəniz reklam verən məcbur olub o reklamı elə formada
verməyəcək. Və yaxud da süni qalmaqal yaradan aparıcı
mükafatlandırılmamalıdır, əksinə efirdən uzaqlaşdırılmalıdır. Amma
bizim efirdə çox təəssüf ki, əksinədir. Yaxşı olardı ki, insanlar
saxta ssenarilər haqda bizə məlumat versinlər.
Ümumilikdə isə bizim televiziya kanallarından əsas gözləntimiz
odur ki, onlar "Televiziya və radio yayımı haqqında" qanunun
tələblərinə əməl etsinlər. Qanunda proqrama verilən tələblərin ən
böyüyündən biri də milli-mənəvi dəyərlərə sahib olmaqdır.
- Mirşahin Ağayev sizin gətirdiyiniz arqumentlərin
qarşısında hansı arqumentləri irəli sürdü?
- Təbii ki, iclasda gedən bütün məsələləri tam şəkildə sizə deyə
bilmərəm. Amma birinci iclasda bizim arqumentlərimizin bəziləri ilə
razılaşdığı və razılaşmadığı məqamlar oldu. O, bunu televiziya işi
ilə bağlayır, deyir ki, burda şou yaratmaq üçün bunlar lazımdır,
bunlar olmasa şou olmaz. Bildirir ki, söz oynatmaq, saxta
ssenarilər, ciddi məsələlərin qeyri-ciddiyə çevrilməsi, yumoristik
səhnəciklər – bunların hamısı lazımdır. Amma çox təəssüf ki,
buradan çıxanda başqa formada ifadələr işlədir və ona uyğun olaraq
da bizim adekvat cavablarımız olur.
- MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov birinci iclasdan
sonra qeyd etdi ki, Mirşahin Ağayev Şurada muma, çölə çıxanda isə
aslana dönür.
- Mirşahin Şuranın sonuncu iclasında da dedi ki, mən lazım
olanda muma dönürəm, lazım olanda aslana dönürəm. Bu onun öz
sözüdür.
- Sizin verdiyiniz qərarlar daha çox MTRŞ-ANS qovğası
təsiri bağışlayır. Bəzi insanlar sizin qərarlarınızda qərəz
olduğunu iddia edir.
- Çox təəssüf ki, bu, ANS-lə MTRŞ-nın arasında olan məsələ kimi
qələmə verilir. Bunu ANS özü bu formaya salıb. Bu onların stilidir.
Hər hansı bir məsələni onlara qarşı kampaniya kimi qəbul edirlər.
Burda hər hansı kampaniya yoxdur. Tam səmimiyyətlə deyirəm burada
hər hansı qərəzdən söhbət gedə bilməz. Sadəcə, Azərbaycan efirində
küçə mədəniyyəti, küçə tərbiyəsi, küçə psixologiyasında
verilişlərin verilməsi onlara haqq qazandırmır.
- 5 il ərzində, Xoşqədəm Baxşəliyeva ilə bağlı ATV
telekanalına da hər hansı xəbərdarlıq etmişdiniz?
- Dəfələrlə xəbərdarlıq etmişdik. Həm ATV telekanalının
rəhbərliyi, həm də ANS telekanalının rəhbərliyi ilə bu barədə
söhbətlərimiz olub. Hətta ATV kanalının rəhbərliyi tərqibən bir il
yarım bundan öncə verilişi bağlamaq haqda düşündüyünü söylədi və
dedi ki, bizə vaxt verin, biz bu verilişi bağlayacağıq.
O vaxt verilişlə bağlı bizə bəzi siqnallar da daxil olmuşdu.
Verilişdə saxta ssenarilərin qurulması ilə bağlı əlimizdə bəzi
faktlar var idi. ATV kanalı da həmin faktlara görə verilişin
fəaliyyətini dayandırdığını bizə bildirdi və həmin faktlar bizə
verildi. Biz ANS kanalının rəhbərlərindən olan Mirşahini Şuraya
dəvət etdik. Onunla birlikdə həmin süjetə baxdıq və dedik ki,
təcili tədbirlər görün. Yay ayları idi, Azərbaycanda I Avropa
Oyunları keçirilirdi. Buna görə məsələni sonrakı dövrə saxladıq.
