Əgər bir xəbər portalı və
yaxud da hər hansı jurnalist tanınmış şəxsin yalandan ölüm xəbərini
yayırsa, həmin şəxs məsuliyyətə cəlb oluna bilər.
Bu sözləri Axar.az-a tanınmış jurnalist Zeynal Məmmədli ölkə
mediasında məşhur sənətçilər, müğənni və aktyorlar haqqında qəsdən
ölüm xəbərinin yayılmasına münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, bəzi saytlar sadəcə reklam gəlirlərini
artırmaq üçün bu cür rezonans doğuran xəbərlər verir, süni yolla İP
toplamağa çalışırlar:
"Ən asan yol budur ki, məşhur insanların ölüm xəbərini yayıb,
sonradan xəbəri təkzib edirlər. Diqqət çəkmək üçün sanki bir anlıq
ehtiyacını ödəyirsən. Strateji baxımdan bu, heç bir uğur gətirmir,
amma statistik baxımdan günün məşhuruna çevrilirsən, sənin xəbərin
bir çox yerdə yayılır. Əgər bir xəbər portalı və yaxud da hər hansı
jurnalist tanınmış şəxsin yalandan ölüm xəbərini yayırsa, həmin
şəxs məsuliyyətə cəlb oluna bilər. Yalan məlumata, dəyən maddi və
mənəvi ziyana görə, həmin məşhur məhkəməyə müraciət edə bilər.
Ümumiyyətlə, bu cür yalan xəbərlərin ictimai önəmi yoxdur".
Jurnalistikanı karikaturaya çeviriblər
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, əməkdar
jurnalist Qulu Məhərrəmli isə qəsdən ölüm xəbərlərini yayan media
orqanlarını qeyri-peşəkar və məsuliyyətsiz hesab edir:
"İstənilən xəbər ən azı iki mənbədən dəqiqləşdirilməlidir. Hər
hansı məşhurun ölüm xəbəri isə ən azı 4-5 mənbədən dəqiq öyrənilib,
yazılmalıdır. Bir çox mənbələrdən - təcili yardım, xəstəxana,
dostlar, qohumlar və ailə üzvlərindən bu xəbərin yalan, yaxud doğru
olduğunu öyrənmək olar. Son zamanlar isə məşhurların ölüm xəbəri
hədsiz dərəcədə çox yayılıb. Bu həmin insana qarşı mənəvi terror
deməkdir. Mən həmin kəslərə jurnalist demirəm. Çünki
jurnalistikanın əlifbasıdır ki, verdiyin məlumatı mütləq şəkildə və
fərqli mənbələrdən dəqiqləşdirməlisən. Bunun bircə adı var. O da
məsuliyyətsizlikdir. Bəzən bir sayt da digər həmkarlarının
yazdığına güvənir və zəng edib məlumatı dəqiqləşdirmir. Nəticədə
xəbər tirajlanır, uğursuz sensasiya yaranır. Bu, ümumilikdə
jurnalistikanı, işlədiyin yeri gözdən salmaq deməkdir. Bu cür
yazılar bəzən sifarişli, bəzən qeyri-peşəkarlıqdan, bəzən isə
düşmənçilikdən yaranır. Jurnalistikanı karikaturaya çeviriblər.
Çünki hər hansı bir jurnalist görkəmli şəxsin öldüyünü yazırsa,
ancaq əslində o adam ölməyibsə, o nə etməlidir? Gedib həmin
jurnalisti məhkəməyə verməlidir. Hesab edirəm ki, reytinq, gündəmi
ələ almaq məqsədilə belə xəbərləri yazan jurnalist işdən azad
edilməlidir".
"Səhv eləmişik, üzr istəyirik"
Bir neçə ay əvvəl növbəti dəfə ölüm xəbəri yayılan əməkdar
artist Baloğlan Əşrəfov da məsələyə münasibət bildirib. Müğənni
ölüm xəbəri yayıldığı zaman ailəsinin böyük sarsıntı keçirdiyini
deyib:
"Belə xəbərlərin yayılmasına artıq öyrəşmişəm. Sadəcə, yalandan
kiminsə ölüm xəbərini yazanlara Allah insaf versin. Elə ləyaqətsiz
insanları məhkəməyə verib təzminat almaq lazımdır. Ancaq mən elin
pulu ilə dolanan adamam, necə xalqın övladını, öz həmvətənimi
məhkəməyə verim?! Özümə sığışdırmıram. Düzü, o adamın qanında,
canında ləyaqət olmalıdır. O qədər yalandan kiminsə öldüyünü
yazırlar ki, belə xəbəri oxuyanda inanmıram, zəng edib
dəqiqləşdirirəm. Mediaya qarşı bu qədər güvənsizlik yaratmaq nəyə
lazımdır? Zəng edirsən ki, ay bala, niyə məni sağ ikən öldürmüsən,
yalandan ölüm xəbərimi yaymısan?. Deyirlər ki, səhv eləmişik, üzr
istəyirik. Sonuncu dəfə anamı görməyə kəndə gedirdim. Qapıdan içəri
girəndə zəng gəldi ki, sənin haqqında bu cür yazıblar. Ailəm çox
narahat olmuşdu, özüm əməliyyat keçirən insanam, qəfil verilən
xəbərlər mənə pis təsir edir. Görəsən, bu cür xəbər yazıb süni şou
yaradan insanlar heçmi utanmırlar?!."
Xatırladaq ki, bu günə kimi İlhamə Quliyeva, Rəmiş, Röya Ayxan,
Nanə Ağamalıyeva kimi məşhurların ölüm xəbəri yayılıb.