Vətəndaşların milyonlarla
manat pulunu mənimsəyən "Texnikabank"ın Bakı filialının rəhbəri Zal
Yusifovun məlum cinayət işində adı keçən bəzi zərərçəkmişlər
aldadılır.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2009-cu
ildə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin (indi Ağır
Cinayətlər Məhkəməsi adlanır - red.) hökmü ilə 15 il müddətinə
azadlıqdan məhrum edilmiş Zal Yusifovun atası Zakir Yusifov və onun
oğlu Zülal Yusifov zərərçəkmişləri ələ almağa çalışırlar.
Hələ Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işləyərkən Zülal
Yusifov (Zal Yusifovun qardaşı) zərərçəkmişlərlə görüşlər keçirib
və onları inandırmağa çalışıb ki, əmanətlərin mənimsənilməsində Zal
Yusifovun günahı olmayıb. Bir çox zərərçəkmişi ələ alan Zülal
Yusifov onları inandırıb ki, pulları Zal Yusifov yox,
"Texnikabank"ın idarə heyətinin sədri Etibar Əliyev mənimsəyib.
Məhz bu səbəbdən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin
hökmündə dəymiş ziyanı Etibar Əliyevin yox, Zal Yusifovun ödəyəcəyi
ilə bağlı göstərilənlər zərərçəkmişləri narazı salıb. Burada Zakir
və Zülal Yusifovların bir məqsədi olub: cinayət işi üzrə
zərərçəkmiş kimi adı keçən 81 nəfərin arasında parçalanma salmaq və
kütləvi şikayətlərin qarşısını almaq.
Yusifovlar son anda bu istəklərinə qismən nail olublar və
zərərçəkmişlər arasında fikir ayrılığı yarada biliblər. Uzun
müddətdir Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə üzərinə həbs
qoyulmuş əmlakların satılması və zərərçəkmişlərə dəymiş ziyanını
ödənilməsinin qarşısı alınır.
Zərərçəkmişlər arasında fikir ayrılığı yaradandan sonra bu dəfə
Zal Yusifovun atası ortalığa çıxıb. O, Ali Məhkəmənin sədri Ramiz
Rzayevə məktub yazaraq bildirib ki, üzərinə həbs qoyulan əmlaklar
oğlu Zal Yusifova yox, onun özünə məxsusdur.
Zakir Yusifov iddia edib ki, qiyməti milyonlarla ölçülən mülklər
onun aldığı pensiya hesabına tikilib. Bu yolla Zakir Yusifov
cinayət işini Ali Məhkəmə və Bakı Apelyasiya Məhkəməsində
dolaşdırmaqla faktiki olaraq vaxt qazanır. Beləliklə, əmlakların
satılmasının qarşısını almağa çalışır.
Zakir Yusifov və onun oğlu Zülal Yusifovun sözlərinə inanmış
zərərçəkmişlər isə əmanətlərinin qaytarırılmamasına görə Avropa
İnsan Haqları Məhkəməsinə şikayət ediblər. Onların dəymiş ziyanının
ödənilməsi ilə bağlı tələblərində cavabdeh kimi Etibar Əliyevin adı
hallanır. Bununla da Zakir Yusifov beynəlxalq instansiyaya üz tutan
zərərçəkmişlərdən özünü xilas olmuş hesab edib.
Əslində isə zərərçəkmişlər növbəti dəfə aldadılmış hesab
olunmalıdırlar. Çünki milyonlarla manat vəsaiti mənimsənilən
şəxslərin əmanətləri ilə bağlı məsələ yalnız yerli məhkəmələrdə öz
həllini tapa bilər.
Hüquqşünas İradə Cavadova deyir ki, əmanətləri mənimsənilən
şəxslərin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi düzgün
deyil. Onun sözlərinə görə, əmanəti batan şəxsin və ya şəxslərin
probleminin Avropa Məhkəməsində həllini tapması təcrübəsi mövcud
deyil: "Avropa Konvensiyasının 6-ci maddəsinə uyğun olaraq, Avropa
İnsan Haqları Məhkəməsinə yalnız ədalətsiz qərarla bağlı müraciət
edilir".
Bank və digər sektorlarda vətəndaşlara dəymiş ziyanla əlaqədar
mübahisənin yerli məhkəmələrdə həllinə cəhd olunmasını daha
məqsədəuyğun hesab edən hüquqşünasın sözlərinə görə, mülkiyyət
hüquqlarına aid kompensasiyanın düzgün ödənilməməsi iddiası
ətrafında məhkəmələr çox zaman düzgün iş aparmır: "İşin əvvəldən
düzgün aparılmamasının nəticəsində kompensasiyanın alınması
məsələsi gündəmdən çıxır. Bu baxımdan zərərçəkmişlər öz
hüquqlarının müdafiəsini düzgün qurmalı, səhvə yol
verməməlidirlər".