Yuxarı

Artıq ölə bilərəmmi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanrım, bir qurtumluq həyatım olsaydı...

Tanrı ona bir qurtumluq həyat verdi və bu qurtum düz 86 il sürdü…

Dünyanın tanıdığı və oxuduğu, bu gün ölümünə təəssüfləndiyi bir insan köçdü… Düz "Yüz ilin tənhalığı"nı yaşayan bir yazar… İnsanların xoşbəxtliyi görə bilmədiyini, özünü nələrdən məhrum etdiyini, bit tutam günəşdə isinməyin gözəlliyini anlayıb bu nəşəni hamı ilə paylaşmağa çalışan Markes…

Dünya bu gün Markesin ölümünə kədərlənir. Hər halda bütün qəzetlər onun ölümünü baş xəbər edir və kədərləndiyini bildirir. Bəlkə də bu bir vida borcudur, kimsə də kədərlənmir? İnsanlardan çox şey öyrənən yazar görəsən indi bu kədəri hiss edə bilsəydi, onun mahiyyətini anlaya, həqiqət olub-olmadığını öyrənə bilərdimi?

Eynən xoşbəxtliyin nə olduğunu öyrənə bildiyi kimi…

Bu dünyada Markes bir imza qoydu. Dünya durduqca, insanlıq az da olsa, sözün əhəmiyyətini anlamaqdan vaz keçmədikcə bu imza duracaq. Ağır, ən adi həqiqətləri insan ruhunun süzgəcindən keçəndə qəlizləşdiyini mahircəsinə qələmə alan yazar böyük əsərlər qoyub getdi.

Bəs görəsən ruhunda nə apardı Markes?

Bəlkə heç kədərlənməyə dəyməz?! Markes qorxusuz, acı hiss etmədən, ruhunun təmizliyi və günahsılığından arxayın getdi burdan?! Axı o ruhundakı nifrət və kini buzlar üzərinə çəkib günəşin çıxmasını gözləyəcək qədər müdrikləşib təmizlənmişdi.

Ya da ən azından kinin insan qəlbinə və ruhuna yük olduğunu anlamışdı.

Vida məktubu yazdı insanlığa… Və bildirdi ki, insanlardan çox şey öyrənib. Amma ömrünün son illərində öyrəndiklərini daha yaza bilmirdi. Eynən sevmək istəyən bir qəlbin birini, nəyisə tapa bilmədiyi kimi… Yazarın da xəstəliyi onunla yazmaq istədikləri arasına sədd çəkmişdi. Ancaq vida məktubu yaza bildi, çünki özünü, öyrəndiklərini, insanlara sevgisini anlatmaqdan doymamışdı yazar…

"Bütün insanların - xoşbəxtliyin həqiqəti görməkdən keçdiyini bilmədən - dağların zirvəsində yaşamaq istədiyini öyrənmiş" biri üçün yaza bilməmək dərdi vardı.

Amma hərdən nədənsə mənə elə gəlirdi ki, Markes yorulub, insanlardan, dünyadan, hətta sözdən belə… Sadəcə, xoşbəxt olmaq istəyirdi, dağların zirvəsini, yaxaladığı şöhrəti-filanı da istəmirdi, sevmək və yaşamaq istəyirdi. Ən sadə paltarları geyinib, sevdiyi insanlara "səni sevirəm" deməyi yubatmadan yaşamaq…

Çünki öyrəndiklərinin bir işə yaramadığını anlamışdı və o öyrəndiklərini bir çantaya qoyub kilidləmişdi. Əcaba nədən? Əcab diktatorların payızını, yüz ilin tənhalığını anladan yazar nədən o qərara gəldi ki, anladıqlarının bir faydası yoxdur.

Bəlkə də zorun qarşısında acız qalan sözün gücünə, sehrinə inamını itirmişdi?!

Axı dünya sözün arxasınca yox, zorun, gücün arxasında getdi. Axı dünya ədəbiyyatın yer üzünə doğmaq istədiyi gözəlliyi qarşılayıb böyütmək istəmədi, daima onu qeyri-qanuni doğulmuş uşaq kimi aşağılayıb əzməyə çalışdı.

Üzündəki qırışlara baxıb rahatsız olan insan ruhunun necə donqarlaşıb eybəcər hala gəlməsinə az da olsa əndişələnmədi. İnsan ruhu qırışdıqca, nimdaşlaşdıqca üzü, siması cavanlaşdı.

Markes də bunları anladı.

Dünyanın böyük söz zərgərləri kimi…

Anlamasaydı, bir patriarxın payıza düşməsini yaza bilməzdi.

Duymasaydı… Yüz ilin tənhalığının acısını qələmində yaşada bilməzdi…

İnsanın cisimlə deyil, ruhda varoluşunu öyrənmişdi.

Öyrənməsəydi, "Dünyanın ən gözəl ölüsü"nü yaza bilməzdi.

Bütün bunlardan sonra onu sevənlərin, tanıyanların, hətta sevməyənlərin ürəyinə belə bir qeyd yazıb getdi… Adi və adi olan həqiqəti…

"Şokoladlı dondurmanın dadından zövq almağı öyrənin"…

Markes bizdən ölüb-ölə bilməyəcəyini soruşdu. Görəsən ölə bilmək haqqında necə belə sadə və sakit şəkildə soruşa bilirdi?

Bəlkə ona görə ki, ölməyəcəyindən əmindi!?.

Tarix
2014.04.18 / 18:36
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla