Cansız müharibədən canlı yayım
"Proxy war" deyilən siyasi bir termin var. Dilimizə birbaşa
tərcümə etmək olmur. Mənası üçüncü dövlətlərin əli ilə vuruşmaq
anlamına gəlir.
Bir az əvvəl Dövlət Baxçalı Mosul əməliyyatlarına qoşulan dünya
güclərini görüb ölkəsinin kənarda qalmasına belə deyinirdi: 36
ölkədən 30 min güc İraqda hərbi əməliyyatlara qatılıb. Kürd
yaraqlılarının orada iştirakına kim icazə verib? Bu nə
ittifaqdır?
Gerçəkdən də beynəlmiləl bir ordu olan İŞİD dəstələrinə heç də
legitim olmayan başqa bir hərbi muzdlu qüvvələri qarşı qoyublar. II
Dünya müharibəsinin sonunda bütün dünya faşizm əleyhinə yeni cəbhə
açmaq məramı ilə birləşəndə heç bir dövlət kənarda qalmaq
istəmirdi. Lakin hitlerizmə nifrət nə qədər böyük olsa da, Amerika
və Britaniyanın əsas planını Almaniyanın gələcək bölüşdürülməsi
təşkil edirdi.
İndi ingilis əsgərləri döyüş meydanında bilavasitə iştirak
etmirlər. Onlar peykdən - bir az ilahiyə yaxın nöqtədən
əməliyyatlara taktiki rəhbərlik edirlər. Axı Obama prezidentliyinə
hansı şüarlarla gəldiyini unutmayıb. Vyetnam və Əfqanıstandan sonra
xidmətə cəngavər oğullar göndərən Amerika anaları sink tabutlar
qəbul etməkdən cana doyublar. Virciniyada doğulub Şərqin susuz
səhralarında canını tapşıranlara qardaşlıq qəbiristanlığı
düzəltməyə vətəndaşların artıq səbri qalmayıb.
İndiki əməliyyat gerçəkdənmi İŞİD layihəsini başa çatdırmaq
istəyənlərin əzilən və viranəyə çevrilən bir yurda əbədi sülh
gətirmək niyyətidir? Əsla, yox. Gerçək mənzərə tamam ayrı
məqsədlərdən xəbər verir.
Türkiyəsiz və Rusiyasız hazırlanan planın hədəfi elə hər iki
dövlətin son yaxınlaşmasına zərbə vurmağa yönəlib. Lakin planın
nüvəsində başqa məqsədlər də var. Ərdoğanın tribunadan hədələrinə
baxmayaraq, heç kəs ona müttəfiqlik sazişi təklif edəsi deyil.
Binəli Yıldırım və Türk Silahlı Qüvvələrinin rəhbəri Hulusi Akarın
Amerikaya və Bağdada gedərək müxtəlif diplomatik danışqlar aparması
nəticə verməyib. Qazi Mustafa Kamalın tarixi missiyasını
təkrarlamaq üçünsə təkcə onun cəsurluğuna sahib olmaq deyil, həm də
siyasi uzaqgörənliyinə uyğun hərəkət etməyi bacarmalısan.
Türkmanlar naminə gedib İraqın 30 minlik legioner ordusuna
qoşulmaq türk silahlı qüvvələri üçün təhqir olardı. Abadi onları
işğalçı sayır. Tarixin ironiyasına baxın ki, bir ölkənin parlamenti
və hökumətinin mövqeyini heç kəs saya salmadan İrandan tutmuş
Səudiyyə Ərəbistanına qədər, bir-birinə zidd dövlətlər Səddamın
vətənini döyüş meydanına çeviriblər, həmin ölkənin başsız lideri
əlini yaxın qonşusuna yönəldib xalqda saxta düşmən obrazı
yaradır.
Halbuki türklər Dabık və Soran yaşayış məntəqələrini xilafət
cihadçılarından təmizləyib orada oturublar. Hadisələrin belə
ssenari ilə inkişafı, Suriya və İraq ərazilərinin türk siyasi
iradəsinin ziddinə yenidən bölüşdürülməsi açıq şəkildə Kürdüstan
dövlətinin coğrafiyasını genişləndirməyə hesablanıb. Çünki məzhəb
parçalanmasından əziyyət çəkən ərəblərdən fərqli olaraq, yeganə
nizami ordunu peşmərgələr qurub.
