İdman mərc oyunlarından əldə olunan gəlirlərin vergiyə
cəlb olunması büdcədə artıma gətirib çıxaracaq.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad
Həsənov deyib. O bildirib ki, mərc oyunlarının vergiyə cəlb
olunması dünyada təcrübəsində çoxdan var:
"Bu sahədən əldə edilən gəlirlərin vergiyə cəlb olunması büdcəyə
daxilolmaları artıracaq. Eyni zamanda nəzərə alaq ki, mərc
oyunlarında əldə olunan gəlirlər daha zəhmətsiz gəlirlərdir. Mən
təklif edərdim ki, bu sahə daha yüksək faiz dərəcələri ilə vergiyə
cəlb olunsun. Digər tərəfdən qeyri-neft sektorundan gələn
gəlirlərin və sosial xərclərinin artımına gətirib çıxaracaq".
R.Həsənov qeyd edib ki, bu prosesdən xeyir götürən vətəndaşlar
olacaq:
"Əldə edilən gəlirlərin əhali arasında bərabər bölüşdürülməsi
prinsipi baxımından məntiqli üsuldur. Onu da qeyd edim ki,
Azərbaycanda bazar prinsiplərinin şərtlərini götürsək, mümkündür
ki, növbəti dövrlərdə bu mərc oyunlarının əhatə etdiyi sferalar
böyüsün. Növbəti dövrlərdə büdcəyə daxilolmaların həcminə daha
müsbət təsir göstərsin".
Qeyd edək ki, hazırda Azərbaycanda idman mərc oyunlarından əldə
edilən gəlirlər vergidən azaddır. Milli Məclisdə müzakirə olunan
"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun
layihəsinə əsasən, bu oyunlar 2016-cı ildən 10% dərəcəsi ilə
vergiyə cəlb edilməlidir.