Lakin ANS sırf qapadılan verilişlərlə bağlı hər hansı bir addım
atmadı. Sosial problemlərin həllinə dəstək adı altında yayımlanan
"Adam içində", "Ümid var" verilişlərinə görə dəfələrlə televiziya
kanalları ilə söhbətimiz olub, xəbərdarlıqlar etmişik. Amma o
xəbərdarlıqlar çox təəssüf ki, bir nəticə vermədi. Buna görə də bu
cür sərt addımlar atmaq məcburiyyətində qaldıq. Eyni zamanda, özəl
televiziya kanallarının musiqi redaksiyalarında böyük nöqsanlar
var. Bu məsələ də ciddi məsələdir. Azərbaycan musiqisi aşağı
səviyyəli müğənnilərin ifa etdikləri musiqi deyil. Biz özəl
televiziya kanallarında efiri sağlamlaşdırmalıyıq. Bir sıra
televiziya kanalları efirlə toyxananı qarışdırıb.
- Məsələn, "Space" televiziyasında yayımlanan "Sevimli
şou"…
- Bəli, "Space" və "Xəzər" televiziya kanallarında yayımlanan o
tip verilişlərə görə telekanal rəhbərləri Şuraya çağırılıb,
söhbətlər aparılıb. Onlardan bu sahədə ciddi dönüş edilməsi tələb
olunub və onlar da bu sahədə ciddi dönüş edəcəkləri haqda bizə söz
veriblər və biz də bunu gözləyirik. Mən "Sevimli şou"nun aparıcını
da Şuraya dəvət etdim. Özüm birbaşa həm onunla, həm də kanal
rəhbərliyi ilə söhbət etdim.
- Aparıcı nə dedi?
- Aparıcı hərəkətlərinə bəraət qazandırdı ki, bu reytinq xətrinə
edilən bir işdir. Mən də ona bildirdim ki, reytinq xətrinə bunlar
edilməsin. Lazım gələcəksə biz o tip verilişlərdən də xilas
olacağıq. Hətta yeri gələrsə, bütövlükdə televiziya kanallarından
xilas olacağıq. Azərbaycanda qoy 10 televiziya kanalı olmasın, 6 və
ya 7 televiziya kanalı olsun. Amma televiziya kanallarında
Azərbaycanı təmsil edən gözəl verilişlər olsun. Azərbaycan
efirindəki verilişlərə görə biz hər gün uduzuruq. İstənilən əcnəbi
bizim özəl televiziyalara baxıb Azərbaycanın nə səviyyədə olması
haqda fikir formalaşdıra bilər. Ona görə də biz ciddi düşünməliyik.
Bəli, bu asan məsələ deyil. Televiziya işi çətindir. Biz hər dəfə
televiziya kanallarını tənqid edirik. Amma reklam bazarı ilə bağlı
mövcud vəziyyət, kadr problemi ciddi məsələdir. Amma bu televiziya
kanallarına əsas vermir ki, efirdə keyfiyyətsiz, ucuz verilişlər
hazırlasınlar.
- Ancaq "Sevimli şou"nun aparıcısına xəbərdarlıq
edildiyi heç hiss olunmur…
- (gülür) Dozasını artırıbsa, dozanı artırmasına uyğun tədbir
görüləcək. Amma biz onunla təzə danışmışıq. Ona da vaxt
verməliyik.
- Özəl telekanallarda yayımlanan şou verilişlərlə bağlı
dosyelər hazırlanacağını demişdiniz. Hansı verilişlərin dosyeləri
hazırlanıb?
- "Sevimli şou", "Məchulu tapın", "5-də 5", "Ay zaur",
"Zarafatsız şou", "Hər şey daxil" verilişləri diqqət mərkəzindədir.
