Bu gün özümü hədsiz dərəcədə pis hiss elədim. Zori
Balayanın mənfur "Ocaq" kitabının Moskvada nəsə təqdimata oxşayan
bir mərasimi keçirilib. Cəhənnəmə keçirilsin. Ovqatımı korlayan bu
deyil. İt hürər, karvan keçər.
Ardınca sosial şəbəkələrdə Eynulla Fətullayevin xalq şairi,
böyük vətənpərvər ziyalı, millətin fəxri, məşhur "Ömür kitabı"nın
müəllifi Sabir Rüstəmxanlıya son dərəcə insafsızcasına çamur
atmasını oxuyanda ürəyim qırıldı. Bir tərəfdə "Ocağ"a bəh-bəhlə
təqdimat keçirilir, bizim məmləkətdə "Ocağ"ı son dərəcə dəyərli
tarixi faktlarla, usta qələmdən çıxan publisistika ilə heçə endirən
"Ömür kitabı"nın yaradıcısı aşağılanır, təhqir olunur. Eynullanın
əli ilə. Əcəba kimdir bu Eynulla... Deyəsən, nəyisə xatırlamaq
lazım gəlir.
Doxsanıncı illər, ya da ondan bir az sonrakı illər idi. Yaddaşım
aldatmırsa, ANS-də iki cavan oğlanın debatı gedirdi: biri YAP-dan
Elmar Qasımov, o biri müxalifətdən Eynulla Fətullayev... Hamının
gözü ekrana dikilmişdi, nə gizlədim, bu debatda Eynullanın qələbə
çalmasını istəyirdik. Amma o, məğlub oldu. Son dərəcə hazırcavab,
savadlı Elmarın arqumentəri qarşısında Eynulla uduzdu... "Uduzdu"
demək bəlkə də yerinə düşmür, bizim ümidlərimizi yerə vurdu.
Ulu öndər Heydər Əliyev belə şeylərə çox diqqətli idi. Elmar
Qasımovun qələbəsi öz layiqli qiymətini aldı, Prezidentin sərəncamı
ilə o, bir neçə gündən sonra təhsil nazirinin müavini təyin olundu.
Elmarın onda bəlkə heç otuz yaşı yox idi. Amma istər müxalifətdən,
istər iqtidardan olan hamı bu təyinatı təbii qarşıladı. Halal haqqı
idi. Sonra Eynullanı tutdular, niyə görə tutdular, deyə
bilmərəm...
Eynulla türmədə yatanda cəbhəçilər, müsavatçılar, hətta mənim
yan-yörəmdəki bəziləri ah-uf edir, bu "həqiqət carçısının" haqsız
yerə həbsxanalar küncünə atıldığını deyirdilər. Onu "azadlıq
mücahidi" mərtəbəsinə qaldıranlar da var idi. Təkcə ANS özünə sadiq
qalmışdı. Yadımdadır ki, bu kanalın rəhbərlərindən olan Mir Şahin
Eynulla haqqında kəskin fikirlərin yer aldığı iki hissəli "Bədbəxt
adam" filmini çəkdi.
Allah bütün dustaqların qapısını açsın, bir gün Eynulla da
azadlığa çıxdı. Və çıxan kimi ondan ötrü haray-həşir qoparanları
buynuzuna götürdü. Adam necə dəyişdisə, bir gün Eynulla ilə Mir
Şahini yan-yana oturan gördük. Yalan-gerçək hətta eşitdik ki,
Eynulla təsis etdiyi saytları atıb ANS-ə işləməyə gedir. Təkcə
ANS-ə yox, indi Eynulla çox yerə gedir. Avropanı gəzib dolaşır,
kimin, yaxud kimlərinsə var-dövlətini tapıb üzə çıxardır.
"Var-dövlət" məsələsində də Eynullanın xüsusi səriştəsi var. Necə
olsa zərgər ailəsində yaşa dolub. Sabir Rüstəmxanlı milli azadlıq
mücadiləsi aparanda Eynulla yəqin ki, uşaq olub, lap uşaq
yaşlarından tək qızılın yox, qızıl kimi MƏQAMLARIN, FÜRSƏTLƏRİN də
qədir-qiymətini öyrənə bilib.
Türmədə yatanda Eynullaya inam bəsləyənlər də onun kimi
uduzdular, öz inamlarında uduzdular. Bunlar öz yerində.
Eynulla-Sabir Rüstəmxanlı mübahisəsinə ziyalıların rəyi marağımı
çəkdi.
Elçin Şıxlının müsahibəsini oxudum. Elçin Şıxlı deyir ki, Sabir
Rüstəmxanlı 90-95-ci illərdə özü deputat seçilib, sonrakı vaxtlarda
isə icazəli seçilib: "Sabir bəy ya bunu deməyəydi, ya da icazəli
seçkiyə getməyəydi".
Necə yəni, Sabir bəy yalan danışmalı idi?
Böyük İsmayıl Şıxlının oğlu başa düşmür ki, Sabir Rüstəmxanlını
Sabir Rüstəmxanlı eləyən elə onun saysız-hesabsız əsərlərində,
poeziyasında, nəsrində, Milli Məclisdəki deputat kürsüsündə, lap
elə deputat olmadığı indiki günlərdə xalqın haqq səsinə səs verib
həqiqəti deməsidi.
Nə isə. Moskvada mənfur "Ocağ"ın təqdimatı, Azərbaycanda "Ömür
kitabı"nın müəllifi barədə iyrənc sözlər, sarsaq fikirlər,
təhqirlər. Bu çalğı hansı yerdən, hansı mənbədən hansı dirijorun
çubuğu ilə idarə olunur?! Səhv eləsək, Allah günahımızdan keçsin,
ancaq ürək də əclaf şeydir. Adamı məcbur edir ki, bəzi məsələlərdə
paralellər axtarsın.
Sözümün sonunda Eynullaya ANS-dəki o məlum və mənfur debatı bir
daha xatırlatmaq istəyirəm. Uduzduğun adam - Elmar Qasımov indi
gözəl tədris ocağının, Bakı Ali Neft Məktəbinin rektorudur.
Harvarda, Kembricə, Oksforda bərabər ali məktəbdir. Dünyanın böyük
elm adamları, akademiklər bu məktəbə gəlib institut alimlərinin
təcrübəsini öyrənirlər. Yüzdə yüz inanıram ki, Eynulla həmin
debatdakı məğlubiyyəti yadından çıxarmayıb. Elə isə mən də bir
ipucu verirəm: Elmarla haqq-hesab çəkmək pis
olmaz.
Aznyus.az