Türkləri kənarda qoymaq müharibəni başqa əllə aparmaq
istəyənlərin növbəti avantürasıdır. Hamı İŞİD kartından sonranı
hesablayır və qalib dövlətlərin mükafatına göz dikir. Məhmədciklər
kiminlə vahid bir səngərə girsələr də, peşmərgələri məhv etmək
planından əl çəkəsi deyillər. Türkiyənin vahidliyi və
təhlükəsizliyi bundan asılıdır. PKK-nı başqa hədəflərə və ərazilərə
saldırı yapmağa vadar etmək üçün Vaşinqton heç zaman Ankaraya
yardım etməz. Ona görə də islam bayrağı altında toplaşan
terrorçuları qırandan sonra Bərzani öz silahını kimə qarşı
çevirəcəyini hamıdan yaxşı bilir.
Kürdüstanı qurmaq Yaxın Şərq labirintidən çıxmaq üçün mühüm
siyasi həlqələrdən biridir. 2009-cu ildə konqresmen olan Con Kerri
böyük nümayəndə heyəti ilə Kərkükə təsadüfi gəlməmişdi. Siyasi
xəritə dəyişməsə, o bölgədə sabitlik bərqərar olmayacaq. Ərazilərin
yenidən cızılması hesabına ərəb arxitekturasını tamam dəyişmək
gərəkdir. Diktator deyib devirdikləri şəxslərdən alınan ölkələrin
coğrafiyası əlverişli strategiyalar naminə yenidən
bölünməlidir.
Bununla da İranın da qarşısında mühüm bir divar çəkilir və ərəb
dünyasındakı dayaqlarına zərbə vurulur. O biri yandan Türkiyəni
regionda təkbaşına xarici siyasət qərarlarından uzaqlaşdırmaq,
dövləti əldə saxlamaq və separatizmi daimi silaha çevirmək üçün
bundan yaxşı ssenari ola bilməz. İndi Ərbilə neft mənbəyi kimi
baxan və Bərzanini çirkli pullarla boğacağını düşünən Ərdoğanın
planını ona qarşı çevirirlər.
Rusların Suriya üzərindən əməliyyatlarını pisləyib Aleppoda
qırılan dinc vətəndaşları kütləvi medianın obyektivinə daşıyanlar
indi hansı haqla faktiki 1 milyon insanın yaşadığı məntəqəyə hücuma
keçiblər? Zərbələrin dəqiq vurulduğuna kim zəmanət verir? Yoxsa,
Fransa təyyarələri Bağdadi tərəfdarlarını adbaad tanıyır və
raketlər mülki vətəndaşlara zərər yetirmir? Halbuki vəhşət
cəbhəsindən gələn xəbərlər bunun əksini deyir.
Kitabxanalardan tutmuş zirzəmilərə qədər hamısı terrorçuların
özünümüdafiə istehkamlarıdır. Tunellərdə gizlədilən bombaların və
neft gölməçələrinin yandırılması, canlı bombalar kimi yetişdirilən
mücahidlərin dünənki həmlələri İraqın 2-ci böyük yaşayış
məntəqəsində qələbənin asan olmayacağından xəbər verir. Beynəlxalq
hüquq müdafiə təşkilatları insanlıq əleyhinə cinayətlərin son iki
gündə qat-qat artdığını bəyan edirlər.
İndi hərbi teatr səhnəsini canlı yayımla dünyaya göstərənlər bir
azdan kameraları terror bayrağının dalğalandığı yeni ünvanlara
yönəldəcəklər. CNN daxil bütün dünyəvi kanallar əsgərlərlə birgə
hərəkət edirlər. Hamı qanlı və canlı reportajlar gözləyir. Axı
qladiatorların savaşı həmişə maraqlı olur.
İndi hər kəsi düşündürən sual budur - Xilafəti hansı ünvana
qovurlar və Bəşəri devirib yerinə Bağdadinimi gətirirlər?
Ərəbi öz qardaşının əliylə taxtdan salmasan, sonra kölə kimi
vuruşmaz. Müsəlmanların müqəddəs aylarını onun qanı ilə bəzəməyin
özü də Qərbin şühadalığa verdiyi böyük önəmin nəticəsidir!
Yeri gəlmişkən, yəqin əməliyyatlar 40 günün tamamında başa
çatacaq. Lakin İmam Hüseynin silahdaşlarından fərqli olaraq, bu
dəfə Yezidin ordusuna qalib gələnlər ərəbin xilaskarına deyil,
qəbirqazanına çevriləcəklər.
Müharibədən canlı yayım davam edir!