Ukrayna ətrafında yaranmış gərgin vəziyyət, bundan sonra
Rusiyanın Krımı işğal etməsi bölgədə qarşıdurma vəziyyətini artan
xətt üzrə inkişaf etdirməkdədir.
Amma iki ölkə arasında yaranmış durum təkcə Ukrayna və Rusiya
arasında olan gərginlik deyil, bu əslində, Qərblə Rusiya arasında
kimin keçmiş postsovet məkanında söz sahibi olacağı uğrunda
mübarizədir.
İndi artıq Krım məsələsi də sanki bir az arxa plana keçib.
Ukraynanın şərq əyalətlərinin işğal olunması gündəmdədir.
Donetskidə və Xarkovda mitinqlər olub və yerli əhali dövlət
idarələrinə hücum edərək onları daşqalaq edib. Seperatçılar tələb
edib ki, bu əyalətlər də Krım kimi Rusiyaya birləşdirilsin.
Doğurdanmı, Rusiya Şərqi Ukraynanı da işğal
edəcək?
Əslində, Krımdan sonra başı bəlaya girmiş Rusiya şərqi Ukrayna
ətrafında gərginlik yaradaraq bununla Qərbi şantaj etməyə çalışdı.
Daha sonra Rusiyanın Xarici İşlər naziri S.Lavrovla ABŞ-ın Dövlət
katibi Con Kerri arasında görüş baş tutdu və Rusiya öz qoşunlarını
Şərqi Ukraynadan geri çəkdi. Şərqi Ukraynada gərginlik yaradıb
sonra da qoşunlarını ordan geri çəkməklə Qərbə "mən buraları sizə
güşəstə etdimsə, siz də Krımı mənə güzəştə gedin" mesajını verməyə
çalışan Rusiya bununla Krımla bağlı yaranan gərginliyin
səngiyəcəyini zənn etdi.
Amma bunun ardından Obama Səudiyyə Ərəbistanının kralı ilə
görüşdü və Rusiya şantajla əldə etmək istəyindən bir nəticə hasil
olmadığını gördükdən sonra yenidən şərqi Ukrayna məsələsini gündəmə
gətirdi.
İndi də Donetski və Xarkovda başlayan separatçı hərəkətlər bu
şantaj ssenarisinin tərkib hissəsidir. Məsqəd heç də Krım kimi
şərqi Ukraynanın işğal olunmasından getmir.
Qərb də, əslində, bu vəziyyətdən istifadə edib sanki şərqi
Ukraynanı Rusiyanın qəzəbindən xilas edibmiş kimi qalib rolunu
oynaya bilərdi. Amma Qərb Ukraynanı Rusiyadan qorumaqla həm də
bütün postsovet məkanında Rusiyanın söz sahibliyinə zərbə
vuracağını bildiyindən Krımdakı uğursuluğu cavabsız buraxmaq
istəmir.
Bir sözlə, Rusiya ilə Qərb arasında əsəb müharibəsi gedir.
Amma hər şeyə rəğmən, Rusiyanın indiyə qədər tutduğu mövqe,
hətta lazım gələndə öz vətəndaşını belə qurban verib hikkə ilə
xarici siyasət yürütdüyünü unutmaq lazım deyil. Yəni bütün bu
deyilənlərdən sonra Rusiyanın şərqi Ukraynanı işğal etməsini də
gözləmək mümkündür.
Bu halda da artıq NATO-nun Ukraynaya girməsi qaçılmaz
olacaq.
Azərbaycana gəlincə…
İndiki vəziyyətdə Azərbaycanın tutduğu mövqe təbii ki, həm
Rusiya, həm də Qəbr üçün çox əhəmiyyətlidir. Avropanın enerji
təminatı ancaq bu ölkə üzərindən mümkündür. Son dövrlər Azərbaycana
Türkiyə, Rusiya və ABŞ-dan gələn qonaqların nə məqsədlə gəldiyini
anlamaq o qədər də çətin deyil.
İllərdir oynaq siyasət yürüdən Azərbaycan indi öz mövqeyini tam
olaraq bəlli edib. Bu, rəsmi Bakını çətin duruma qoysa da, hər
halda bu dəfə qəti söz deməkdən yayınmaq mümkün olmayacaq.
Rusiyanın Azərbaycanı cəzalandırması haqqında deyilənlərə
gəlincə, bu, indiki halda mümkün deyil, çünki Rusiyanın başı Krım
ətrafında yaranmış problemə qarışıb. Amma Rusiya necə deyərlər, bu
iki daşın arasında belə Azərbaycana müəyəyn problemlər yaratmaq
üçün bir vaxtlar etdiyi kimi, Ermənistana silah verə, Qarabağ
ətrafında vəziyyəti gərinləşdirə bilər. Amma Qarabağda müharibənin
yenidən alovlanmasından söz gedə bilməz.
Ən başlıcasısa Rusiya Azərbaycanın şimal bölgəsində ciddi
problemlərin yaranmasına yol aça bilər.