Mirzə Ələkbər Sabir bir vaxtlar özünə əməlli-başlı dərd
etmişdi ki, əcnəbilər göydə balonlarda gəzir, bizsə hələ avtomobil
minmirik. Amma indi, ilin–günün bu vaxtı baxıb görürsən ki, Sabirin
rahatsız olmasına heç gərək yoxmuş... Allaha şükür avtomobil də
minirik, hələ üstəlik onu göydə balon kimi də xəyal
edirik.
Yerdə sürülmək üçün nəzərdə tutulan avtomobili kosmik sürətlə
sürüb, sanki göyə çıxmağa çalışan "qəhrəmanlarımız" var
maşallah!
Son vaxtlar mətbuatda bir-birinin dalınca məmur balalarının
"avtoşluq" sevdası haqqında xəbərlər eşidirik. Sən demə, bahalı
maşınlarda adi sürətlə getmək daha bu balalara bəs etmir, onlar
yerdə sürülmək üçün nəzərdə tutulan maşınlara qanad taxmaq
istəyirlər, bu da alınmayanda onu elə bir sürətlə sürürlər ki,
maşının təkərləri yerdən üzülür.
Bir vaxtlar maşın sürən əcnəbiyə həsəd aparan Sabirin açığına
indi nəinki maşını sürürük, hətta onu təyyarə kimi də istifadə
etməyə qalxırıq. Və beləcə, dünyaya da, Sabirə də sübut etmiş
oluruq ki, biz cahil-filan deyilik, əməllicə inkişaf etmişik.
Özü də hər sahədə...
Məmur balalarını niyə tənqid edirik, bilmirəm, nə pis iş
görürlər ki... Hətta onlara təşəkkür belə düşür. Çünki Sabirin
rahatsızlığını aradan qaldırıblar. Digər tərəfdən də axı bu
yazıqlar gənclik enerjisini bir yerə xərcləməlidirlər, ya yox! İndi
deyirsiniz ki, bunlar belə cavan vaxtlarında vətən, millət
düşünsünlər, ya da ciddi-ciddi oturub elmlə, mədəniyyətlə məşğul
olsunlar. Heç belə də iş olarmı?
Nələrinə lazımdır bunlar, adam niyə elm öyrənir, yaxşı iş tapmaq
üçün, yaxşı işi nə edir, yaxı pul qazanmaq üçün. Bunlarınsa yaxşı
ataları var, əvəzlərinə də yaxşı pul qazanır. İndi bunların pulu və
yaxşı ataları varsa, onları qınamalıyıqmı?!
Yox, vallah, bu əməllicə paxıllıq etməkdir.
Paxıllıq edirik ki, onların heç bir problemi yox, toxdurlar, nə
istəyirlərsə, anında əldə edirlər. Belə yaşamaq olar, adamın
sıxılmaqdan bağrı çatlayar. Bir adam ki, hər gün qalxanda dərd
çəkmədi, nə yeyəcəyini, övladlarının gözünə necə baxacağını,
xəstədirsə, hansı pula dərman alacağını düşünmədisə, onun
darıxmaqdan bağrı çatlayar axı...
İnsan ki, bütün günü əlləşib-vuruşmadı, nə etsin, darıxmaqdan,
toxluqdan canını necə qurtarsın? Axı biz onlardan tələb edə
bilmərik ki, pulunuz varsa, bir uşaq evi açdırın. Kasıba əl tutun,
yoxsulu sevindirin, ya da ən pis halda bir tələbənin təhsil pulunu
ödəyin. Edə bilərikmi, yox, adama deməzlərmi ki, sənə nə mənim
pulumdan, xalqın pulu deyil ki, atamın halal yolla qazandığıdır,
necə istəyirəmsə, elə də xərcləyirəm.
Ya da mədəni şəkildə həyəcan yaşamağın yollarını öyrədək bəlkə
bu gənclərə? Məsələn, deyək ki, həyəcan yaşamaq istəyirsən, get
Afrikaya, Misirə, dünyanı öyrən, müxtəlif insanlarla tanış ol,
nələrisə bilməyə çalış.
Ya da enerjini elm öyrənməyə sərf et.
Beləmi deyək? Olmur axı, biz bu gəncləri qorumağa çalışmalıyıq,
çünki onlar məmur atalarının idarəetmə təcrübəsini yaxşı öyrəniblər
və Azərbaycanın gələcəyi də bu gəncliyin əlindədir.
Yoxsa istəyirsiniz ki, gələcəyimiz elmli, mədəni, rüşvət almağı
bacarmayan, "avtoşluq" etməyənlərin əlində olsun da, ermənilər bizi
lağa qoysunlar ki, əfəl millətik?!
İndi deyirsiniz ki, "Aldanmış Kəvakib"dəki kimi Yusif Sərrac
gəlsin, daha kəsilmiş baş, asılmış adam görməyək? Əstəğfirullah,
bunlar nə idi dilimə gəldi? Demək istəyirəm ki, hər gün qəzetləri,
saytları açıb "avtoşluq" edən, həyəcan yaşayan gəncliyimizi
görməyək.