Ana səhifə Toplum |
Dekabrın 20-də Azərbaycan Dillər Universitetində “Rus dili və ədəbiyyatı” kafedrasının açılışı olub.
Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, “Rus dili və ədəbiyyatı” kafedrasının fəaliyyətə başlaması münasibəti ilə hər kəsi təbrik edib.
Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında artan siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr özünü elmi sahədə də göstərməkdədir. Bunun bariz nümunəsi kimi ADU-da yeni açılan “Rus dili və ədəbiyyatı” kafedrasının fəaliyyətini göstərmək olar:
“Bu gün önəmli bir gündür. ADU-da yeni fəaliyyətə başlayan “Rus dili və ədəbiyyatı” kafedrası həm tələbələrimiz, həm də müəllimlərimiz üçün mühüm elmi əhəmiyyət kəsb edir. Bu kafedra Azərbaycan və Rusiya arasında mövcüd olan sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə verilən növbəti elmi töhfədir.
İnanıram ki, həm tələbələrimiz, həm də müəllimlərimiz kafedranın elmi, pedaqoji imkanlarından səmərəli şəkildə yararlanmaqla, öz elmi biliklərini və dünyagörüşlərini artırmış olacaqlar. Bu da sevindirici haldır. Belə ki, yeni elmi araşdırmalar, müasir ədəbiyyat nümunələri ilə tanış olmaq baxımından rus dili olduqca zəngin imkanlara malik bir dildir.”
Rusiyanın Azərbaycandakı səfiri Mixail Nikolayeviç Yevdokimov ADU kollektivinə və rəhbərliyinə səmimi sözlərə və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib.
Qeyd olunub ki, ADU-da fəaliyyətə başlayan “Rus dili və ədəbiyyatı” kafedrası iki ölkə arasında mövcüd olan dostluq və tərəfdaşlıq münasibətlərinə öz müsbət təsirini göstərəcəkdir.
Bildirilib ki, ADU-nun geniş elmi bazaya və yüksək hazırlıqlı peşəkar kadrlara sahib olması, onun beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur. Səfir çıxışında qeyd edib ki, “Rus dili və ədəbiyyatı” kafedrasının fəaliyyəti həm müəllimlərin, həm tələbələrin elmi və dünyagörüşü imkanlarının artırılması istiqamətində müstəsna rol oyanacaqdır.
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ADU-da fəaliyyətə başlayan “Rus dili və ədəbiyyatı” kafedrası iki ölkə arasında elmi, mədəni mübadilənin gücünü və imkanlarını artırmaq baxımında çox önəmlidir. Bu mənada ADU-da yaradılan şərait həm tələbələr, həm də müəllimlər üçün geniş elmi imkanlara yol açır.
Açılış mərasimində qonaqlara və tədbir iştirakçılarına rus mədəniyyət nümayəndələrinin təqdimatında milli musiqi nümunələri təqdim olunub.
ADU tələbələrinin ifasında “Moskva axşamları” adlı mahnı səsləndirilib.
Daha sonra qonaqlar və ADU rəhbərliyi universitetdə yeni fəaliyyətə başlayan İnklüziv Təhsil Mərkəzi ilə tanış olublar. Universitetdə yaradılan şəraitlə tanış olan tədbir iştirakçılarına mərkəzdə istifadə olunancaq müasir elmi avadanlıqların imkanları nümayiş olunub.
Tarix
2024.12.21 / 02:39
|
Müəllif
Axar.az
|