Bu gün Milli Televiziya və Radio Şurasının növbəti
iclası keçirilib.
Şuradan Axar.az-a verilən məlumata görə, iclasda ATV və ANS
televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə
inzibati icraata və inzibati xətalara dair işə baxılıb.
İclasda Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25
iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 32-ci maddəsinin və
"Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi
inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən
erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi
Qaydalar"ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı ATV
telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11.31-
12.31 arasında yayımlanan SOY Prodakşn tərəfindən hazırlanan
"Qaynanamız" teleserialında qeyri-etik məzmunlu ifadələrdən
istifadə edilməsi ilə əlaqədar olaraq "Qayınanamız" serialının
yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay
müddətinə dayandırılması barədə qərar qəbul edilib.
Həmçinin iclasda "Televiziya və radio yayımı haqqında"
Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı
Qanununun 35.5-ci maddəsinin, "Reklam haqqında" Azərbaycan
Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun
20.5-ci maddəsinin tələbləri pozulduğuna görə ANS Müstəqil Yayım və
Media Şirkətinin ANS televiziyasının efirində 25.09.2015-ci il
tarixdə saat 23.32-də başlayan "Hobbit: Smauq xarabalığı" bədii
filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq
5000 (beş min) AZN, 04.10.2015-ci il tarixdə saat 05.46-da başlayan
"Saflaşma gecəsi" bədii filminin 30 dəqiqədən sonra reklamla
kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN, 09.10.2015-ci il
tarixdə saat 22.54-də başlayan "Dünya müharibəsi" bədii filminin 31
dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş
min) AZN, 02.10.2015-ci il tarixdə saat 23.00-da başlayan "Ulduzlar
arası" bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə
əlaqədar olaraq 5000 (beş min) AZN, 10.10.2015-ci il tarixdə saat
14.17-də başlayan "Üç qardaş" bədii filminin 35 dəqiqədən sonra
reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 (beş min) AZN,
ümumilikdə 25 000 (iyirmi beş min) AZN məbləğində cərimə edilməsi
barədə qərar qəbul edilib.