Qafqazın sünni İslam
cərəyanına mənsub olan müsəlmanların ilk müftisini 1832-ci ildə çar
generalı Roze təklif edib. Bu şəxs hərbi hissədə yenicə kapitan
rütbəsini alan Tacuddin Mustafin idi. O, Kazan şəhərindən çar
ordusunun kapitanı vəzifəsindən Tiflisə dəvət edilmişdi. Tacuddin
Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi üçün az vaxtda
hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad
edilir.
Osman Əfəndi Vəlizadə — Qafqaz müsəlmanlarının II
Müftisi
Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra,
1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan
şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqazın
(Zaqafqaziyanın) müftisi təyin edilir. O, 1847-ci ildə vəfat
edib.
Məhəmməd Əfəndi Müftizadə — Qafqaz müsəlmanlarının III
Müftisi
Osman Əfəndi Vəlizadə vəfat etdikdən sonra onun yerinə oğlu
Məhəmməd Əfəndi Müftizadə təyin edilir. Məhəmməd Əfəndi, dövrünün
ən nüfuzlu ilahiyyatçılarından biri olub. 1867-68-ci illərdə
Şamaxıya gedib və orada Seyyid Əzim Şirvani ilə görüşüb. Məhəmməd
Əfəndi Müftizadə 1847-ci ildən ömrünün axırınadək, yəni 1880-ci ilə
kimi Tiflisdə Ruhani İdarəsində Qafqaz (Zaqafqaziya) sünni
müsəlmanlarının müftisi vəzifəsini icra edib.
Əbdülhəmid Əfəndizadə — Qafqaz müsəlmanlarının IV
Müftisi
Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də
Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid
məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin
dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə
yiyələnib.
Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə
başlayan Ə.Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır.
Əmisinin məsləhəti ilə o, 1849-cu ildə dövlət məktəbinə işə
götürülür və şəriət müəllimi vəzifəsini icra edir.
Ə.Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb
dilərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə
öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən
səbəblərə görə bağlanır. Ə.Əfəndizadə 1860-ci ilin əvvəlində
Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın
16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O,
fəaliyyətinə görə canişinlik tərəfindən brilyant qaşlı üzüklə
mükafatlandırılıb.
Müfti Ə.Əfəndizadə 1872-ci il dekabrın əvvəllərində Qafqaz
(Zaqafqaziya) Sünni Əhli İdarəsinin sədri vəzifəsinə təyin
olunduğundan Tiflisə köçür.
O, 1880-ci il dekabr ayının 10-da Tiflisdə vəfat edib.
Hüseyn Qayıbzadə — Qafqaz müsəlmanlarının V
Müftisi
Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax qəzasının
Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim
qalıb və kənd mollası – əmisi İbrahim Əfəndinin himayəsində
böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn
dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq
ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən
oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci ildə
Qafqaz müftisi Məhəmməd Əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik
müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci
ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə
başlayır.
Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Qori müəllimlər
seminariyasında işləyib. O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz
hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı
genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir.
O, 1883-cü ilin axırlarında müəllimlikdən azad edilərək Qafqaz
müftisi təyin olunur və 1917-ci ilin martınadək bu vəzifədə
çalışır.
H.Qayıbzadə bir neçə məqalənin və kitabın müəllifi kimi də
tanınır. O, müsəlman mədrəsəsində keçilmək üçün riyaziyyata dair
"Məsaili-ammil-hesab" (Hesab ümumi məsələləri) və ana dilini təzə
öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan" (Yeniyetmələr üçün
başlanğıc") adlı dərs vəsaitləri də hazırlayıb. H.Qayıbzadə təkcə
maarif sahəsində deyil, ədəbiyyatşünaslıq səhasində də xeyli işlər
görüb. O, çoxlu atalar sözü, zərb-məsələlər, hikmətli sözlər
toplayaraq 9 hissədən ibarət "Tövsiyyətnamə" kitabını yazıb. Eyni
zamanda, XVIII-XIX əsrlərdə yaşamış 109 Azərbaycan şarinin
əsərlərindən ibarət dörd cildilik antologiya tərtib edib. Yüksək
imtiyazlara malik olan H.Qayıbovun sinəsini çoxlu çar orden və
medalları bəzəyib.
