Gənclər Günü ərəfəsində SOCAR prezidenti Rövnəq
Abdullayev Bakı Ali Neft Məktəbi tələbələrinin böyük bir qrupu ilə
görüş keçirib.
SOCAR-dan Axar.az-a verilən
məlumata görə, görüşün əvvəlində ali məktəbin dosenti, tələbələrin
sevimlisi Xanım Cəfərovaya SOCAR-ın Fəxri fərmanı təqdim olunub və
bu, tələbələr tərəfindən alqışlarla qarşılanıb. R.Abdullayev
tələbələrin müəllimlərini böyük coşqu ilə alqışlamasına sevindiyini
bildirib, mühəndislər üçün riyaziyyat fənninin böyük əhəmiyyətindən
söz açıb, özünün də vaxtilə ona dərs demiş riyaziyyat müəllimləri
ilə əlaqəsini davam etdirdiyini söyləyib.
X.Cəfərova əməyinə verilən qiymətə görə SOCAR rəhbərliyinə dərin
minnətdarlığını bildirib, BANM-də işləməyindən qürur hissi
keçirdiyini vurğulayıb.
Səmimi ab-havada, qalstuksuz, "üz-üzə, göz-gözə görüş"
formatında keçirilmiş tədbirdə SOCAR prezidenti tələbələri qarşıdan
gələn Gənclər Günü münasibətilə təbrik edib, gənclərə onları
maraqlandıran bütün suallarla müraciət etmək imkanı yaradıb,
verilmiş sualların hamısını ətraflı cavablandırıb. Tələbələr
SOCAR-ın və BANM-in fəaliyyəti, inkişaf perspektivləri, dünya neft
sənayesində baş verən proseslərlə bağlı SOCAR prezidentinin mövqeyi
ilə tanış olublar.
Görüşün gedişindən və yaradılan səmimiyyətdən ruhlanan gənclər
hətta SOCAR əleyhinə sosial şəbəkələrdə aparılan qərəzli antireklam
kampaniyasının əsas mövzularını təşkil edən məsələlərə də aydınlıq
gətirilməsini xahiş ediblər. SOCAR prezidenti R.Abdullayev dekabrın
4-də dənizdə təbii fəlakət zamanı Neft Daşlarında və "Günəşli"
yatağındakı 10 saylı özüldə baş vermiş qəzalar nəticəsində itkin
düşən neftçilərin axtarışı istiqamətində aparılan tədbirlərə, həmin
faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və
mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə
SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılmış
qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra başqa
məsələlərə münasibətini bildirib.
Azərbaycanda qazlaşdırma səviyyəsinin guya aşağı olmasına dair
fikirlərə toxunan R.Abdullayev deyib: "Bu fikirlər kökündən
yanlışdır və tam əsassızdır. Diqqət yetirin, Azərbaycanın həm
şimal, həm də cənub qonşuları dünyanın güclü qaz dövlətləridir.
Buna baxmayaraq, bizdə qazlaşdırmanın səviyyəsi bu ölkələrin hər
ikisindən xeyli yüksəkdir. Dövlətimizin başçısı bizim qarşımızda
məsələ qoyub ki, ən əvvəl ölkə daxilində əhalinin qaz təminatını
yüksəldək. Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90% təşkil
edir. Avropaya qaz ixrac etməyə başlayanda biz bu səviyyəni daha da
yüksəldəcəyik".
Görüşdə BANM-in tələbələri SOCAR prezidentinə uğurlu
karyerasının sirləri, həyatda uğur qazanma yolları haqqında da
çoxsaylı suallar verib, onun fəaliyyətinin müxtəlif tərəfləri ilə
maraqlanıblar. R.Abdullayev dövlətimizin gənclər siyasətindən,
Azərbaycanda, o cümlədən SOCAR-da gənclərin karyera yüksəlişi üçün
yaradılmış imkanlardan ətraflı bəhs edib, fikirlərini öz həyat və
fəaliyyət yolundan gətirdiyi misallarla əsaslandırıb. SOCAR
prezidenti tələbələrlə canlı dialoq şəklində qurulmuş görüşün
əhəmiyyətini vurğulayıb, belə tədbirlərin bundan sonra da mütəmadi
olaraq keçiriləcəyini söyləyib.
Görüşün sonunda tələbələr SOCAR prezidenti ilə selfi
çəkdiriblər.