Abşeron rayonunda olan göllər – Mehdiabad gölü, Masazır gölü və s. - əhalinin sıx yaşadığı yerlərdə yerləşdiyinə görə ərazilərdə yaranmış su kütləsinin böyük həcmi qrunt sularının hesabına formalaşır və balıqların da orada yaşaması yaxşı hal hesab olunmur.
Bunu Axar.az-a açıqlamasında ekoloq Sadiq Həsənov Mehdiabad gölündə balıqların kütləvi tələf olması barədə danışarkən deyib.
Onun sözlərinə görə, Mehdiabadda mərkəzləşdirilmiş kanalizasiya sistemi də yoxdur:
“Əhalinin böyük əksəriyyəti çirkab suların axıdılması üçün qazılmış quyulardan istifadə edir. Həmin quyularda olan çirkab sular da zaman-zaman torpaq qatlarından süzülərək gölə tökülür və müxtəlif bakteriyalar, zərərverici orqanizmlər də gölə daxil olur.
Bundan əlavə, gölə axıdılan çirkab suları və yuyucu vasitələrdən istifadə edilən sənaye suları gölü çirkləndirir və bu zaman suyun turşuluq səviyyəsi yüksəlir. Belə mühitdə də canlıların yaşaması mümkün olmur. Balıq və digər su canlıları adətən təmiz suda inkişaf edə bilirlər.
Mehdiabad kimi əhalinin sıx yerləşdiyi ərazilərdə olan göllər dövlət səviyyəsində qorunmalı və tədbirlər görülməlidir”.
Qeyd edək ki, məsələ ilə bağlı hazırda Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparır.