Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 oktyabr 2006-cı il tarixli qərarını ləğv edib.
Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakılar nəzərə alınmaqla hesablanır:
- təyyarədə çalışan sıravi heyət üzvləri, avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində helikopterlərin sıravi heyət üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin bu Qaydanın 5.12-ci bəndində göstərilən üzvləri üçün
ümumi sığorta stajı – uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünməklə;
- hava gəmiləri uçuş heyətinin qəza-xilasetmə (axtarış-xilasetmə) bölmələrinin tərkibində – işlədiyi hər bir ilə görə il yarım sığorta stajı;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv edilənədək həmin qurumun idman aviasiya təşkilatlarının uçuş heyəti vəzifələrində – bir il işə görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar uçuş hazırlığının tədris planını yerinə yetirmiş olsunlar. Bir il ərzində mürəkkəb və ya ali pilotaj elementlərinin yerinə yetirilməsinə görə – iki il sığorta stajı;
- paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə helikopterdən asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qruplarının bir illik işinə görə il yarım sığorta stajı, bu şərtlə ki, onlar porşenli təyyarələrdən, helikopterlərdən, ən azı 10 metr hündürlükdə olan helikopterlərdən xüsusi enən (qalxan) qurğulardan illik tullanma normasını yerinə yetirmiş olsunlar. Reaktiv təyyarə və helikopterlərdən illik tullanma norması bir il ərzində yerinə yetirildikdə isə iki il sığorta stajı;
- imtiyazlı sığorta stajının hesablanması şərtləri yerinə yetirilmədikdə bu Qaydanın 4.2.3-cü və 4.2.4-cü yarımbəndlərinə uyğun olaraq bir illik işə görə – bir il
sığorta stajı;
- Silahlı qüvvələrin uçuş heyəti vəzifələrində və uçuş-sınaq heyətində xidmət müddəti (müvafiq olaraq hərbi qulluqçular və uçuş-sınaq heyəti üçün müəyyən edilmiş qaydada);
- məcburi dövlət sosial sığorta haqları ödənilməklə xarici mülki aviasiyanın uçuş heyəti vəzifələrində xaricdəki iş müddəti (müvafiq uçuş işləri üçün bu Qaydanın
4.2.1 – 4.2.4-cü yarımbəndləri ilə müəyyən edilmiş qaydada);
- ali və orta aviasiya tədris müəssisələrinin əyani şöbələrindəki təhsil müddəti (faktiki davamiyyət üzrə).