Biz guya öz aləmimizdə ermənilərin saxta təbliğatına
qarşı mübarizə aparırıq. Necə?! Məsələn, hər il Xocalı faciəsi günü
beş-on ölkədə olan səfirliyimizdə təbdir keçiririk, sonra yerli
TV-lərdə Xocalı ilə bağlı vay-şivən qoparıb ağlayırıq, dünyanın
hansısa hüquq təşkilatlarına göstərmədiyimiz tarixi faktları oxuyub
bir günü yola verərək işimizi bitmiş hesab edirik.
Beləcə, oluruq vətənpərvər!
Amma vallah, bunun adı vətənpərvərlik deyil,
vətənşivənlikdir...
Çünki biz nə vətən dediyimiz yeri qoruya bilirik, nə də onu
qorumaq istəyənləri qorumağı bacarırıq.
Ermənilər onların haqqını müdafiə edən "Daş yuxular" əsərini düşmən
hesab etdikləri ölkənin yazarının qələmindən çıxmasına baxmayaraq,
Nobelə təqdim etdilər. Niyə, çünki bu əsər onların işinə
yarayırdı.
Amma Rusiyadakı səfirlikdən Rus tarixçisinin Qarabağ həqiqətləri və
ermənilərin saxtakarlığı ilə bağlı yazdığı kitabın təqdimatına
kimsə qatılmadı, kimsə bu əsərin müəllifi Oleq Kuznetsovun işini
təqdir etmək bir yana dursun, lazımlı belə saymadı.
Hələ iştirak etmək nədir, hətta bunun səbəbini soruşmaq üçün
səfirliyə zəng edəndə "səfirin təlimatı var ki, bu tədbirə kimsə
qatılmasın" deyə cavab veriblər.
Bəlkə düşünək ki, Polad Bülbüloğlu, musiqiçidir, siyasətçi
deyil, ona görə belə bir kitabın əhəmiyyətini anlaya bilməyib?
Ya da bəlkə özümüzü aldadaq ki, olanların hamısı təsadüfdür?
Məncə, həqiqətlə baş-başa qalsaq, daha yaxşı olar. Əgər əzab
çəkiriksə, onsuz da çəkirik, heç olmasa həqiqətlərin əzabını
çəkək.
Bu həqiqətsə ondan ibarətdir ki, erməniləri saxtakarlıqda,
yalançı xəbərlər yaymaqda günahlandırırıq, amma əslində, biz
işləmirik. Ermənilər yalanla bizdən daha yaxşı təbliğat qurursa,
onun günahı deyil bu, bizim vecsizliyimiz, laqeydliyimizdir.
Erməniləri saxtakarlıqda günahlandırmaq yerinə özümüzü
laqeydlikdə və tənbəllikdə, biveclikdə qınasaydıq, indi yəqin ki,
bir çox naqislikdən xilas ola bilərdik.
Zülm olunan zülmə dözürsə, demək ki, zülmü haqq edir.
İndi biz də saxta təbliğatın qarşısında acış qalmışıqsa, demək
ki, bacarıqsızlığımızla bu acizliyi haqq edirik.
Gəlin, bir anlığa təsəvvür edək ki, bir yabançı alim ermənilərin
həqiqət hesab etdiklərindən kitab yazır?! Nə baş verdiyini təsəvvür
etmək üçün dərin təhlillərə lüzum yoxdur. O alimi əl üstündə
gəzdirəcək ermənilərin qarşısında biz də bir kitabın təqdimatına
qatılmırıqsa, ermənilər nə etsin?
O işini görəndə məgər bizim əl-qolumuzu bağlayır?
Vallah, biz Qarabağda döyüşlərdə uduzmaqda özümüz günahkar
olduğumuz kimi, elə təbliğatda da uduzmağımızda günahkar
bizik...
Sadəcə, erməniləri günah keçisi düzəldib bivecliyimizi bunun
arxasında gizlətməyə çalışırıq.
Hər ölkədə təmsilçiliyimiz olanlar görəsən Qarabağ adına daha
çox iş görürlər, yoxsa şəxsi biznesləri üçün?
Sözün qısası, Polad Bülbüloğlu müğənnidir deyib keçməyək.
Vallah, bu millətin müğənnisi siyasətçi ola bilir, siyasətçisi
də müğənni... Amma gərək bu dəyişmə, çevrilmə üçün mütləq "şəxsi
maraq" deyilən zəhər ortada olsun. Şəxsi maraq olandan sonra bu
ölkədə özünə gün ağlamaq üçün kim nəyə desən çevrilə bilir.
Nə deyim, görünür ancaq özünə gün "ağlayanlar"ın ağlamaqdan
gözləri tutulub ki, həqiqətləri görə bilmirlər.