Konstutisiya
Məhkəməsi, Tvitter və hüquqa hörmət prinsipi
Bu gün Türkiyə Baş naziri Ərdoğan, riyakarlıqdan və təqiyyədən
uzaq, Avropa İttifaqına Türkiyənin namizədliyi baxımından olduqca
vacib sözlər deyib: "Konstitusiya Məhkəməsinin qərarına hörmət
bəsləmirəm. Tvitter məsələsi də ticari bir işdir, bunun söz
azadlığı ilə əlaqəsi yoxdur". Əslində hər siyasətçi 21-ci əsrdə bu
sözü demə cəsarətini özündə görməz. Bəlkə də haqlıdır?!
Məhkəmə nəzarəti bir cəmiyyətdə gedən proseslərin hüquqiliyini
yoxlayan mexanizmdir; hüququn aliliyi və mühafizəsi onunla həyata
keçirilir. Məhkəmə hüququn nə olduğunun ən son deyildiyi yerdir.
Məhkəmələrin də səhv etmə ehtimalı nəzərə alındığına görə, onlar
arasında da bir dərəcələnmə olur; ölkəyə görə ən yuxarı məhkəmə ya
Ali Məhkəmə, ya da Konstitusiya Məhkəməsi olur.
Qanunvericiliyin tanıdığı hüquqlar müxtəlifdir, bunların ən
alisi də insan hüquqlarıdır. İnsan hüquqları şəxsin öz azadlığının
həyata keçirməsinin vasitələridir. İnsan hüquqları ən yüksək qoruma
dərəcəsinə sahib olur, siyasi iqtidarlar da buna hörmət
bəsləməlidirlər. İnsan hüquqları bu qədər vacibdir ki, bunların
qorunması Avropa ölkələrində Konstitusiya Məhkəmələrində olur.
Terri Devisi azərbaycanlılar unutmayıb, onun bir sözü çox xoşuma
gəlir. Ağsaqqal AŞ Baş katibi Devis demişdi ki, "İnsan hüquqları
arasında iyerarxiya yoxdur; amma olsaydı, bu iyerarxiyanın ən
üstündə söz azadlığı olardı". Yəni deyir ki, "tvitter-mvitteri" və
bənzər şeyləri digər azadlıqlardan üstün sayardım. Amma Terri Devis
kimdir ki? Pis kafir, əxlaqsız avropalı. O nə bilər ki, "milli
əxlaq" nədir? Axı bu Tvitter-mvitter insanın özəlinə girir,
özəlinə!
Əslində, Konstitusiya Məhkəməsi həmişə uğurlu qərarlar vermir.
Mənim 40 yaşım var, hüquq elmini 22 ildir öyrənirəm, nadir hallarda
da olsa, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını çox da
uyğun, ya da yerinə düşməyən görürəm. Amma mən alimlik dərəcəsində
sahib olduğum hüquq təhsilim ilə AİHM hakimlərinin qərarları
haqqında "yersiz" deyə bilsəm də, o insanların ağlına və yaşına
əlbəttə ki, hörmət göstərirəm. Başqa sözlə, Konstitusiya
Məhkəməsinin qərarını bəyənməsəniz belə, onun haqqında "hörmət
göstərmirəm" sözünü işlətmək çox da düzgün bir ifadə tərzi deyildir
- nə hüquqi, nə də siyasi baxımdan. Ürəyinizdən keçsə belə,
deməyin!
Gələk Tvitterin söz azadlğına dair məsələ olub-olmadığına.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində və İCCPR
19-cu maddəsində tənzimlənmiş bu hüquq milli sərhədlərə bağlı
olmadan, istənilən növ məlumatı, istənilən vasitə ilə (TV, radio,
qəzet, internet, faks v s.) və formada (yazılı, sözlü, simvolla,
pantomim, karikatur, heykəl, jestlə) qəbul etmə və yaymanı ifadə
edir. Bu səbəblə Yer kürəsində az sayıda insan "mvitterin" söz
azadlığına dair bir platform olmadığını iddia edə bilər. Bəs,
Ərdoğan niyə belə yapdı?
Bəlkə də o hesab edir ki, Başbakanlıq və parlamentdə çoxluğa
sahib olan partiyanın sədri olmaq qanun çıxarma səlahiyyəti verdiyi
kimi, elmi əsasları və hüquqi yanaşmaları da yaratma imkanı
tanıyır. Müasir hüquq sistemi və institutları Şərqdə və İslam
mədəniyyəti tərəfindən yaradılmayıb - motorlu nəqliyyat
vasitələrinin işlək qaydaları kimi! Patriotik yanaşıb, bunları
inkar edib özünüzə xas "milli" institutlar yarada bilərsiniz, amma
3 təkərli avtomobil yüksək sürət ala bilməyəcəyi kimi, belə bir
hüquq sistemi nə ədalət, nə inkişaf, nə də ki xoşbəxtlik gətirə
bilər. Sirr deyil ki, miqrasiya edən insanlar yaşamaq üçün Qərb
ölkələrini seçir, milli olanları deyil.
Yeni təkər icad edə bilərikmi? Əslində, bu sualın cavabının
"yox" olduğunu hamı bilir, amma məqsəd qütbləşmə, nifrət toxumu
üzərində ictimai hərəkətlənmə yaradıb, o dalğanın dağıdıcı enerjisi
ilə zorba xilafət qurma olanda, müxtəlif çaplı qış şinlərin ortaya
çıxması mümkündür.
Aktual.az