Arxivimdə
qurdalanarkən nə vaxtsa rus dilindən tərcümə elədiyim bir mətn
tapdım. Müəllifini xatırlamıram. Amma xeyli güldüm. Görək, sizi də
güldürə biləcəkmi?
XİYAR MƏSƏLƏSİ
Ata öz oğlunu küncə dirəyib:
- Mən indi sənə abstrakt düşünməyi öyrədəcəyəm… Səndə iki dənə
alma var. Birini tulladın. Neçə alma qaldı?
Uşaq sükut içində.
- Səndə iki dənə alma var idi. Birini mən tulladım. Neçə alma
qaldı səndə?
Uşaq sükut və qorxu içində.
- Səndə iki dənə alma var idi. Birini mən yedim. Yedim də
birini. Neçə alma qaldı?
Şillə, uşağın qışqırığı…
- Sən bu topal əllərində iki dənə alma tutmuşdun. Mən birini
səndən qapıb aldım, neçəsi qaldı?
Qışqırıq, uşağın göz yaşları:
- Ata, eləməəə…
- Yox, eləyəcəm. Səndə iki dənə alma var idi. Birini mən qapıb
aldım səndən, atdım ayağımın altına, tapdaladım. Tapdaladım birini.
Səndə neçə alma qaldı?
Uşağın qışqırığı, göz yaşları.
- Yaxşı, tupoy, şərti dəyişdirirəm. Səndə iki dənə alma var idi.
Birini sən yedin. Sən özün yedin birini. Neçəsi qaldı?
- A-a-a.. Ata, vurmaaa!..
- Ay sən öləsən. Səndə iki dənə alma var idi… Arvad, evdə alma
var? Yoxdu? Cəhənnəmə ki, xiyar ver… Səndə iki dənə xiyar var idi,
eşşək oğlu eşşək. Birini mən aldım səndən. Ver bura birini, ver
görüm, tupoy… Mən xiyarın birini səndən alıb yedim. Bax yeyirəm:
xrya-xrya… Bax da, yedim də birini: xrya-xrya… Səndə neçə xiyar
qaldı?
Hıçqırıq, hönkürtü.
- Bax da, sənin o murdar əllərində neçə xiyar qaldı?
- Bir dənəəə…
- Düzdü, oğlum. İndi qayıdaq almalara…
- Ataaa…
- Gözünün zibilini axıtma, cavab ver..
- Ataaa, lazım deyil…
- Lazımdı, kopoyoğlu…Xiyarlarnan düz cavab verdin. Deməli, ümid
var. Səndə iki dənə alma var idi…
- A-a-a-a…
- Bağırma, it oğlu it. Səndə iki dənə alma var idi. Birini mən
səndən aldım. Yox, səsini kəs. Səndə bir dənə alma var idi. Birini
də mən verdim sənə. Səndə neçə alma qaldı? Yox, şərti dəyişirəm.
Səndə alma-zad yoxdu. Mən sənin atanam, götürüb bir dənə alma
verirəm sənə. İndi səndə neçə alma olur? Dinmə, cındır, yaxşısı
budu, dinmə… Dayan görüm, əvvəla, hardandı səndə ikinci alma? Mən
axı sənə bir dənə alma vermişdim. Təzədən başlayaq. Sən mənim
sevimli oğlumsan. Durub qoyun kimi baxırsan. Səndə alma yoxdu. Heç
nə yoxdu səndə. Meşədə külək əsir: "a-a-a", canavarlar ulayır:
"u-u-u". Birdən mən meşədən çıxıram, xəlvətcə sənə yaxınlaşıram.
Sən tək durubsan. Səndə heç nə yoxdu. Külək… Canavar… Mən meşədən
çıxıb, arxadan sənə yaxınlaşıram. Və… Gumbb! Qəfildən sənə iki dənə
alma verirəm…
- Ata, eləməəəə…
- Kəs, kopoyoğlu. Meşədən çıxdım və sənə iki dənə alma verdim.
İndi səndə neçə alma oldu? Ağzın nədi götürməyəsən?! Meşə, qış,
şaxta. Sən də tək – almanı götürməyəcəksən? Arvad, sən çıx çölə.
Qapını ört. Vəssalam, heç kim yoxdu, sən təksən. Canavarlar ulayır.
Hardasa polis fit çalır. Sən almaları götürməyəcəksən?!
- Ataaaa!..
- Yaxşı, sən özün mənə bir dənə alma verdin. Neçəsi səndə
qaldı?
Ani sükut və uşağın cavabı:
- Bir dənə.
- Deməli, onda məndə neçə alma qaldı?
- Bir dənə!
- Səndə neçəsi qaldı?
- Bir dənə!
- İndi gəl o almaları yeyək.
- Yeyək.
- Ancaq alma yoxdu. Deməli, yeməyə də bir şey yoxdu. Bax, elə
bayaqdan sənə öyrətmək istədiyim abstrakt düşüncə də budu da,
oğlum.