İndi əminliklə demək olar ki, 4 günlük müharibə olmadan
Ermənistan hökumətinin və şəxsən prezident Sərkisyanın gələcəyini
proqnozlaşdırmaq mümkün deyildi. Belə çıxır ki, uzun onillər
ərzində hərbi status-kvonun saxlanması öz növbəsində siyasi
hakimiyyət sahiblərinə çevrilmiş voinşinanın da ayaqda qalmasına
kömək edirmiş.
Azərbaycanda ordu quruculuğu torpaq itkiləri, işğal reallığı və
keçmiş sovet hərbi sisteminin mirasından tədricən xilas olmağa
edilən cəhdlər hesabına demək olar ki, bütün müstəqillik illərində
getmişdi. İndi Vihen Sərksiyanın Ermənistanda yeni müdafiə nazirinə
çevrilməsi sübut edir ki, düşmən tərəfi "qalibiyyət sindromu"ndan
xilas olaraq real quruculuq işlərinə faktiki olaraq yalnız indi
başlamaq niyyətindədir.
Tərcümeyi-halına görə yeni nazir antitürk və antiazərbaycanlı
ideologiyası ilə silahlansa da, gerçək şəkildə o, heç vaxt öz
sələfləri kimi səngərdə azərbaycanlı qanını tökməyib. Baxmayaraq
ki, bütün həyatı boyu soyqırım epidemiyasından əziyyət çəkən və
Qarabağ xalqının azadlığı uğrunda mübarizəni ən çox
körükləyənlərdən biri də məhz indiki nazir olub. Bununla belə onun
siyasi səngərdən kənarda bizə qarşı tuşlanan avtomat lüləsi ilə
bəzədilmiş şəklini görən olmayıb. İndi özünüz nəticə çıxarın -
Qarabağdan kənarda hakimiyyətə gələn qüvvələri "sülh göyərçinləri"
adlandırmaq olarmı?
Əslində aprel ayı Ermənistanda bütün hərbi və siyasi komandanın
atəşkəs dövrü ərzində ən böyük sınağı olduğundan heç kəsə sirr
deyildi ki, cəbhə xəttindəki ən kiçik yerdəyişmələr total kadr
dəyişiklikləri baxımından təsirsiz ötüşməyəcək. Ekspertlər haqlı
olaraq Ermənistandakı həmin böhranı 90-cı illər Azərbaycanı ilə
eyniləşdirir, xalqın qəzəbi qarşısında köhnə qəhrəmanların hesab
verməli olduqlarını deyirdilər. Onda Sərkisyan bütün ictimai
nazarılıqları Rusiya siyasi elitası əleyhinə yönəldərək itirilən
torpaqların günahını başqalarının üstünə yazmağı bacarmışdı.
Həqiqətən, meydanlara çıxanlar "rus silahı"ndan öldürülmələrini
qəbul etməyərək, ötən yüz ildə onları bir xalq kimi qoruyan dövlətə
qarşı genişmiqyaslı aksiyalara əl atmışdılar və müttəfiqlik
sazişinin onları qorumadığını görüb Moskva ilə izdivaca son
qoyacaqlarını bəyan etmişdilər. Sərkisyan elə həmin vaxtlar bir
neçə generalın başını milli etirazlara qurban verərək özünü edamdan
qorumuşdu, lakin artıq heç kəsə sirr deyildi ki, uzun illər ərzində
"Qafqazın məğlubedilməz ordusu" adı altında özünü təqdim edən və
hər cür triumflara qadir olduğunu nümayiş etdirən ordu qəfil
zərbədən yıxılıb və onu ayağa qaldırmaq üçün İrəvana mütləq
"İsgəndər" raketlərini yerləşdirmək lazımdır.
Yoxsa, onsuz da monomillətliyini sürdürən bir ölkə titullu xalq
olmaqdan çıxıb diaspor şəklində mövcudluğuna davam edəcək.
Sərkisyan özünü orduda külli miqdarda yeyintilərdən kənar tutmaq
üçün son 5 ayda Qarabağa səfərlərini Ermənistanın istənilən
bölgəsinə ziyarətlərdən daha çox artırmış, keçmişdəki hərbi mundiri
ilə xalqın yaddaşındakı obrazına xidmət etməkdən başqa çarə
tapmamışdı. Lakin Azərbaycanla müharibə bitən kimi son 20 ildə
Ermənsitan dövlətini sözün gerçək mənasında basıb yeyən bu qüvvələr
bütün erməniçiliyə ən böyük zərbələri vurmağı da bacarmışdılar.
