Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Çimkəndə (Şımkent) müntəzəm uçuşlara başlayacaq.
Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk uçuş 28 iyun tarixində həyata keçiriləcək.
Bakı-Çimkənd-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Çimkəndə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Şımkent turistləri unikal memarlıq abidələri, qədim məqbərələri və gözəl parkları ilə cəlb edir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.