Qalmaqallı azərbaycanlı
dustaq "Lotu Quli" ləqəbli Nadir Səlifovun səs-küylü işi davam
edir. Qanunlar onun lehinə olsa da, hələlik onun azadlıq yolu
görünmür.
Avropa.info
xəbər verir ki, Nadir Səlifov Gürcüstan vətəndaşı kimi, öz ölkəsinə
ekstradisiya olunmaq və orda azadlığa çıxmaq istəyir, ancaq onun
Tiflisə yolu bağlıdır. Gürcüstan Ədliyyə Nazirliyinin Nadir
Səlifovu Gürcüstan dövlətinin vətəndaşı kimi tanıması ilə bağlı
birmənalı qərarını əks etdirən sensasiyalı bəyanatına baxmayaraq,
Azərbaycan Ədliyyə Nazirliyi məşhur cinayətkarı ölkə vətəndaşı kimi
tanıyır.
Bundan əvvəlki məqalədə deyildiyi kimi, N.Səlifov Gürcüstan
SSR-in Dmanisi rayonunun Mamışlo kəndində anadan olub, orada da
orta təhsil alıb. 26 may 1989-cu il tarixində Gürcüstan SSR DİN
tərəfindən ona ilk qeydiyyat ünvanı ilə sovet pasportu verilib.
Təlatümlü 90-cı illərin əvvəllərində N.Səlifov dostu və
həmyerlisi Otar Bədəlovla birlikdə Bakıya köçüb və burada ilk
cinayətlərini törədib. Yeri gəlmişkən, sonradan əfsanəvi qanuni
oğru "Otar" olmuş Otar Bədəlov da Quli kimi Gürcüstanda anadan olub
və böyüyüb. Bircə fərqlə ki, Marneuli rayonunda.
Ya səhv, ya da diqqətsizlikdən Quli və Otarın uzun müddətli həbs
cəzasına məhkum olunduqları 1996-cı ilin dekabr ayında verilmiş
hökmdə Otar Bədəlov Gürcüstan, Nadir Səlifov isə Azərbaycan
vətəndaşı kimi göstərilib.
Görünür, məhkəmə Nadir Səlifovu yalnız bu səbəbdən Azərbaycan
vətəndaşı kimi qeyd edib ki, həmin vaxt o, Bakı şəhəri, Bakıxanov
qəsəbəsi (keçmiş Razin), Axundzadə küçəsi, ev 36-da qeydiyyatda
idi. Halbuki, elə həmin hökmə əsasən, O.Bədəlovun da Bakı
qeydiyyatı olub. Ola bilsin ki, məhkəmə o zaman Quli üçün taleyüklü
səhvə yol verib. Bu hakimin yeganə səhvi deyil, belə ki,
tərcümeyi-halında N.Səlifov evli kimi qələmə verilir, halbuki, o
zaman nikahda deyildi.
Həmin hökmdən savayı, bircə sənəddə belə N.Səlifovun Azərbaycan
vətəndaşlığı barədə qeyd yoxdur. Onun heç vaxt nə Azərbaycan
vətəndaşının şəxsiyyət vəsiqəsi, nə də ümumvətəndaş pasportu olub.
Onun heç ağlına da gəlmirdi ki, bu sənədlərə görə müraciət etsin,
çünki özünü tam hüquqlu Gürcüstan vətəndaşı hesab edirdi.
Qulinin Gürcüstana ekstradisiyasının əleyhinə çıxanların bircə
ipucu var – onun Bakı qeydiyyatı. Lakin Azərbaycanın Mənzil
Məcəlləsinin (köhnə redaksiyada) 62-ci maddəsinə müvafiq olaraq,
məhkum olunduqdan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatı ləğv
edilir. Yalnız məhkumluq müddəti başa çatdıqdan sonra azad edilmiş
vətəndaş məhkəmə qaydasında qeydiyyat hüququndan məhrum olması
barədə qərarın ləğvini və əvvəlki mənzilində yaşamaq hüququnu tələb
edə bilər.
Beləliklə, əvvəlki qanun hətta nəzəri cəhətdən belə Qulinin
Azərbaycan vətəndaşlığını əsas kimi göstərməklə əbədilik məhbus
saxlanılmasını tamamilə mümkünsüz edir.
Digər tərəfdən, maraqlıdır ki, bu qatı cinayətkar Azərbaycanın
nəyinə lazımdır axı? Adam 20 ildən çoxdur ki, cəza çəkir. Başqa bir
ölkəyə, həm də özünün can atdığı ölkəyə deportasiya edərək, ondan
yaxa qurtarmaq daha yaxşı olmazmı? Elə Gürcüstan özü də onu
sevincək qəbul etməyə hazırdır. Və göründüyü kimi, yalnız qəbul
etməklə kifayətlənməyib, öz vətəndaşı uğrunda mübarizənin hüquqi
imkanlarını da araşdırmaqdadır. Ələlxüsus da nəzərə alsaq ki, həmin
vətəndaş bütün cinayət əməllərini başqa bir dövlətin ərazisində
törədib.