Ana səhifə Toplum |
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Axar.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başladığı elan olunub.
Dövlət ittihamçısı bildirib ki, M.Cəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə 1159 nəfərdən ayrı-ayrılıqda hərbi xidmətə yararsız və ya möhlət verilməsi üçün ümumilikdə 2 milyon 464 min manat rüşvət alıb. Bununla yanaşı, o, rəis kimi 10 nəfərdən qanunsuz olaraq rüşvət alaraq onları işlə təmin edib və ya iş yerlərini dəyişib.
Bu minvalla M.Cəlilov vətəndaşlardan 122 min manatdan çox rüşvət alıb.
Daha sonra məhkəmədə təqsirləndirilən şəxs Mirzə Cəlilov ifadə verib. O bildirib ki, 2020-ci ildə rəis təyin olunarkən muxtar respublikada fəaliyyət göstərən qurumun digər idarələrinin rəisləri ilə görüş keçirib, tapşırıqlar verib: "Ümumiyyətlə, hərbi xidmətə yararsız olanlar barədə aktları həkimlər verirdi. Mən bu müddətdə heç kimdən pul almamışam. “Əlbir olan şəxslər” deyilir, ancaq indi tək ittiham olunuram. Onların heç birini burada görmürəm. Bu, əvvəldən qoyulmuş qanun idi, hər rayon rüblük olaraq məlumat verirdi. Qeyd etdiyim kimi, ilk iclasda rayon idarə rəisləri bildirdi ki, qayda belə olub əvvəldən də. Mən ümumiyyətlə, heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə mənə gətirib verirdilər".
Mirzə Cəlilov ifadəsində bildirib ki, yığılan puldan daha sonra idarə rəislərinə də verilib:
"Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam. Qanunsuz möhlətlər həkim rəyləri əsasında verilirdi".
Məhkəmədə M.Cəlilov qanunsuz olaraq işə götürülən işçilər barədə deyib ki, onlar əvvəlcə xidmətə müraciət ediblər:
"İşə düzəlmək istəyən şəxslərin sənədləri ilə tanış olduqdan sonra sənədlər Ali Məclisə göndərilirdi. Orada təsdiqlənəndən sonra həmin şəxslər işə qəbul edilirdi".
Mirzə Cəlilov ifadəsində qeyd edib ki, o, rüşvət alan yox, rüşvət verən olub:
"Rayon rəisləri ilə görüşdən sonra lazım olan adama zəng etdim, dedi köməklik göstərin. Mən heç kimdən rüşvət almamışam, sistem belə idi. Heç kim də əlimdə rüşvət tutmayıb".
Daha sonra şahidlərin ifadələri dinlənilib. Şahidlər bildiriblər ki, M.Cəlilov rəis təyin olunandan sonra akt zalında görüş keçirib və orada alınacaq pulların miqdarını açıqlayıb. Belə ki, bir illik möhlət üçün 1800 manat, 3 illik təkrar müayinədən keçmək üçün 3000 manat, hərbi xidmətə yararsız bilet üçün isə 5000 manat ödənilməlidir. Yığılan pulların 10 faizi isə rayon şöbə rəislərinə verilirdi.
Şəhər və rayon şöbə rəislərindən A.Aqilov həmin müddət ərzində M.Cəlilova 620 min manat, Q.Şükürlü 117 min manat, H.Nacafov isə 350 min manat pul verdiklərini bildiriblər. Onlar pulları şəxsən Mirzə Cəlilovun otağında siyahı halında ona verdiklərini qeyd ediblər.
Məhkəmə növbəti iclası gələn il yanvarın 10-na təyin olunub.
Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir.
Tarix
2024.12.24 / 17:10
|
Müəllif
Axar.az
|