Aprelin 28-də Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin rəisi Rafiq Aslanov Macarıstanın Azərbaycandakı səfiri Tamas Tarmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verri ki, görüşdə xidmətin rəis müavini Tural Abbasov, səfirin attaşesi Daniel Brenner, Geogold Karpatia şirkətinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər.
Görüş zamanı əsas müzakirə mövzular sırasında yeraltı suların xəritələşdirilməsi, bu çərçivədə yeraltı sularla bağlı faktiki materialların toplanması, onların yatma dərinliyi və minerallaşma səviyyəsinə dair xəritələrin hazırlanması məsələləri diqqət mərkəzində olub. Həmçinin tədbir iştirakçılarına yerüstü və yeraltı suların idarə olunması ilə bağlı ətraflı məlumat təqdim edilib.
Tədbirin açılışında çıxış edən xidmət rəisi Rafiq Aslanov beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, müasir çağırışlara cavab vermək üçün bu sahədə geniş və səmərəli əməkdaşlıq zəruridir. O qeyd edib ki, xidmət bu istiqamətdə bir sıra strateji prioritetlər müəyyənləşdirib. Xüsusilə, yeraltı su ehtiyatlarının yenidən və daha dəqiq qiymətləndirilməsi, müşahidə və monitorinq sistemlərinin avtomatlaşdırılması, eləcə də müasir tələblərə cavab verən hidrogeoloji xəritələrin hazırlanması əsas hədəflər kimi qarşıya qoyulub. Xidmət rəisi vurğulayıb ki, bu tədbirlər yalnız xidmətin fəaliyyətinin səmərəliliyini artırmaqla kifayətlənməyəcək, eyni zamanda ölkənin su təhlükəsizliyi və ekoloji balansının qorunmasına da mühüm töhfə verəcək.
Səfir Tamas Tarma da çıxış edərək, səmimi qəbula görə təşəkkürünü bildirib və qeyd edib ki, Macarıstan suların idarə olunması sahəsində dünyada qabaqcıl ölkələrdən biridir. O, həmçinin vurğulayıb ki, Macarıstanın "Geogold Karpatia" şirkəti Bosniya və Herseqovina, Özbəkistan, Rumıniya və Tanzaniya kimi ölkələrdə mühüm layihələr həyata keçirib. Bunlara Tanzaniyanın şimalında və Rumıniyanın kəndlərində içməli su axtarışları, eləcə də Bosniya və Herseqovinada su qıtlığı olan ərazilərdə su tədqiqatları daxildir.
Şirkət nümayəndəsinin təqdimatında isə yeraltı və yerüstü su ehtiyatlarının qiymətləndirilməsi və idarə olunması, MAR texnologiyasının tətbiqi ilə yeraltı su ehtiyatlarının artırılması, quraqlığın monitorinqi sisteminin qurulması, təlim və bacarıqların artırılması istiqamətində təkliflər səsləndirilib.
Qeyd edək ki, Geogold Karpatia şirkəti 2002-ci ildən fəaliyyət göstərir və 2005-ci ildən struktur dəyişikliyi ilə hidrologiya, geologiya və geofizika sahələrində ixtisaslaşıb. Şirkət Macarıstanın Xarici Ticarət və Əlaqələr qurumu ilə sıx əməkdaşlıq edərək beynəlxalq layihələr həyata keçirir.