Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramova vəsatətlə çıxış edib.
O bildirib ki, səhhətindəki problemlə bağlı əməliyyat olunacaq, bu səbəbdən barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyir.
Aynur Bayramovanın barəsində qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə digər təqsirləndirilən Aysel Məmmədova və Nuridə Seyidova etiraz etməyiblər.
Zərərçəkmiş Mənsur Qarayev və digər zərərçəkmişlər məsələni məhkəmənin ixtiyarına buraxıblar.
Hakimlər müşavirədən sonra qərar elan ediblər. Qərara görə, Aynur Bayramovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət təmin edilməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin müalicəsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim olunmayıb.
Daha sonra zərərçəkmiş Ramin mülki iddia qaldırıb. O, 15 min dolların Nuridə Seyidova və Aysel Məmmədovadan tutulması barədə qərar qəbul edilməsini istəyib. Məhkəmə mülki iddianı icraata qəbul edib.
Daha sonra şahid qismində ifadə verən Zaur Qədirov ifadə verib. Onun sözlər görə, zərərçəkmiş yeznəsi Elnur Nuriyev və bacısı ilə birlikdə Aynur Bayramovanın yanında olub:
"Bacımın uşağı xəstə idi, əməliyyat olunmalı idi. Biz birlikdə Aynur Bayramova ilə görüşdük".
Qeyd edək ki, Elnur Nuriyev övladının əməliyyat olunması üçün Aynur Bayramovaya 12 min dollar verib.
Aynur Bayramova isə bildirib ki, pulu onun yanında Nuridə Seyidovaya veriblər.
Daha sonra şahid qismində ifadə verən Ruslan Hacıyev bildirib ki, övladı talassemiya xəstəsidir:
"Bacım dedi ki, gedək Aynur Bayramova ilə söhbıt edək. Mən də onunla getdim. Aynur dedi ki, 17 min dollar verin, uşaq əməliyyat olunsun. Biz 10 min dollar verdik. Pulun verilməsində iştirak etməmişəm".
Prosesdə hazırda ölkədə olmayan digər zərərçəkənlərin ibtidai istintaqda verdiyi ifadələr elan olunub.
Onlardan biri bildirib ki, övladı xəstə olduğu zaman ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət edib və onun üçün pul yığılmağa başlanılıb. Müəyyən qədər məbləğ yığıldıqdan sonra Aynur Bayramova verilişə zəng edərək puldan qalan 60 min dollar dəyərindəki qismini ödəyəcəyini söyləyib. Lakin Aynur və Nuridə zərərçəkəndən 20 min dollar alıb, başqa xəstənin adına köçürüblər.
Aysel Bayramova Gömrük Xəstəxanasının həkimi Mircəlal Kazımi və Tarıyel Ömərovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib.
Aynur Bayramova isə Talassemiya Mərkəzini baş həkimi Xuraman Cəfərova və mərkəzin o vaxtkı sabiq baş direktoru Valeh Hüseynovun şahid qismində dindirilməsi üçün vəsatətlə çıxış edib.
Məhkəmə hər iki vəsatəti təmin edib. Növbəti iclasda həmin şəxslərin dindirilməsi üçün onlara bildiriş göndəriləcəyi deyilib.
Növbəti proses aprelin 16-da davam edəcək.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatların ödəyəcəyini vəd edib.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbirli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.