Bakı Apelyasiya Məhkəməsində "Oazis" restoranında
xuliqanlıq etməkdə təqsirləndirilən Bakı şəhər sakinləri Məmmədov
Camal Mahir oğlu, Abdullayev Ravid Yusif oğlu, Əsgərov Zaur Mahir
oğlu, Şəki rayon sakini Adıgözəlov Kənan Mehman oğlu, Sumqayıt
şəhər sakini Tumasov Emil Rafiq oğlu və Gürcüstan Respublikası
vətəndaşı Tomayev Azad Nizami oğlu barələrində olan hökmdən verilən
apelyasiya protesti və apelyasiya şikayəti üzrə məhkəmə başa
çatıb.
Report-un
məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm
dəyişdirilib.
Belə ki, Z.Əsgərovun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM)
221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən
əşyaları tətbiq etməklə törədildikdə) maddəsi CM-in 221.2.1-ci
(xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə)
maddəsinə tövsif edilib və o, islah işləri cəzasına məhkum
olunub.
Z.Əsgərov məhkəmə zalında azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabr ayının 2-də, gecə
saat 22:00 radələrində, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 24
ünvanında yerləşən "Oazis" restoranında baş verib. Həmin restoranda
övladının ad gününü keçirən Bakı şəhər sakini, 1987-ci il
təvəllüdlü Əsgərov Zaur Mahir oğlu onların masasında əyləşən digər
tanışı Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Tumasov Emil
Rafiq oğlunun ünvansız söyüş söyməsinə ofisiant Adıgözəlov Rəhman
Mehman oğlu kobud normada irad bildirib. Z.Əsgərovla E.Tumasov və
onların digər tanışı, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü
Abdullayev Ravid Yusif oğlu restoranda R.Adıgözəlovla mübahisə
zamanı onu döyüblər. Həmin şəxslər xidmətçinin baş nahiyəsinə
yumruq zərbələr endiriblər və onun sağlamlığına yüngül zərər
vurublar.
Bu zaman restoranda ofisiant işləyən Şəki rayon sakini, 1995-ci
il təvəllüdlü Adıgözəlov Kənan Mehman oğlu qardaşı R.Adıgözəlovun
döyülməsini görüb, hadisə yerinə yaxınlaşıb. O, burada
R.Abdullayevə xəsarət yetirərək, qardaşını həmin şəxslərin əlindən
alıb.
Daha sonra hadisə yerinə restoranda mühafizəçi vəzifəsində
çalışan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Camal
Mahir oğlu və baş inzibatçı vəzifəsində işləyən Gürcüstan
Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Tomayev Azad
Nizami oğlu gəlib. Restoran işçiləri qanlı dava zamanı qonaqlardan
E.Tumasovun sağlamlığına yüngül zərər vurublar. Hadisə yerinə
Binəqədi Rayon Polis əməkdaşları gəlib. Yaralı şəxslər xəstəxanaya
yerləşdiriliblər.
C.Məmmədov, R.Abdullayev, E.Tumasov və A.Tomayev CM 221.2.1-ci
(xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə),
K.Adıgözəlov CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma)
və Z.Əsgərov 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində
istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə
ittiham olunublar.
2015-ci ilin iyun ayında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə
C.Məmmədov, K.Adıgözəlov, R.Abdullayev 9 ay 7 gün müddətinə şərti
olaraq azadlıqdan məhrum edilib. E.Tumasovla A.Tomayevin
qazancından 20 faiz tutulmaqla 2 il müddətinə şərti olaraq islah
işləri cəzasına məhkum olunub. Məhkəmə Z.Əsgərova isə 2 il sınaq
müddəti ilə şərti cəza tətbiq edib.
Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti,
təqsirləndirilən E.Tumasov isə apellyasiya şikayəti verib. Bakı
Apellyasiya Məhkəməsində keçirilən ilkin prosesdə təqsirləndirilən
şəxslərin müdafiəçiləri məhkəmənin istintaqla aparılması barədə
vəsatət verib. Lakin hakimlər vəsatəti təmin etməyib. Vəkillər
həmin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə kassasiya
şikayətini təmin etməyib. İşə yenidən Bakı Apellyasiya Məhkəməsində
baxılan zaman Z.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib. O,
məhkəmə zalında həbs edilib.