Ana səhifə Yazarlar |
Rusiya yeni qanun hazırlayıb. Rus vətəndaşlığını qəbul etmək istəyən hər kəsin bircə rus dilini bilməsi lazımdır, başqa heç nə... Rus dilindən müsabiqədən keçib, sonra bu ölkənin vətəndaşı olmaq üçün onun ərazisində yaşamaq da şərt deyil. Keçmiş Sovet İttifaqının vətəndaşı olan hər kəs bu qanundan yararlana bilər.
İndi bu nə deməkdir?
Əslində, bu qanunun arxasında nə dayanır, niyə Rusiya hamıya belə səxavətlə qucaq açır, bəllidir. Hər zaman hansısa bir ölkədə beş-on rus yaşayırsa, orda bir çaxnaşma yaradan, ya da bir qarışıqlıq olan kimi, oradakı "rusların hüquqlarını müdafiə" etmək üçün tankını, topunu qoltuğuna vurub baryer gözləmədən, heç bir bəhanə belə uydurmağa çalışmadan birbaşa işğalçılıq iştahını işə salan Rusiya indi də guya ki, öz vətəndaşının haqqını qorumaq üçün münbit mühit yaradır.
Artıq bu qanundan sonra Ermənistan mətbuatında politoloqların proqnozları yer alıb. Qarabağı qorumağın yolunu məhz oradakı ermənilərin bu qanundan yararlanmasında görən başbilənlər qanunun mürəkkəbi quruyar-qurumaz ermənilərin Rusiya vətəndaşı olması üçün qolunu çırmayıb.
Qarabağda Rusiya vətəndaşlığı almış erməniləri bundan sonra Rusiya özününkü kimi qoruyacaq. Bu da o deməkdir ki, bu şərtlər çərçivəsində Qarabağın Azərbaycana qaytarılması səhrada susuz adamın gözünə görünən ilğım qədər xəyali bir şey olacaq.
Bunlar bəlli...
Yaxşı, bəs bu qanun orta statistik Azərbaycan vətəndaşına necə təsir edəcək?
Nə yazıq ki, biz indi də sovet dövrünün nostaljisi ilə yaşayan
çox sayda insanımızın bu qanundan yararlanmayacağından əmin
deyilik. Ən azı Azərbaycanın kosmopolit və hər zaman ancaq komfort
axtaran, başqa heç bir şeyi nəzərə almaq üçün özünə zəhmət verməyən
insanları sabah Rusiyanın Azərbaycana müdaxilə etməsi üçün zəmin
yaradacaq vətəndaşlığını geri çevirəcək qədər siyasi şüura sahib
deyillər.
Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlıdan danışmağa dəyməz.
Artıq oraları özünün ikinci, ya da bəlkə çörəyi və əyləncəsi ordan
çıxdığı üçün hətta birinci vətəni sayanlar yəqin ki, bu qanundan
əməllicə istifadə edəcəklər.
Amma bu, hələ harasıdır?
Dərd ondadır ki, şimal bölgəsini əməllicə Rusiya tankının qarşısına çıxarır bu qanun... Çünki əhalisinin böyük qismi rus dilində danışan bölgə insanları demək olar ki, Bakıdan çox Moskvaya bağlıdır. Bakıda iş tapa bilməyən Rusiyaya üz tutur, onu və əlindəki məhsulu Bakıya gətirən yolda isə polis əngəli ilə qarşılaşan vətəndaş yenidən üzünü Rusiyaya çevirir.
Ümidini Bakıdan üzmüş insanlar o ümidi ölkə sərhədlərinin digər tərəfində axtarır.
İndiki halda Rusiyada yeni qəbul olunan qanun problemlər və yoxsulluğun məngənəsində boğulan insana nəfəs verəcək. Yorulub əldən düşmüş, məhsulunu belə rahatlıqla bazara çıxara bilməyən, öz ölkəsində iş tapmayan biri Rusiyada bunun təminatını əldə edəcəksə, niyə axı öz həyatını yüngülləşdirməsin? Axı sadə vətəndaş siyasətçi kimi düşünməyə borclu da deyil.
Amma siyasətçilər sadə vətəndaşın həyatını və psixologiyasını düşünmək zorundadır. Sadə vətəndaş ölkə mənafeyi düşünə bilmirsə, yanlışa gedəcəksə, onu bu səhvə aparacaq yolları dövlət qapamalıdır. Azərbaycan insanının siyasi şüuru bu qanunun arxasında duran tələni anlamağa qadir deyilsə, dövlət özünü qarantiya altına alıb vətəndaşının başqa ölkədən gözlədiyi ümidi kəsməlidir.
Təbii ki, özünün siyasəti ilə.
Tarix
2014.04.22 / 09:00
|
Müəllif
Zümrüd Yağmur
|