Bilirsiniz, Azərbaycanda qara yumor efirdən silinməlidir. Çox
təəssüf ki, bizim gənc aktyorların çoxu özünü yumor sahəsində, pis
tərəfdən göstərirlər. Əvvəllər küçə uşaqları tində lətifə
danışardılar. İndi həmin lətifələri efirə gətiriblər. Bunlar
efirdən birdəfəlik silinməlidir. Bizim müğənnilərlə də bağlı ciddi
işlərimiz olacaq. Savadsız müğənnilərin üzərində veriliş
qurulmamalıdır. Dosyedə ANS-də hansı tarixdə qanun pozuntusu olduğu
bir-bir göstərilir. Hətta burda şeirlər var.
Çox ədəbsiz şeirlər, normal insan bunları qəbul edilə bilməz.
Bunlar "Komedi Az" və "Bu da bu"da gedib. Bunlar sanki Qərbin
xüsusi dairələrinin xoşuna gəlmək üçün hətta cinsi azlıqlarla bağlı
məsələni Azərbaycanda adiləşdirirlər. Başqa ölkələrin parlamentləri
cinsi azlıqların evliliyi ilə bağlı qətnamələr qəbul edir. Onlar
Azərbaycanda həmin şəxsləri efirə dəvət etmək, həmin şəxslərlə
bağlı verilişlər və yaxud rollar qoymaqla sanki insanları buna
hazırlayırlar. Bu çox pis tendensiyadır və bunun da qarşısı
qətiyyətlə alınacaq.
Burda bütün verilişlər barədə dosye var. Mən artıq tapşırıq
vermişəm. Bizim saytımızda ANS, ATV, "Xəzər" və digər kanallardakı
nöqsanlar birbaşa sayta yerləşdiriləcək. Qoy insanlar görsün ki,
hansı məsələyə görə MTRŞ kanallara qarşı cəza mexanizmi tətbiq
edib. Bunlar Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olan bir
şey deyil. ANS kanalı bizdən milli-mənəvi dəyərlərin siyahısını,
tərifini istəyir. Yəni bizə deyin ki, nə milli-mənəvi dəyərdir, nə
milli-mənəvi dəyər deyil. Artıq bir neçə gündür çox ironik şəkildə
guya ki, milli-mənəvi dəyərlərin müzakirəsi gedir. Əslində dolayısı
ilə MTRŞ-nin verdiyi qərara qarşı bir kampaniya aparırlar. Bu ucuz
bir kampaniyadır. Bu kampaniyalar 90-cı illərdə özünü göstərib. Biz
artıq 21-ci əsrdə yaşayırıq.
- Sizin Xoşqədəm Baxşəliyeva və ya digər aparıcı ilə hər
hansı bir probleminiz var?
- Çox təəssüf ki, bu da ANS kanalının üslubudur. Artıq ANS
kanalının üslubu, metodu hamıya məlumdur. Mən burda dövləti təmsil
edirəm və bizim televiziya kanallarında işləyən sıravi insanlarla
hər hansı bir problemimiz yoxdur. Bizim problemimiz televiziya
kanalının özü ilədir, onu idarə edənlərlədir. Ona görə də bizim hər
hansı aparıcı ilə, rejissorla, operatorla işimiz yoxdur. Sadəcə,
efirdə qanun pozuntusu varsa, onu televiziya kanallarının
rəhbərləri ilə müzakirə edib fikir bildiririk. Bizim heç kəslə
problemimiz yoxdur. Nə o tip adamlarla, nə Mirşahin tipli
adamlarla, nə də Vahid Mustafayev tipli adamlarla.
- Bayaq qeyd etdiniz ki, özünə hörmət edən ziyalı
istəməz ki, Azərbaycan efirində bu cür verilişlər getsin. Amma xalq
artistləri Arif Babayev, Ramiz Məlik və Səkinə İsmayılova,
kinoşünas Ayaz Salayev, millət vəkilləri İsa Həbibbəyli və Cavanşir
Paşazadə Xoşqədəm Baxşəliyevanın axtarış proqramının cəmiyyətə
fayda verdiyini bildiriblər. Buna münasibətiniz
necədir?
- Biz bunu gözləyirdik. Cəmiyyətdəki insanların zövqləri
müxtəlifdir. Sosial problemlərin həllinə dəstək adı altında
yayımlanan verilişlər çox təqdirəlayiq haldır. Biz bunu
dəstəkləyirik. Ona görə də verilişin 1 ay bağlanması haqda qərar
vermişik. Amma bu verilişdə sosial problemlərin həllinə dəstək adı
altında şou yaradılır. Sosial problem ciddi məsələdir.
