Sabah millimiz Bişkekdə Qırğızıstan millisi ilə yoldaşlıq
görüşünə çıxacaq. Sözsüz, qələbə əzmi bu oyunda prioritetdir.
AFFA-nın Bişkekə apardığı jurnalistlərin birindən aldığım mötəbər
məlumata görə, Berti Foqts millimizin oyunçularını yaxşı motivasiya
edib. "Azəri türkünün qılıncını Qırğız türkünün başına endirəcəyik"
deyən Berti müəllim hər kəsi cuşa gətirib. Alman mütəxəssis təmiz
"nemes" soyuqqanlılığı ilə "millimiz Estoniyaya parlaq
məğlubiyyətdən sonra daha parlaq bir nəticə əldə etməyə borcludur"
deyib.
"Bu, prioritet məsəslədir, qarşımıza məqsəd qoymuşuq. Bu,
olmalıdır. Sergey əkə Dvoryankova başa salmalıyıq ki, futbolu necə
oynayırlar. Eşitmişəm o gün bizim arxamızca danışıb. Biz onun
cavabını yaşıl meydanda verəcəyik".
Berti müəllim futboçuları ruhlandırmaq üçün onlara şad xəbər də
sızdırıb: "Sizə sevindirici bir xəbərim var. AFFA ilə ümumi
razılığa gəlmişik. Bundan sonra bütün oyunlarımızda Xoşqədəm xanım
da yanımızda olacaq. Elə ki, siz oyun zamanı topu itirdiniz,
Xoşqədəm xanım "Səni axtarıram"ını işə salacaq. İtən topun
axtarışına çıxacaq. Düşünürəm ki, bu xanım oyun zamanı bizə topun
harda və hansı vəziyyətdə olmasını bilmək üçün yardımçı ola
bilər".
Berti qağa yetirmələri ilə söhbət edərkən məsum və məlul
baxışlarla futbolçuları seyr edərək daha sonra deyib: "Əziz və
hörmətli Azərbaycan xalqına sevinc və kədəri eyni anda yaşadan
mehriban, ərköyün yetirmələrim! Sizin bir şairiniz var, Cəlilabadda
yaşayır, onun belə misrası var:
"Bu dünyada yaxşılıqlar qalacaq!"
Bəli, sən yaxşılıq elə, yaradanımız göydən baxır. Həzrət Abbas
haqqı, bu dünyada "uspet" eləməsə də, o dünyada əvəzini verəcək.
Eşitmişəm ki, bizim hər məğlubiyyətimizdən sonra futbol azarkeşləri
sevinc içərisində "nə yaxşı oldu, 5 top buraxmadıq, 3 topla
canımızı qurtardıq",- deyirlər. Baxın, bu sevinc hisslərini onlara
bəxş etmək mənim ən böyük amalım, ən böyük istəyimdir".
Söhbət zamanı Foqts foks göstərəcəyini də deyib: "Bıçaq sümüyə
dirənib. And olsun vicdanıma və ulu Şirvinin ruhuna ki, biz
estonlarda qalan heyfimizi bu dəfə o qıyıqgöz qırğız türklərindən
alacağıq. Mən buna əminəm və sizə söz verirəm ki, bunun üçün heç
kəsin bilmədiyi bir foks göstərəcəm. Həm də bərəkət duası
yazdırmışam. Qalib gəlsək, hərənizə filan qədər mükafat vəd
edirəm".
Berti bu əminliklə yanaşı ehtiyatı da əldən verməyəcəyini
vurğulayıb: "Ehtiyatlı igidin anası ağlamaz. Mən yerli
biznesmenlərlə danışmışam. Qırğız futbolçular üçün ayrılan plastik
qablardakı sulara dərman töküləcək. Suyu içəndə onlar "panos"
olacaqlar. Plan baş tutsa, biz də rahat qələbə qazanacağıq. Bir də
girəvə tapıb Sergey əkəyə deyəcəm ki, hücumçusu Xurşud Lütfullayev
müxalifətçidir. Onda onu meydana buraxmazlar".
Berti Foqts sözlərini belə tamamlayıb: "Kişi kimi
oynamayanın...."