Hərdən adama elə gəlir ki, Azərbaycan xalqı ilə
məzələnirlər.
Bu günlərdə ölkəmizdə olan ATƏT Parlament Assambleyasının
prezidenti Ranko Krivokapiç bəyanat verərək Qarabağ məsələsinin
həllində ATƏT-in səylərini artırmağın zəruri olduğunu bildirib.
Düzdür, bu tipli bəyanatlar daha o qədər gülünc və mənasızdır ki,
onları ciddiyə almağa lüzum belə yoxdur. Ancaq buna baxmayaraq, hər
dəfə bu tipli bəyanatlarla sanki bizi nəyəsə inandırmağa,
ümidləndirməyə çalışırlar.
Uzun illərdir ki, Qarabağ bizim problem olmaqdan çıxıb, olub
ATƏT-in məsələsi. Hərdən Minsk qrupu həmsədrləri bölgəyə səfər
edəndə və ya hansısa deklorativ bəyanat verəndə bununla bağlı
xəbərlər mətbuatın, saytların bir küncündə ən az oxunan xəbər kimi
yer alır.
Bu xəbərlərin oxunma sayına görə də cəmiyyət üçün bu problemin
aktuallıq dərəcəsini təsəvvür etmək olar. İnsanlar sanki Qarabağın
bizdə olmamasına, bu məsələ ətrafında illərlə aparılan səmərəsiz
danışıqlara öyrəşiblər.
Əslində, insanları haradasa başa düşmək də olar bəlkə... Ötən
illər ərzində ATƏT-in apardığı danışıqlar münaqişənin həll
olunmasından daha çox, bu məsələ ilə bağlı Azərbaycan xalqının
hisslərini korşaltmağa, işğal faktı ilə barışıb problemin acısını
unutmağa hesablanıb.
Bu gün gəldiyimiz mərhələdə də demək olar ki, ATƏT-in Minski
qrupu çərçivəsində aparılan danışıqlar prosesinin bu unutdurma
hədəfi gerçəkləşmiş sayıla bilər. Nə qədər acı da olsa da, etiraf
etməliyik ki, indi insanlarımız işğal altında olan torpaqlarımızı
azad etmək kimi missiyanın məsuliyyətini öz üzərlərində hiss
etmirlər. Adamlar hansısa formada bu məsələnin mübarizə və savaşla
deyil, ATƏT-in Minsk qrupu adlı mənasız bir formatda müzakirə
edilməsinə öyrəşdirilib.
Hər necə olsa da danışıqlarda biz Qarabağın Ermənistan
tərəfindən işğalı faktı ilə barışmırıq və bu mövqedən də geri
çəkilmək niyyətində deyilik. Hə nə olsun? Geri çəkilməyək, bəs
sonra? Geri çəkilmiriksə, irəli də gedə bilmirik. Bu günə qədər bir
qarış torpaq da geri alınmayıb. Axı heç Ermənistan da geri durmur.
O zaman bizim danışıqlarda ərazi bütövlüyümüz faktı üzərində israr
etməyimiz işğal faktını aradan qaldırmırsa, bu o deməkdir ki,
mənasız danışıqlar daha çox Ermənistana sərf edir.
Niyə? Çünki bu danışıqlarla bizim əl-qolumuz bağlı saxlanılır və
nəticədə Ermənistan ərazilərimizi işğal altında saxlamaqda davam
edir. Belə vəziyyət 100 il də davam etsə, Ermənistanın itirəcəyi
bir şey yoxdur.
Ona görə də bu gün məsələni bir daha qiymətləndirməyimizə,
mənasız danışıqlar prosesini davam etdirib özümüzü aldatmağımıza
ehtiyac varmı? Birmənalı şəkildə yox! Bu gün artıq qarabağlı olub
Qarabağda doğulmayan bir gəncliyimiz var. Onlar üçün Qarabağın
bizdə olması reallıq deyil, anadan olmazdan öncəki tarixdir. Bu
gənc nəsildə nə qədər çalışsaq da Qarabağ bir vətən şüuru kimi
formalaşmayacaq. Onsuz da itirilmiş ərazi məsələsində tariximiz çox
acı örnəklərlə doludur. İndi Qarabağ da onlardan birinə
çevrilməkdədir.
Ötən itirilmiş illər də göstərdi ki, dünyanın nə vicdanı var, nə də
ədalət tərəzisi... Ona görə də kiməsə hansı həqiqətləri sübut
etməklə, haqlı olduğumuza inandırmaqla heç kim itirdiyimiz
torpaqları bizə alıb verəsi deyil. Tək yol millət olaraq vətən
müharibəsi düşüncəsi ilə öz problemimizi öz gücümüz və iradəmizlə
çözməyə hazır olmaqdan keçir.