1990-cı illərdə Robert Köçəryan, Murad Petrosyan, Manuçuryan və digərləri Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində mitinqləri təşkil edənlər və “hərəkat”ın önündə gedənlər olublar.
Axar.az xəbər verir ki, bu sözləri bu gün Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Araik Arutyunyan deyib.
O, 1988-1990-cı illərdə Xankəndidə yaşayan azərbaycanlıların evlərini necə qoyub getmələrini də xatırladığını bildirib və əlavə edib:
“Körpünün (Xəlfəliçay üzərindəki körpü – red.) partladılmasını da xatırlayıram”.
O, hansısa küçədə azərbaycanlıların evlərinin yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib. Buna baxmayaraq, təqsirləndirilən şəxs hadisələrin məhkəmədə açıqlanan miqyasda olması barədə məlumatsız olduğunu iddia edib:
“Bilmirdim ki, bu qədər qətl, zorakılıq olub. Cinayət işlərinin açılmasından da məlumatsız idim. Eşidirdim, görürdüm ki, Xankəndidə azərbaycanlıların hərəkət etmələrində, məsələn, dükandan nəsə almalarında problem var idi. Oradakı azərbaycanlıların evlərindən getmələrinə gəlincə, dəqiq budur ki, onlar bunu könüllü etməyiblər”.
Təqsirləndirilən şəxs qətllərin olmasını da təsdiqləyərək deyib:
“Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət, siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə, Qarabağda yüksək vəzifəli şəxsi öldürüblər”.
A.Arutyunyan Xankəndidə öldürülən vəzifəli şəxsin adını da açıqlayıb və əlavə edib: “Adı Valeri Qriqoryandır. Onun qətli ilə bağlı müxtəlif versiyalar var. Biri o idi ki, o, Bakıya gedərək azərbaycanlılarla görüşüb. İkinci versiya o idi ki, vəzifə üçün öldürülüb. Fakt bu idi ki, Bakıdan qayıdandan sonra öldürülüb, deməli, birinci variant daha uyğundur”.
O, dindirilmə zamanı Samvel Babayanın 2000-ci ildə Arkadi Qukasyana qarşı sui-qəsd törətməsindən də danışıb, onu məcburiyyətdən “təhlükəsizlik şurası”nın “katibi” təyin etdiyini bildirib.
A.Arutyunyan Murad Petrosyanı isə 2010-2012-ci ildən sonra tanıdığını bildirib: “Ondan əvvəl isə onun barəsində eşitmişdim. Bir neçə il əvvəl öldü. Petrosyanla bir komandada olmamışıq. O, mənə qarşı olub. Biz əks qütblərdə olmuşuq”.
Bu zaman məhkəmədə sənəd tədqiq olunub. Sənədə əsasən məlum olub ki, A.Arutyunyan M.Petrosyan ölərkən başsağlığı verib, onun barəsində xoş sözlər yazıb, fəaliyyətini yüksək qiymətləndirib.