Fiziki və psixi qüsuru olan, öz hüquqlarını bilməyən insanlar
heç vaxt qeyri-ciddi formada şouya qoyulub alçaldılmamalıdır,
təhqir olunmamalıdır. Amma bu verilişlərdə musiqinin müşayiətiylə
bəzən günlərlə eyni adamı efirdə göstərməklə müxtəlif formada,
hətta verilişə dəvət olunmuş ekspertlərin qınaqları, bəzən o qınaq
təhqirlər formasında alçaldıcı formada verilib. Bu efirdən görünür.
Çox təəssüf ki, bizim bəzi ziyalılarımız televiziya kanallarının
hansına gedirlərsə, o televiziya kanalını tərifləyirlər. ANS-ə
gedərkən ANS 1 nömrəli kanal, ATV-yə gedərkən ATV 1 nömrəli kanal,
"Space"yə gedərkən isə "Space" 1 nömrəli kanal olur. "Xəzər"ə
gedəndə "Xəzər"i, "Lider"ə gedəndə "Lider" telekanalını
tərifləyirlər. Amma oradan çıxandan sonra başqa yerdə Azərbaycan
efirindəki nöqsanlardan danışırlar. Bu çox pis tendensiyadır. Buna
təəssüf edirəm. Azərbaycanda bütün məsələlərdə ən böyük iş
ziyalıların üzərinə düşür. Ziyalılarımız isə bu məsələlərdə
qeyri-ciddiliyə yol verirlər. Amma istənilən şəxsin, istər adi
vətəndaşın, istər millət vəkili, istər tanınmış sənətçi olsun, biz
onların fikirlərinə həmişə hörmətlə yanaşırıq. Amma biz dövlət
qurumu kimi öz üzərimizə düşən işi görməkdə israrlıyıq və hesab
edirəm ki, Azərbaycan efirindəki bayağı, şit, süni qalmaqal yaradan
verilişləri dayandırmaqda haqlıyıq.
- Həmin verilişlərin bağlanmasına görə Şuraya
həqiqətənmi təşəkkür məktubları gəlib?
- Bizi tənqid edən də, bizə təşəkkür edən də olacaq. Bu normal
bir şeydir. Ancaq bircə məsələdə əminəm ki, hər halda bizi
alqışlayanların sayı bizi tənqid edənlərin sayından qat-qat
çoxdur.
- Hüquqşünas Ələsgər Məmmədli hansı saatda və həftənin
hansı günü nə tip verilişlərin yayımlanmasına dair qərar
çıxarılmasını televiziyanın fəaliyyətinə müdaxilə hesab edir. Deyir
ki, MTRŞ hər hansı bir televiziyanın işinə müdaxilə edə bilməz.
Yayımlanacaq verilişlərin konkret sahəyə aid olmasını da Şura
müəyyən etmir.
- Çox təəssüf ki, bu cür yanaşmalar mövcuddur. MTRŞ televiziya
və radio yayımı haqqında dövlət siyasətini həyata keçirən orqandır.
Azərbaycan efirində baş verən bütün məsələlərə birbaşa müdaxilə
etmək səlahiyyətində olan orqandır və hansı televiziya kanalının
hansı saatda veriliş verməsini biz yox, bunu televiziya kanalı özü
müəyyənləşdirir. Amma cəza mexanizmi tətbiq olunarkən həmin
verilişin nə vaxt yayımlanması və göstərilməsini biz müəyyən
etməliyik. Bu özbaşına, istənilən saatda olmaz ki... Bilirsiniz bir
nümunə deyim. Vaxtilə türkiyəli həmkarlarımız bizə danışırdılar ki,
onlar telekanallardan xalq musiqisini yayımlamağı tələb ediblər.
Telekanallar isə gecə saat 4-də xalq musiqisini efirə veriblər. O
vaxt isə heç kəs ona baxmayıb. Yəni efirin bu cür üsulları var. Elə
buna görə də bu cür danışıq sadəcə, bir az mənim üçün anlaşılan
deyil.