H.Qayıbzadə qızların yeni məktəblərdə təhsil almalarına təşəbbüs
göstərərək, öz xanımı Səadət xanıma Qafqaz Qadınlarının Xeyriyyə
Cəmiyyətində iştirak etməyə icazə verir, qızları Nigar (sonralar
general Ə.Şıxlinskinin xanımı) və Gövhər xanımı (sonralar general
Usubovun xanımı) rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda
oxutdurur. Nigar xanımın 1889-cu ildə, Gövhər xanım isə 1903-cü
ildə həmin inistitutu qızıl medalla bitirirlər.
Müfti Hüseyn Qayıbzadə 1917-ci ilin martında Tiflisdə vəfat
edib. Onun vəfatından sonra çar üsuli-idarəsi dağıldığı üçün Qafqaz
(Zaqafqaziya) Ruhani İdarəsi də öz funksiyasını itirir. Demək olar
ki, respublikamızda da 1920-ci ildən 1944-cü ilə kimi müftilik
vəzifəsi olmayıb.
Hacı İbrahim Əfəndi Əfəndizadə — Qafqaz müsəlmanlarının
VI Müftisi
Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 15 may 1870-ci ildə Şamaxı
şəhərində anadan olub.
1944-cü ildə Qafqaz (Zaqafqaziya) müsəlmanlarının növbəti (SSRİ
tərkibində birinci) qurultayında Hacı İbrahim Əfəndi Əfəndizadə
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – Baş müfti
seçilir və ömrünün sonuna kimi bu vəzifəni icra edib. O, ilahiyyat
elminə mükəmməl bələd olan, dinin ayinlərini, şəriətin tələblərini
yaxşı təbliğ edən din xadimi kimi ad qazanıb. Sülhü müdafiə etmiş,
nüvə silahına qarşı Ümumdünya Sülh Şurasının çağırışlarını
alqışlamış, dindarları sülhə, əminamanlığa, halal zəhmətə
səsləyib.
Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 18 sentyabr 1957-ci ildə
vəfat edib.
Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII
Müftisi
Qafqaz (Zaqafqaziya) müsəlmanlarının V qurultayında (1960-ci il)
Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Zaqafqaziya
Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti seçilir. Yaxşı
dini məlumata və nitq qabiliyyətinə malik olan Şərif Əfəndi daim
müasirləşmənin tərəfdarı olub. O, deyib: "Köhnəlmiş dini tələbləri
təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz döndərər".
Ateizm təbliğatına müqavimət göstərməyin tərəfdarı olub. O,
ateizmi "məscidin günbəzinə dəyib kənara düşən" qoza bənzədib.
Şərif Əfəndi 1966-ci ildə vəfat edib. Onun vəfatından sonra
Ruhani İdarəsində müfti vəzifəsi iki il boş qalıb.
Hacı İsmayıl Əhmədov — Qafqaz müsəlmanlarının X
Müftisi
Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub.
1916-18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində
oxuyub. 1923-30-cu illərdə mədrəsə təhsili alıb. 1941-45-ci illərdə
Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla
təltif olunub.
1945-67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı
İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy"
məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl
Əhmədov sədr müavini – müfti seçilir. Yüksək dini savadı omayan
yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı.
Moizə etməyə o qədər də həvəsi omayıb, lakin xoş rəftarına görə
sünni dindarların rəğbətini qazana bilib.
Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə
gedərək, Kəbəni ziyarət edib.
O, 1986-cı ildə vəfat edib. Onun vəfatından sonra bu vəzifə
1989-cu ilə qədər boş qalıb.
Hacı Salman Musayev — Qafqaz müsəlmanlarının XI
Müftisi
1958-ci ildə Gürcüstan Respublikasın ın Dmanisi rayonunun
Hamamlı kəndində doğulub.1982-ci ildə Daşkənd İslam Universitetini
bitirib.1984-1985-ci illərdə Liviya "İslama dəvət" Universitetinin
ilahiyyat fakültəsində təhsil alıb. Əvvəlcə Tbilisi "Cümə"
məscidində imam-xətib, sonra Qafqaz (Zaqafqaziya) Müsəlmanları
Ruhani İdarəsinin xarici əlaqələr şöbəsində işləyib.
Müfti Hacı Salman Əfəndi 1987-ci ildə Zaqafqaziya Müsəlmanları
Ruhani İdarəsinin sədr müavini təyin edilir, 1989-cu il iyulun
25-də keçirilən Zaqafqaziya müsəlmanlarının IX qurultayında isə
həmin idarəyə müfti vəzifəsinə seçilir.
Dəfələrlə Məkkə ziyarətində olan Müfti Hacı Salman Əfəndi
hal-hazırda bu vəzifəni icra edir.
Baki-baku.az