"Külək yarpaqları astadan xışıldatdı. Həsən ağanın uzun
saqqalı ehmalca tərpəndi. Göz yaşı içində atasının böyrünə qısılan
Söhrab, Alan, bir də Həsən ağa elə bil sahildə heykəlləşdilər. Kür
isə yenə həmişəki kimi gah meşəyə doğru burulub axır, gah
çiləkənlərin üstündən aşır, gah da yarğanlara, qolpunlara
çırpılırdı. Elə bil dünyada heç nə olmamışdı".
***
Son romanının (İsmayıl Şıxlının "Ölən dünyam" romanı) bu son
sətirlərini hər dəfə oxuyanda qəhər məni boğur. Bu dəfə də eyni şey
baş verdi. Onun iş otağında, onun yazı masası arxasında, onun
gülümsəyən çöhrəli portretini görə-görə yazıram indi
oxuduqlarınızı. Qonşu otaqdansa onun adını daşıyan nəvəm İsmayılın
gülüşü gəlir. Bizə qonaq gəlib…
***
Ölümündən düz 21 il ötür… Elə bil dünəndi…
***
Baba1"Ölən dünyam"ın yalnız birinci fəslini özü yazmışdı, yəni
öz xəttiylə. Yerdə qalanını diqtə eləmiş, anam da yazmışdı. Hərdən,
əlinə keçəndə, bizi də işlədirdi. Gözünün işığını itirmişdi. Muncuq
kimi xətti vardı, amma arada, əli fikrinin arxasınca çatmayanda,
muncuqlar nizamını itirirdi. Bəzən sonradan yazdığını özü də
çətinliklə ayırd edirdi. Hər gün yazmazdı. Bəzən günlərlə, hətta
aylarla yazmazdı. Bir fikri, ideyanı, süjeti ürəyində duyub
beynində sanballamamış, masa arxasına keçməzdi. Əvvəlcə,
əlyazmasını işləyər və yalnız sonra makinada çap edərdi. Hamısını
özü edərdi…
Bir neçə makinası vardı, amma ən birincisi və sevimlisi
"Reinmetall" idi, alman makinasıydı. İndi həmin makina Ədəbiyyat
muzeyindədir. Hərdən onu verdiyimə heyfsilənirəm də…
O vaxtlar bizim şriftlə makina olmadığından əlifbanın uyğun
gəlməyən hərflərini ustalar kustar üsulla lehimləyərək
düzəldirdilər… Görəsən, indi o makina ustalarından heç qalıbmı?
Bu minvalla əsəri diqtə eləyib başa çatdırdı. Son bir ili
yatağından qalxa bilmirdi. Kişini həyatda saxlayan "Ölən
dünya(m)"sıydı. Yazdırtdığını bir dəfə də oxutdurub son
düzəlişlərini etdi və "İndi rahat ölmək olar" dedi… 1995-ci il
martın 10-u idi. Bundan sonra daha dörd ay yaşadı. Əsəri kitab
şəklində görmək istədi, alınmadı… Çatdırammadım… Yalnız ölümünün
qırxıncı günündə qəbrinin üstünə gətirə bildim… Özümü heç bağışlaya
bilmirəm. Ölüb "Ölən dünya(m)"sını görə bilməyəciyini heç ağlıma da
gətirə bilmirdim. Bilsəydim… Amma indi bir şeyi dəqiq bilirəm –
"Ölən dünya(m)"sını bitirməmiş ölməyəcəkdi… Kaş heç
bitirməyəydi…
***
İndicə üstünə getmişdim. Bir xeyli daşlaşmış üzünə, saçlarına,
eynəyinin sağanağına, baş daşının yanındakı kəlağayıya bürülü
torpağa sancılmış xəncərə baxdım. Və başa düşdüm ki, onun dünyası
çoxdan ölüb… İndi dünya sürünən kölgələrindir...