Ukraynada hakimiyyət dəyişikliyinə Rusiyanın gözlənilən
reaksiyası özünü çox gözlətmədi. Ruslar ənənələrinə sadiq qalaraq
Ukraynaya qarşı etnik separatizm kartını işə saldılar. Krımda etnik
rusların mərkəzdən qaçmaya təşviq edilməsi onu göstərir ki, Rusiya
Ukraynanı ərazi ilə təhdid edir. Bununla bağlı Gürcüstanın keçmiş
prezidenti Saakaşvilinin fikirləri maraqlı görünür.
Sabiq prezident bildirib ki, Rusiyanın məqsədi cənubi Osetiyadan
başlayaraq Abxaziya, Krım, Odessa və Dnestryanı ərazilərə qədər öz
nəzarətinə almaqdır. O, hesab edir ki, Kreml məhz zorakı hərbi
müdaxilə yolu ilə öz məqsədini gerçəkləşdirməyə çalışacaq.
Bu gün alınan xəbərlər Saakaşvilinin fikirlərinin heçə
dəyanmadığını göstərir. Artıq Krım Parlamenti və Nazirlər Soveti
Rusiyaya aid 120 nəfərlik hərbi qruplaşma tərəfindən ələ keçirilib.
Onlar binadan Rusiya bayrağını da asıblar. Hətta Krımın statusunun
müəyyən edilməsi ilə bağlı referendum keçirilməsini də tələb
etdikləri barədə xəbərlər yayılıb. Bu hadisələrin fonundasa
dünəndən başlayaraq artıq yerli tatarlarla ruslar arasında
qarşıdurmalar baş verir.
Bu qarşıdurmalar zamanı 30-a yaxın insanın yaralanması onu
göstərir ki, Moskva Krımda münaqişəli vəziyyət yaradıb hərbi
müdaxilə üçün zəmin yaratmağa çalışır. Krımda yaşayan rusların
təhlükəsizliyini təmin etmək bəhanəsi ilə müdaxilə planının olması
şübhə doğurmur. Artıq Rusiya zirehli texnikasının bu ərazilərdə
görünməsi ilə bağlı məlumlar var. Demək, Rusiya vaxtı ilə
Gürcüstanda etdiyi kimi, bu ölkənin də ərazilərini işğal etməklə
cəzalandırmağa çalışır.
Ancaq bu baş verərsə, Rusiya bu dəfə çox ciddi problemlərlə
üzləşə bilər. Gürcüstandan fərqli olaraq Ukraynanın hərbi
potensialı Rus müdaxiləsinə qarşı daha effektiv müqavimət göstərmək
imkanındadır. Digər tərəfdənsə Ukrayna Rusiyanın qarşısında tək
deyil, Avropa və Amerika birmənalı olaraq bu ölkəni dəstəkləyir.
Artıq ABŞ dövlət katibi Con Kerri Rusiyaya Krımla bağlı xəbərdarlıq
ünvanlayıb. Bu isə o deməkdir ki, Ukraynaya göstəriləcək dəstək heç
də iqtisadi və hərbi yardımla məhdudlaşmayacaq. Qərb Rusiyaya qarşı
çox ciddi təzyiq və siyasi təcrid planlarını işə sala bilər. İlk
növbədə Rusiya qazının Avropa Birliyi tərəfindən alınmasından
imtina edilərsə, Rusiya iqtisadiyyatı ciddi böhrana məruz qala
bilər. Bir çox vacib sahələrdə Rusiya ilə ticarətə embarqonun
qoyulması məsələsi də gündəmə gələ bilr. Eyni zamanda Rusiyanın
böyük səkkizlər qrupundan çıxarılması və siyasi təcrid vəziyyətinə
salınması Qərbin əlində çox təsirli təzyiq mexanizmi sayılır.
Bundan əlavə Xarkov anlaşması əsasında Rusiyanın Qara dəniz
donanmasına tanınmış hüquqlarının qüvvədən düşməsi beynəlxalq
sulara çıxma imkanını məhdudlaşdıracaq.
Unutmaq olmaz ki, Rusiyanın özü də çox millətli br dövlətdir və
paralel olaraq Rusiyanın daxilində də etnik zəmində mərkəzdənqaçma
meyillərinin dəstəklənməsi məsələsi gündəmə gələ bilər.
Bütün bunları nəzərə alaraq Rusiyanın Krıma hərbi müdaxiləsinin
Napaleonun Moskvaya müdaxiləsi ilə eyni sonluğu doğuracağını,
böhrana yol açacağını demək olar.