Yekaterinburq şəhərində Rusiyanın güc strukturlarının qətlə yetirdiyi qardaşlarımın Bakıya gətirilmiş cəsədlərinin tanınması üçün dəvət olunduğum və iştirak etdiyim məhkəmə tibb ekspertizası zamanı gördüyüm mənzərə məni dəhşətə gətirdi.
Axar.az xəbər verir ki, bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.
“Onların bədənindəki çoxsaylı ölümcül işgəncə izləri Rusiya tərəfinin qardaşlarımın ölüm səbəbi barədə uydurub yaydığı xəbərin tamamilə cəfəngiyyat olduğunu danılmaz şəkildə sübut edir”, - o əlavə edib.
Qeyd edək ki, Yekaterinqburq şəhərində OMON-un döyüb öldürdüyü Səfərov qardaşlarının meyiti ötən gün Azərbaycana gətirilib və məhkəmə tibb ekspertizasından keçirilib.