Keçən günlərdə "Ulduz" və "Ədəbiyyat qəzeti"nin baş
redaktorları dəyişdirildi. Bütün qəzetlər də bu dəyişiklikdən
yazdı, həmkarlarımıza uğurlar diləyənlər də oldu, bu dəyişiklikdən
heç bir gözləntisi olmadığını söyləyənlər də...
Əslində, "Ədəbiyyat qəzeti" və "Ulduz" dərgisi ölkədə mütəmadi
və ən ardıcıl çıxan ədəbiyyat məcmuələri olduğundan ədəbi
proseslərin önündə olmalıdırlar. Amma indiyə qədər belə görmədik
təbii... Xüsusən "Ədəbiyyat qəzeti" illərdir ki, sovet dönəminin
psixologiyasından çıxa bilmədiyinə görə demək olar ki, ədəbiyyat
qəzetindən başqa hər şey idi...
Hər iki ədəbi orqanın baş redaktorları dəyişdirildikdən sonra
necə olacaq, hansı yeniliklər baş verəcək, yəqin yaxın zamanda
bunun şahidi olacağıq.
Amma ola biləcəyikmi?
Bu şübhəmin əsasında heç də həmkarlarımın qabiliyyətsizliyi və
ya istəksizliyi dayanmır. Sadəcə, mənə o maraqlıdır, əlimizdə olan
ədəbiyyatla nə qədər yüksək səviyyəli məcmuələr ortaya çıxarmaq
olar?
Təbii ki, əgər səviyyəli, maraqlı, səmimi və sözün
qiymətliliyini təsdiqləyən ədəbi orqanların olmasını istəyiriksə,
ilk öncə bu orqanların səhifələrində yer almaq üçün dəyərli yazılar
olmalıdır. Səviyyəli müəlliflər olmazsa, orda kimin başçılıq
etməsindən asılı olmayaraq, ortaya qiymətli bir şey çıxa
bilməz.
Yüksək səviyyəli ədəbiyyatın olmadığı yerdə keyfiyyətli
ədəbiyyat məcmuəsi necə ortaya qoymaq olar? Axı bu redaktorlar
Aydakı ədəbiyyatın ədəbi orqanlarını hazırlamayacaqlar, Azərbaycan
ədəbiyyat nümunələrindən ibarət bir orqan dərc edəcəklər. Onlar
ortada olanı təqdim edəcəklər...
Bir sözlə, bu orqanlar Azərbaycan ədəbiyyatının
güzgüləridir.
Başqa bir cəhət...
Hər iki orqan AYB-nin tabeliyindədir. Amma bu ölkədə bütün
yazarlar AYB-ni dəstəkləmir. AYB-nin bir qurum kimi artıq ədəbiyyat
üçün bir yararı qalmadığı fikrini müdafiə edən yazarlar da çoxdur.
Əgər bu kəsim də adı çəkilən ədəbiyyat orqanlarında təmsil
olunmayacaqsa, onlar azad sözün və ifadə tərzinin tribunasına
çevrilə bilməyəcəksə, azad ədəbiyyatın yaranmasında iştirakçı
olmayacaqsa, onda gerçək anlamda ədəbiyyat məcmuələrinə çevrilə
biləcəkləri şübhə doğurur.
Ədəbiyyat şərin, naqisliyin, qeyri-səmimiliyin qarşısında ola
bilmirsə, böyük ədəbiyyat ola bilmir. Eyni şəkildə də ədəbi
məcmuələr belə olmadıqda gerçək anlamda uğurlu bir iş ortaya qoya
bilmir.
Azərbaycan ədəbiyyatının inkişafı son dövrlər iki xətt üzrə
gedib. Ciddi mətn ortaya qoyanlar və qara-qışqırıqla meydan
sulayanlar. Bu baxımdan hər iki orqanda işə başlayan redaktorların
işi asan deyil. Çünki məsələ təkcə ədəbiyyat məcmuəsi ortaya
qoymaqla bitmir, həm də ciddi oxucu kütləsi yaratmaq üçün iş
görülməlidir. Azərbaycanda ədəbiyyat bazarındakı tarazlığı
düzənləmək üçün ciddi və peşəkar seçimə, mətnlərin və müəlliflərin
saf-çürük edilməsinə ehtiyac var. Çünki ədəbiyyata son dövrlər elə
bir axın olub ki, bu axın və çoxluğun içindən ən yaxşılarını seçmək
çox çətindir. Əslində, bir qədər sərt olsa da, şou qanunlarının
əsasında yaranan ədəbiyyat nümunələrinin içindən ciddisini seçib
elə şoulaşmış oxucuya da onu qəbul etdirmək asan məsələ deyil.
Bir sözlə, illərdir ədəbiyyatdakı qara-qışqırıq və yarınmaların
içində itən gerçək istedadların aşkar edilməsi, sözünə qısılıb bir
küncdə qalanların üzə çıxarılması, eyni zamanda ciddi ədəbiyyatın
formalaşması üçün görəsən bu orqanlar nə qədər iş görə
biləcəklər?
Gözləyək... Amma azını... Əks halda məyusluğumuz çox olar!