Allahım, lütfi-kərəmin xatirinə bu xalqı manıslarla
sınağa çəkmə!
***
Ötən əsrin əvvəllərində Bakıda xanəndə Seyid Mirbabayevi
tanımayan yox idi. Mərsiyəxan ailəsində doğulan Mir Tağı əvvəlcə
ailə ənənəsini davam etdirib mərsiyaxanlıq edir, sonra el
şənliklərində xanəndə kimi şöhrət qazanır, Mir Tağı xanəndə Seyid
Mirbabayevə çevrilir. 1906-cı ildə "Qrammofon" şirkəti Seyidi
Riqaya, ifa etdiyi məşhur "Segah"ı vala yazmaq üçün dəvət edir. O
vaxtlar bu hər xanəndəyə nəsib olan xoşbəxtlik deyildi.
***
Seyidin səsi yazılan vallar əldən-ələ gəzib ona böyük məşhurluq
qazandırmışdı...
Varlılar bir-birinin bəhsinə onu məclislərə dəvət edər,
qızılları başından ovuc-ovuc tökərmişlər.
Seyid səsi ilə böyük şöhrət qazanıb, neft bumundan sərməst olan
xalqın sevimlisinə çevrilibmiş.
***
Bakı toylarının birində - tanınmış əsilzadə Şıx Balayevin
oğlunun toyunda, bəyin dayısı bəyin əmisinin bəhsinə yenicə
qazdırdığı neft quyusunu Seyidə xələt verir.
Toy bitməmiş neft quyusu fontan vurur.
Xanəndə neftxudaya çevrilir.
***
Neft pulları Seyid Xanbabayevi çox dəyişir.
Vaxtilə Riqada "Qrammofon" şirkətinin təşəbbüsü ilə vala yazılan
məşhur ifasını - "Segah" valını əsilzadələrdən baha qiymətə alıb,
məhv etməyə başlayır.
Toylarda xanəndəlik etməsindən utanır, keçmişini xatırlayanda
əzab çəkir.
Onu toylara dəvət edən insanlardan uzaq qaçmağa, milyonçularla
oturub-durmağa başlayır.
Xalqdan uzaq düşür.
***
Sovet işğalından sonra bir çox neftxuda kimi Parisə qaçan
Mirbabayev 9 ilin içində müflisləşir.
Milyonçudan səfilə çevrilir.
Məşhur "Segah"ın yazıldığı valı "Patterqrammofon" şirkətinə
satmaq istəyəndə val təsadüf nəticəsində qırılır.
Seyid son şansını da itirdiyini anlayıb yerə çökür,
hönkür-hönkür ağlayır.
***
Deyilənə görə, pulun dəyişdirdiyi, özgələşdiriyi Seyidi yenə bu
xalqın nümayəndəsi, milyonçu Teymur bəy Aşurbəyov xilas edir.
Teymur bəy səfil milyonçunu Parisin girdabından xilas edib
özüylə Tehrana aparır.
Keçmiş milyonçu ömrünün sonuna qədər Tehranda bakılıların
toplaşdığı çayxanada xanəndəlik edir.
***
Bu xalq çoxlarına səfalətdən xilas olmaq, şöhrət qazanmaq
şansını verib.
Biri elə Nadir Qafarzadə.
Çoxları bilir ki, Nadir Qafarzadə çox uzaq olmayan keçmişdə
rayon toylarında bəy tərifi deyən sadə, kasıb bir manıs imiş.
Neft bumu sayəsində ölkəyə böyük pullar axdı, qəfil
varlananların hesabına manıs tayfası da şöhrətə, sərvətə sahib
oldu.
Bu xalqın səxavəti sayəsində pul, sərvət qazanan nadirkimilər,
özlərini seçilmiş, tanrının sevimli bəndəsi sayırlar.
Və o bu xalqı səfil, kölə, şanssız hesab edir.
Yəni, sələfi Seyid Mirbabayev kimi xalqın çörəyini yeyib, xalqa
yuxarıdan aşağı baxır.
***
Nadiri "əjdaha"ya çevirən bu xalqdır.
Vergidən yayınıb topladığı sərvətlər, "peraşki" biznesindən
şou-biznesə qədər keçdiyi uzun yol bu adamın dəyişməsinə səbəb
olub.
Mətləbi çox uzatmayım. Seyid Mirbabayevin taleyi nadirkimilərə
dərs olmalıdır.
Pul da, şöhrət də gəldi-gedərdir.
Bu gün Antalyada istirahət edən adam, nə vaxtsa Novxanı
çimərliyində yenidən "peraşki" sata bilər...
Kim bilir, belələri bu yazıdan sonra azacıq utanar və keçmişini
xatırlayar...