Yanvarın 21-də respublikanın daxili işlər naziri,
general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsində 2013-cü ildə cinayətkarlıqla
mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və
qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi
keçirilib.
Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, tədbiri
giriş sözü ilə açan daxili işlər naziri son illər ölkəmizdə həyata
keçirilən genişmiqyaslı islahatların, demokratik dəyərlərin
möhkəmlənməsinin, ictimai münasibətləri tənzimləyən mexanizmlərin
təkmilləşdirilməsinin bütövlükdə Daxili İşlər Nazirliyinin və onun
orqan və hissələrinin, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin də üzərinə mühüm tapşırıqlar qoyduğunu, ümumən
onların öhdəsindən layiqincə gəlindiyini xatırladıb.
Ötən il cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması
sahəsində əldə edilmiş yüksək göstəricilərdən bəhs edən nazir bu
işdə Baş İdarənin də önəmli rolu olduğunu qeyd edib, qazanılmış
uğurlarla yanaşı, əməliyyat-xidməti fəaliyyətdə olan bəzi nöqsan və
çatışmazlıqların aradan qaldırılmasının vacibliyini bildirib.
Hesabat dövründə görülmüş işlər və əməliyyat-xidməti fəaliyyətin
nəticələri barədə məruzə ilə Baş İdarənin rəisi, polis
general-mayoru Mirqafar Seyidov bildirib ki, həyata keçirilən
kompleks əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri
nəticəsində 129 cinayət faktı müəyyən edilib, açılması təmin
olunmuş 12 fakt üzrə materiallar istintaq aidiyyəti üzrə
göndərilib.
Ötən il respublika üzrə 96 nəfərdən ibarət 20 mütəşəkkil
cinayətkar dəstə ifşa edilib. Onlar tərəfindən bütövlükdə 131, o
cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə,
narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların
qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilib. Dəstə
üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı
qurğu götürülüb.
Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı
21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunub. İqtisadi
fəaliyyət və dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərə
zərər vuran saxta pul və qiymətli kağızlar hazırlama və satma,
rəsmi sənədləri saxtalaşdırma cinayətləri ilə mübarizə tədbirləri
də davamlı olub.
12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı
aşkar edilib, 3 diplom və xeyli sayda başqa saxta sənədlərin
satışının və istifadəsinin qarşısı alınıb. İstehlakçıları aldatma,
keyfiyyətsiz məhsul istehsal etmə və satma, eləcə də əmtəə
nişanlarından qanunsuz istifadə etmə cinayətlərinin aşkarlanması
üzrə fəaliyyət çərçivəsində satışa çıxarılmış 300 tona yaxın
müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları
götürülərək məhv edilib.
Bundan əlavə, qanunazidd olaraq qumar oyunları təşkil edən 13
sahibkarlıq obyektinin fəaliyyəti dayandırılıb və cavabdeh şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb
olunublar. Baş İdarəyə daxil olan əməliyyat məlumatları mütəmadi
araşdırılaraq lazımi tədbirlər görülüb və müvafiq məlumatlar
əsasında 102 cinayətin açılması təmin edilib.