İndi nəinki ordu, eləcə də təhsil, səhiyyə və sosial problemlər
müstəqilliyin 25-ci ilində özünün apogeyinə çatıb.
Azərbaycanda ordu rəhbərliyində 3 il əvvəlki dəyişikliklərə
qarşı yenə də ayağı protezli Ohanyan vasitəsilə çıxan Sərkisyan
indi nədən Qarabağ müharibəsindəki səngər yoldaşlarını qurban
verir? Axı generalların rütbəsini və başını üzməklə məsuliyyətdən
tamamilə qaçmaq mümkün deyil.
Son konstitusiya dəyişikliyi sayəsində onsuz da daxili
demokratiyadan məhrum olan bir ölkədə parlamentli respublika modeli
hazırkı idarəçilik üçün köhnə komandaya sonsuza qədər iqdidarda
qalmağa imkan verir. Faktiki olaraq, yeni hökumət quran Sərksiyan
orduda ona qarşı yetişən müxalifəti görməyə bilməzdi. Keçmiş
veteranlar-döyüşçülər Səfilyanın timsalında polis idarəsinin
binasını elə-belə ələ keçirməmişdilər. Lakin kəşfiyyat məlumatları
prezidenti o qənaətə gətirirdi ki, Ali Baş Komandan kimi Sərkisyana
qarşı silahlı mübarizə baş qaldırsa, ordu onun tərəfində
durmayacaq. Çünki Ohanyan hazırkı idarəçiliyin korrupsioner
mahiyyətini özündə əks etdirirdi və prezidentin müdafiə nazirini
günahlandırmağa mənəvi haqqı yox idi.
İndi Sərksiyan cəmiyyətdə onun kölgəsi adlandırılan bir adamı -
Vihen Sərksiyanı Azərbaycana qarşı nazir təyin edir. Bəli, sonuncu
ifadələr tamam yerindədir, çünki daha çox dövlət quruculuğu və
beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış bir adam müharibə
vəziyyətində olan bir ölkənin silahlı qüvvələrinə rəhbər
gətirilərkən nəzərə alınan ən mühüm amil Qarabağdır. Bununla belə,
4 günlük müharibədən sonra uğursuzluğun bütün erməni cəmiyyətində
hüzn və çıxılmazlıq xofunu yaratdığı günlərdə, məsələn, Vitali
Balasanyanın "yüz minlərlə azərbaycanlını məhv edə biləcəkləri"
bəyatını verməsi gələcək təyinatlarda məhz "qırğı"ların qalib
gələcəyini deməyə əsas verirdi. Xatırladaq ki, Qarabağ ordusunda
"nazir müavin"inə çevrilən və Şuşada doğulmuş sözügedən generalın
siyasi iddialarına görə - parlament seçkilərində fəal iştirakına
baxmayaraq, Azərbaycan üzərində tam və hərtərəfli qələbəni bilən
amansız sərkərdə obrazına işləməklə hansı vəzifəni hədəflədiyini
görmək o qədər də çətin deyildi. Balasanyan son illər mediaya
yetərincə sərmayə qoyur, erməni cəmiyyətində geniş təbliğ olunurdu.
Lakin Sərksiyanın hesabı başqaydı və o, ön cəbhədəki
yerdəyişmələrlə Qarabağ klanını təzədən hakimiyyətə qaytarmağın
təhlükəsini yaxşı bilirdi. Söhbət prezidentin özünün taleyindən
gedəndə başqa hesablar bir qırağa atılır.
Doğrudur, Qarabağda qan tökmüş və rütbələrini-sinələrini
azərbaycanlıların qətli hesabına orden-medallarla bəzəmiş ordu üçün
son təyinatı - əslində siyasi qərarı həzm elətdirmək o qədər də
asan olmayacaq. Bəli, Vihen prezidentə qarşı çox etibarlıdır və
birinci şəxs də indi sədaqət sindromundan əziyyət çəkir, ona görə
də qüvvələr nisbətini öz xeyrinə dəyişmək üçün bütün müxalif
partiya və hökumətiçi qruplaşmalardan daha çox imkana malikdir.
Lakin bunlar Azərbaycan qarşısında döyüşü udmaq üçün
yetəlidirmi?
Erməni rəhbər son təyinatında ABŞ amilini də nəzərdən
qaçırmayıb. Vihen Sərkisyan Prezident Administrasiya rəhbəri olana
qədər özünün daim irəliyə gedən zəngin karyerasında Birləşmiş
Ştatların Taft Universitetində Fletçer Məktəbində hüquq və
diplomatiya üzrə doktorluq təhsilini davam etdirib. Görünür, NATO
sistemi ilə əməkdaşlıq qarşıdakı dövrdə erməni silahlı qüvvələrinin
strateji xətlərindən biri olmalıdır. Lakin bütün silah arsenalı və
hərbi-texnologiyası, həmçinin, təlim və taktiki planları Moskvaya
tabe etdirlmiş bir ölkənin mülki diplomatiya generalını hətta
Şimali Atlantika görəvlisi ilə əvəz etsən, hansı nəticəni almaq
olar?
