Türkiyədə Soma kömür mədənində baş verən partlayış
nəticəsində 300-ə yaxın insanın həyatını itirməsi xəbəri bütün
dünyanın diqqət mərkəzinə gəldi. Faciənin miqyası o qədər böyükdür
ki, təkcə siyasilər nəzakət xətrinə başsağlığı vermədi, hətta
dünyanın tanınmış müğənniləri, insanları belə sosial şəbəkələrdə
Türkiyədəki faciə barəsində yazdı.
Azərbaycan və Türkiyə mətbuatında da "Başın sağ olsun, Türkiyə"
adı altında çox sayda yazılar gedir. Sosial şəbəkələrdə həm
Azərbaycandan, həm də Türkiyədən yazılan statusların çoxu bu
faciəyə aiddir.
Türkiyə tez-tez belə faciələr yaşayır. Dünənsə Türkiyənin Baş
naziri Ərdoğan verdiyi açıqlama ilə bu faciənin üstünə sanki benzin
tökdü. Onun "dilimizdə iş qəzası deyilən bir söz var" deməsi
Türkiyədə böyük etiraza səbəb oldu. Baş nazirin belə soyuqqanlı
şəkildə danışması və iş qəzasının ardından 300 nəfərin ölməsinə,
minlərlə insanın acısına belə yanaşması təbii ki, anlaşılan
deyil.
Bu sözləri deyən Ərdoğan yəqin onu da bilir ki, dövlətin
fəhlənin haqqını qorumaq, onun həyatını təminat altına almaq kimi
vəzifəsi də var. Bəs görəsən niyə hər il baş verən qəzaların
qarşısını almaq üçün bir tədbir görülmür?
Bu faciə də tarixə keçəcək, geriyə ölənlərin yaxınlarının acısı
və yetimlərin ahı qalacaq. Bir də yeni ola biləcək faciələrin
qorxusu...
Amma görəsən bu faciədən sonra Türkiyə hökuməti daha bir qəzanın
olmaması üçün nəsə edəcəkmi? Belə faciələrin olmaması üçün qərarlar
verəcək, yoxsa "iş qəzası" deyib, üstündən də "şeytana lənət"
deyib, heç nə olmamış kimi davam edəcək?
Axı lənətlik varlığı öz məsuliyyətsizliyinlə dəvət edəndən sonra
buna "yazıq şeytan" nə etsin?!
Türkiyə iqtidarı son illərdə əldə etdiyi uğurlardan sonra özünü
tənzimləyə bilmir, artıq Ərdoğan haqqında Avropada nə təəssüf ki,
diktator təsəvvürü formalaşır. Son bələdiyyə seçkilərində qazandığı
uğur indi Ərdoğanın başını elə gicəlləndirib ki, özünü şah kimi
hiss edir. Çünki Baş nazirin müşaviri vətəndaşı döyməz, amma şahın
əyanı adam da döyər, hətta onun ölüm fərmanını da verər - necə ki,
keçən gün Ərdoğana etiraz edənlərdən birini Baş nazirin müşaviri
döydü.
Bütün bunları göz önünə alıb baş verən faciədən çox, Türkiyəni
indi idarə edənlərin zehniyyətindəki diktatura viruslarından daha
çox ehtiyatlanmaq lazımdır. Türkiyənin başı Somadakı faciədən sağ
çıxacaq. Amma bu gün Türkiyə iqtidarının yürütdüyü siyasətdən
Türkiyə və onun cümhuriyyət dəyərləri sağ çıxacaqmı, bax, bunu
demək çox çətindir.
Bütün müsəlman dünyasının ümidlə baxdığı bir ölkədə indi baş
verənlər təkcə iqtidarın güclü olması ilə bağlı deyil. Həm də
müxalifətin zəifliyindəndir.
Ərdoğan güclü liderdir, onun qarşısına zəif liderlər çıxaran
müxalifətin zəifliyi iqtidarı böyüdür.
Çox zaman ölkələrdə diktatura quran rejimlər zor və polislə
ölkəni bu qanunlara tabe edir. Türkiyədəsə durum fərqlidir və
Ərdoğan zor və polislə deyil, öz güclü siyasəti və liderliyi ilə
hər şeyi nəzarətdə saxlamağı bacarır.
O üzdən də Türkiyənin indiki durumda başının sağ olması üçün
Ərdoğan özünə alternativ görməlidir ki, elə türklərin təbirincə
desək, "ayağını bir az dəng alsın".