Milli Televiziya və Radio
Şurası (MTRŞ) bu ilin 12-18 oktyabr tarixlərində Azərbaycanın
televiziya kanallarında uşaqlar üçün nəzərdə tutulmuş efir
materiallarının montorinqini aparıb.
Bu barədə Report-a MTRŞ Aparatı Ekspertiza,
proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov
məlumat verib.
T.Dadaşovun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində
TV-lərdə uşaq verilişlərinin vəziyyətinin heç də yaxşı olmadığı
aydın olub.
Məlum olub ki, Regon TV həftə ərzində uşaqlar üçün daha çox efir
vaxtı ayırır. Kanalın həftə ərzində uşaqlar üçün efir
materiallarına 17,5 saat ayırması müsbət qiymətləndirilib. Lakin
həmin televiziya kanalı şəxsi istehsalı olan verilişlərdən, milli
cizgi filmlərindən çox əcnəbi cizgi və bədii filmlərlərinə yer
ayırır.
T.Dadaşov deyib ki, Lider, ATV və Xəzər televiziyalarında,
ümumiyyətlə, uşaqlar üçün verilişlər yoxdur: "ATV yaxın günlərdə
uşaqlar üçün maraqlı bir lahiyə təqdim edəcəyini bildirib. Hər üç
kanal uşaqlar üçün sadəcə xarici cizgi filmləri verməklə
kifayətlənib. AzTV, İTV, Mədəniyyət TV, ANS və Space kanallarında
müxtəlif saat çərçivəsində "Mən də uşaq olmuşam", "Hazırcavablar",
"Biri var imiş, biri yox imiş", "Ağıl dəryası" "Yuxunuz şirin
olsun" və s. verilişlər yayımlanır".
MTRŞ ANS-də yayımlanan və yuxarı yaş qrupunda olan uşaqlar üçün
nəzərdə tutulan "Ağıl dəryası" verilişini müsbət
qiymətləndirib.
Monitorinq nəticəsində narahatlıq doğuran məqamlardan biri də
efirdə olan verilişlərin daha çox azyaşlı uşaqlar üçün nəzərdə
tutulduğu, nisbətən böyük uşaqların diqqətdən kənarda qalması ilə
bağlı olub. Daha bir mənfi məqam uşaqlar üçün nəzərdə tutulan
veriliş adı altında cizgi filmlərinin yayınlanmasıdır.
T.Dadaşov bildirib ki, həftə ərzində AzTV və İTV-dən başqa heç
bir televiziya kanalı milli cizgi filmlərinə yer ayırmayıb: "Heç
bir kanalda yerli istehsal olan uşaq filmləri olmayıb. TV-lər ancaq
əcnəbi uşaq filmləri yayınlayıb".
T.Dadaşov bildirib ki, uşaqlar üçün ayrılmış efir vaxtının
vəziyyəti TV-lərin nümayəndələrinə çatdırlıb. Onların arqumentləri
dinlənilib: "Qanunda televiziya kanallarında uşaq verilişləri ilə
bağlı kvota olmasa da, TV-lər tərəfindən bu sahəyə diqqət
edilməlidir. Telekanallar şəxsi istehsalları olan, yaxud da
sifarişlə çəkdirdikləri verilişlərə daha çox yer verməlidirlər.
Televiziya nümayəndələri də öz problemlərini açıqladı. Onlar
bildirdilər ki, uşaq verilişləri çətin başa gəlir. Çünki bu
verilişlərə sponsor cəlb etmək, maliyyə vəsaiti tapmaq çətindir.
Uşaq verilişlərinin reklamla kəsilməsi də qanunla qadağandır.
Kanalların irəli sürdükləri fikirlər MTRŞ tərəfindən anlayışla
qarşılandı. Bu problemin telekanallardan qaynaqlanmadığı fikrinə
gəlincə də, onlara efirdə uşaqlar üçün nəzərdə tutulan efir
materiallarının sayının, xüsusilə keyfiyyətinin artırılması tövsiyə
olundu. Qarşı tərəf də tövsiyəyə əməl edəcəyini vurğuladı".