Bir tikə çörəyin əsiri olanlar üzünü Rusiyaya tutur.
Milyonlarla insan nicatını – dolanışığını bu nəhəng ölkədə tapmaq
ümüdü ilə evindən-eşiyindən, yurd-yuvasından didərgin düşür, soyuq
ölkədə istilik axtarır. Görəsən doğrudanmı, milyonlarla miqrantı
Rusiyanın nəhəng iqtisadi resursları özünə çəkir? Yoxsa öz
vətənində maddi-psixoloji, bir az da "freydist" sıxılmanın
ağrısından can qurtarırlar? Bəlkə, hansısa həzzdir o insanları
yurd-yuvalarından didərgin salan?
Hər halda, Rusiya keçmiş sovetlər üçün yad ölkə deyil... Amma
əvvəlki ampulasındadır. Bu ölkə ona üz tutanların doğmalığını
görmür. Görmək istəmir. Bir vaxtlar eyni dövlətin atributlarını
paylaşan, himnini oxuyan, sərhədlərini qoruyan "qardaşlaşmış
xalqlara" ikinci, üçüncü növ kimi baxır. Elə o vaxtlar da belə
olub, amma o zamanlar bu sadəcə hiss edilməyib.
Rusiya nəhəng dövlətdir, - bu nəhənglik az qala Günçıxandan
Günbatana qədər bir ərazini özündə birləşdirir. Amma bu nəhəng
dövlət – Günbatandan Gündoğana qədər uzanan ölkə yenə də torpaq
həsrətindədir. Rus hakimiyyəti heç vaxt "mənəvi hegomonluğa" can
atmır, yalnız maddiyyatı düşünür.
Ona görə də elə təsəvvür yaranır ki, bu ölkə acdı. Bu dövlət bir
barrel neftə görə insan qanına susamağı bacarır; ona görə də Rusiya
"ruslaşa" bilmir: bu boyda ərazisi, ərazisinə görə bir ovuc
əhalisini yüksək səviyyədə dolandırmaq gücündə olan bir dövlət
özünü yaddan çıxarıb, gözünü onun-bunun əlinə dikdikcə, "surroqat"
analarının sayı artır, yeddi arxa dönəninin daşıdığı moğol-tatar
qanına yeni – miqrant qanı vurulur...
Millətin sivilizasiyalara açıqlığı hakimiyyətin xoşuna
gəlmədiyindən, hakimiyyət-xalq ayrılması yaşanır: rus əxlaqına
yaxın olmayan şovinizm ideologiyası ilə Rusiyanın "milli kimliyini"
saxlamağa cəhd göstərirlər. Başqa yol görmürlər – sürətlə qarışan
qan, dəyişən baxışların fonunda imperiya təfəkkürü ilə hakimiyyəti
idarə edənlər zamanla ayaqlaşa bilmir.
Halbuki bir beynəlmiləl, şəffa sərhədli Rusiyaya ehtiyac var. Bu
ehtiyac zamanın tələbidir: FTX-də hazırlanan və dəstəklənən 5-10
başıqırxıq "skinhedlə" bu prosesin qarşısı alına bilməz.
Rusiya nəhəng ərazisi olan ölkədir...
Amma böyük deyil... Böyüklük ərazi ilə ölçülmür, amma ölkənin
ərazini qoruyan fakt hakimiyyətin böyüklüyüdür. Rusiya böyük
olmayacaqsa, ərazisi də kiçiləcək...