Almaniyada bir məktəb direktoru hər tədris ilinin
başlanğıcında müəllimlərinə bu məktubu göndərirmiş:
"Mən ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç
bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil verilmiş
və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, savadlı
həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının
vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının
öldürüb yandırdığı insanlar…
Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyim budur. Hər
şeydən əvvəl şagirdlərinizin insan olması üçün çalışın.
Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər
olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarınızın daha "çox insan"
olmasına kömək edərsə, onda həqiqətən yararlı olar".
Doğurdanmı savadlı insan kamil və xeyirxah olur, yoxsa etiket
qaydalarına riayət etməyin, gözəl davranmaq və daha çox şey
bilməyin insanın xarakter etibarilə daha yaxşı biri olması ilə heç
bir bağlantısı yoxdur?!
Ya insanın savadlı və nəzakətli olması onun heç də özünü və
insani kimliyini bilməsi demək deyil. Bir siyasətçinin gözəl və
bəlağətli danışması onun əvəzsiz siyasətçi olmadığını təsdiq
etmədiyi, eynən əxlaqdan çox danışanın daha əxlaqlı olmadığı
kimi…
Bütün bunlara cavab almaq üçün "Axar.az" olaraq professor Əjdər
Ağayevə müraciət etdik və aldığımız nəticələri sizinlə
paylaşırıq.
Əjdər Ağayev bildirdi ki, bunun çox geniş elmi bir şərhi
var:
"Amma mən sizə qısa şəkildə bildirim ki, savadlı olmaq heç də
insanın yüksək əxlaqi keyfiyyətlərə nail olması deyil. İnsanın
kimliyini müəyyən edən mənbələr var və bunlardan birincisi
genetikadır. İnsanın sahib olduğu soyu, nəsli onun necə biri
olmasını müəyyən etmək üçün ən qısa və etibarlı mənbədir. Əgər
birinin hətta əsrlərlə bundan əvvəl genetikasında naxələflik varsa,
ona heç təhsil vermək lazım deyil. Çünki ziyankar insana təhsil
verərkən o ziyankarlığını beş dəfə artırar.
Bu barədə çox sayda nümunələr və izahlar var. Bəhs etdiyimiz bu
mənbəyə təbii imkanlar deyilir, yəni yaradılışdan gəlir hər şey…
İkincisi, müvafiq mühitin yaradılmasıdı, bu da insan təbiətinin üzə
çıxması və aşkarlanmasında böyük rola malikdir. Təhsil ancaq üçüncü
amildir. Təhsil dünyagörüşü artırır, cəmiyyət və səviyyə haqqında
məlumatlar verir. Bu zaman həm də qanunlar insanları tənzimləyir və
onların naqisliyinin üzə çıxmasına o qədər də imkan yaranmır".