"Azərbaycan Hava Yolları" (AZAL) aşağı büdcəli
istiqamətlər üzrə uçuşlar üçün AZALJET brendinin yaradıldığını
açıqlasa da, hələ ki bilet qiymətlərinin nə qədər olacağı məlum
deyil.
ANS-in məlumatına görə, yeni brend martın
28-dən fəaliyyətə başlayacaq.
Yeni brendin əsas özəlliklərindən biri daha ucuz qiymətlər
təklif etməsidir. Ümumiyyətlə, son illərdə aşağı büdcəli
aviaşirkətlər bütün dünyada məşhurluq qazanıb.
Məlumata görə, "Vizzair", "Peqasus" və "Atlasjet"şirkətləri də
Azərbaycana uçuşlara maraq göstərir. Məsələn, martın sonunda
Macarıstanın aşağı bücəli aviaşirkəti "WizzAir" tərəfindən Bakıdan
Budapeştə uçuşlar bərpa ediləcək. Bu isə bir növ milli brend olan
AZALJET-lə rəqabət mühiti yaradacaq. Məlumdur ki, AZAL-da bilet
qiymətləri digər aviaşirkətlərlə müqayisədə müəyyən qədər bahadır.
Yeni AZALJET brendinin bilet qiymətləri isə hələlik məlum
deyil.
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay
Haqverdiyev açıqlamasında bildirib ki, AZAL digər ucuz büdəcəli
aviaşirkətlərdən daha ucuz qiymət təklif etməlidir ki, sərnişinlər
onunla səyahətə çıxmağa maraq göstərsinlər.
"Xüsusi güzəşt kompaniyaları ilə sərnişinləri Azərbaycanın yeni
brendi ilə uçmağa həvəsləndirmək olar. Məsələn, təklif ola bilər
ki, sərnişinlərin 100 dollara Bakıdan Londona uçması mümkündür.
Əgər belə güzəştlər təşkil edilərsə, o zaman insanlar yerli
aviaşirkətlərlə uçmağa həvəslənərlər. Bütün bunlar müəyyən şərtlər
daxilində həyata keçirilməlidir. Məsələn, qida və baqaj
məhdudiyyəti üçün əlavə ödəniş tələb edilə bilər", - deyə Oqtay
Haqverdiyev bildirdi.
Onun sözlərinə görə, belə güzəştlərin tətbiq edilməsi rəqabət
mühitinin yaranması ilə nəticələnər. "Bu praktika dünyanın əksər
aviaşirkətləri tərəfindən tətbiq edilir. Bir-biri ilə rəqabətə
girən şirkətlər daha ucun qiymətlər təklif etməyə məcbur olurlar.
Bu isə həm şirkətlər, həm də sərnişinlər üçün sərfəlidir. Bəzi
hallarda ucuz bilet təklif edən aviaşirkətlər kampaniyalar təşkil
edə bilirlər. Məsələn elə ola bilər ki, sərnişin 120 avroluq bileti
kampaniya keçirildiyi üçün 20 avroya əldə etsin",- deyə iqtisadçı
bildirdi.
Oqtay Haqverdiyevin sözlərinə görə, bəzi hallarda AZAL
tərəfindən xarici aviaşirkətlərin fəaliyyətinə maneələr
törədilirdi. "Məsələn, yanacağı baha qiymətə təklif edirdi. Xarici
şirkət də Azərbaycana gəlməkdən imtina edirdi. Amma hazırda rəqabət
mühitinin yaradılması üçün Azərbaycanda yeni qanun layihəsi
hazırlanır. Nəticədə, ölkədə AZAL-la bərabər həm yerli, həm də
xarici aviaşirkətlər fəaliyyət göstərə biləcək",- deyə Oqtay
Haqverdiyev vurğulayıb.
İlk "lou-kost" aviareyslər 1990-cı illərdəABŞ-da təşkil edilib.
Qonşu Türkiyə və Gürcüstanda belə ucuşlar demək olar ki, hər gün
təşkil edilir. Amma ucuz büdcəli uçuşlarda sərnişinlərin
qidalanması və 8 kiloqramlıq baqajdan artıq yükə əlavə ödəniş tələb
edilir. Həmçinin, ayın müxtəlif günləri üçün xüsusi ucuz biletlər
təklif edilir. Məsələn, Türkiyənin ucuz büdəcəli aviaşirlətlərindən
biri yalnız 22 mart tarixinə Londona 22 dollarlıq səfərlər təşkil
edir. Bundan başqa, məsələn, "WizzAir" aviaşirkəti Tiflis –
İstanbul reysi istiqamətində gediş - gəliş biletini 126 avroya (213
manat) təklif edir. Bura Bakı - Tiflis qatarı (gediş - gəliş) ilə
55 avroluq (23 manat) gediş haqqını da daxil etsək, o zaman 1
azrəbaycanlının Bakıdan İstanbula yol xərci 268 manat edir.
Amma AZAL ötən ilin mart və aprel aylarında Macarıstanın
"WizzAir" və Türkiyənin "Pegasus" şirkətlərinin Azərbaycanda
fəaliyyətini dayandırıb. Daha sonra iyulun 22-də AZAL bəyan edib
ki, "daha çox tələbat olan" İstanbul,Antalya, Dubay və Moskva
istiqamətlərində qiyməti 99 avro olan reyslər açıb. Bakı-Antalya
aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda
başlanılıb.
Belə reyslərin təşkil edilməsi həm ölkəyə yeni sərmayədarların
cəlb edilməsi, həm də turizmin inkişafı baxımından əlverişli
olardı. Çünki hər hansı xarici şirkətin Azərbaycanda fəaliyyət
göstərməsi ölkə büdcəsinə vergi daxilolmalarının artması ilə
nəticələnir. Həmçinin, ucuz aviabiletlərin təklif edilməsi ölkəyə
turist axınını artıra bilər.
Azərbaycanda qiymətlər qonşu ölkələrdən daha ucuz olmalıdır.
Çünki Azərbaycan aviasiya kerosini istehsal edən ölkədir. Biz hətta
aviasiya kerosinini bəzi ölkələrə satırıq. İndi Azərbaycanda elə
bir mexanizm yaratmaq olar ki, ətraf ölkələrin sakinləri məhz
Azərbaycan üzərindən uçmağa üstünlük versinlər.