Ən başlıcası, Ermənistanda son hərbi-siyasi dəyişiliklərin
Azərbaycana məğlubiyyətin nəticəsində baş verməsidir. Daha dəqiqi,
yeni hökuməti aprel uğursuzluğuna cavab reaksiyası saymaq olar.
Deməli, kokofoniya üslubunda birinci olmaq nəticələrini verir. Amma
vaxt vardı ki, itirilən növbəti rayonumuzun cəmiyyətdə doğurduğu
ağır mənəvi-psixoloji depressiya fonunda biz yeni müdafiə nazirinə
layiq görülürdük. Həmin vaxtlar Azərbaycanın Ermənistan tərəfindən
idarə olunduğunu kimsə iddia etsəydi, tamam haqlı görünərdi. Yoxsa,
Rəhim Qaziyevin inşaat mühəndisliyi bir millətin səngər
qazmaçılığından o yana yaramayacağı halda o, birdən-birə bütün
generalların və əsgərlərin cəsədlərini ayaqlayaraq, Azərbaycan
Ordusunun başına çıxa bilərdimi? Gerçəkdən, bir fizikin hərbi
rütbəsini indi xatırlayan kimsə varmı?
Vihen Sərkisyan Azərbaycanın aprel qalibiyyətini Ermənistanda
növbəti dəfə təsdiq edən bir əməliyyatdır. 25 ildir Qarabağ
ordusunun bizimlə savaşda yeganə qüvvə olduğunu deyən erməni
siyasətçiləri Dördgünlük savaşdakı yüzlərlə itkilərini Şuşada və
Xankəndində deyil, Eçmiədzində yuyub basdıranda dəfn mərasimlərinə
qatılan ordu rəhbərliyinin keşişlərin arxasında gizlənməsinin
mümkün olmayacağını göstərirdilər.
Adama deyərlər, əgər Azərbaycanın kiçik bir əyaləti - Qarabağ
diyarı ona qarşı üsyana qalxıbsa, son altı ayda İrəvandakı
ermənilərin siyasi və hərbi rəhbərliyinin qırğınının buraya nə
dəxli var?
Deməli, Sərkisyan yeni müharibəyə qərar verir. Bir ölkə getdikcə
daha çox sərkisyanlaşır. Prezident və müdafiə naziri təkcə eyni
soyadı deyil, oxşar siyasi və hərbi taleyi seçirlər. Söhbət
Azərbaycanla sürətlə silahlanma yarışına girməkdən gedir. Baxin,
Ağdama gətirilən yeni texnikaları, ön cəbhədəki artilleriya
qurğuları və yeni kəşfiyyat sistemləri yüz milyonlarla dollara başa
gələn yeni avantüranın nəticəsidir. Erməni xalqının boğazından
kəsib silaha xərcləyən və onu milli inkişafını səngərdə -
tankın-topun üstündə görən bir elita öz millətinin əsil
qəbirqazanına çevrilir.
Bəli, Ohanyan getdi. O, Qarabağ müharibəsindən bir ayaqla
çıxmışdı. Vihenin hər iki ayağı isə hələ ki, üstündədir. Lakin onun
təmsil etdiyi dövlət Ohanyanın durumuna çox oxşayır.
İkinci Qarabağ savaşı qaçılmaz olarsa, Sərkisyanın hər iki
ayağını itirməyəcəyinə heç kəs zəmanət verə bilməz. Yeni nazir
vaxtilə gənc soydaşları qarşısında diplomat kimi çıxış edərkən
İsrailin keçmiş baş naziri Qolda Meirdən sitat gətirməyi
xoşlayırdı.
Suriya və İraqda hazırkı ağır müharibələrə qərq olan bir məkan
vaxtilə fələstin-yəhudi savaşından əziyyət çəkərkən Meir deyirmiş
ki, Yaxın Şərqə sülh o vaxt gələcək ki, ərəblər yəhudilərə nifrət
etməkdən çox, öz balalarını sevməyi üstün tutacaqlar. İndi
apokalipsis yeni erməni naziri qarşısında eyni sualı qoyur: Vihenin
öz övladlarına sevgisi, yoxsa azərbaycanlılara nifrəti qalib
gələcək?!