Dünən Milli Məclisdə 1918-ci ilin may ayı Azərbaycanı
xilas etməyə gələrkən Nuru Paşanın Gəncədə qonaq qaldığı evlə bağlı
məsələni gündəmə gətirdik. Əli Hüseynoğlunun evində bu böyük
qəhrəman bir neçə gün qonaq qalmış, sonradan bu köhnə ev uçurulub
yerində yenisi tikilən zaman oğlu Fizuli bəy daşların arasında
gizlədilmiş Osmanlı bayrağının bir parçasını tapmışdı.
Xatırlayırsınızsa, bu parçanın şəkli FB-də paylaşılmışdı. Al
örtük üzərində bir ay və bir ulduz tarixin o anlarını bir daha
yaşadır insana. Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlunun
ötən həftə Gəncəyə səfərində bu evi ziyarət etməyi, açığı, məni
xeyli duyğulandırmışdı. Təklif etdim ki, bu evin qarşısında diqqət
çəkən böyüklükdə və formada bir xatirə lövhəsi vurulsun və insanlar
buradan keçərkən bu böyük qəhrəmanı bir daha xatırlayıb ruhuna
Fatihə oxusunlar.
Xocalı ilə bağlı gündə nədən bunu yazıram? Diqqət etdim ki,
sosial şəbəkələrdə Zori Balayanın Xocalıda törədilən və özünün
törətdiyi vəhşilik barədə kitabından epizodlar paylaşılır.
Xatırladım ki, çeçenlər bir çeçen qızına təcavüz etmiş və məhkəməyə
çıxarılmış cinayətkar rus zabitini hamının gözü önündə necə tapıb
güllələdilər. Xatırladım ki, yəhudilər İkinci Dünya Müharibəsində
onlara faciələr yaşatmış şəxsləri 30 il sonra da dünyanın fərqli
yerlərində tapıb qisaslarını aldılar. Yaxşı, Köçəryana, Sarkisyana
əlimiz çatmadı, sıradan bir Zori Balayandan da bir kimsəmiz çıxıb
dərisini soyduğu azərbaycanlı uşağın qisasını ala bilmədi?!
Bizdə ən çox satılan kitablar kriminal avtoritetlərin həyatı ilə
bağlı olur. Çoxları xəyalən Sanka Zver, Polad Ələmdar olaraq
maraqlı yuxular görürlər. Onlar da çox vaxt Rusiyanın hansısa
köşəsində tapdıqları biznesdə parlayan azərbaycanlıları öldürməklə
nüfuz sahibinə çevrilirlər. Siz eşitdinizmi heç olmazsa kriminal
aləmdən hansısa biri bu milli qisası yerinə yetirmək düşüncəsini
daşısın, orda-burda "cihad" adı ilə ölümə gedən birisi azərbaycanlı
uşağın qatilini öldürmək barədə düşünsün?
Nədənsə belə bir ifadə gəldi beynimə:
QATİLİNDƏN QİSAS ALA BİLMƏYƏN XALQ QƏHRƏMANINA DA DƏYƏR VERƏ
BİLMƏZ!