Tənqidlə necə davranmalı?
"Yazarlarımız xalqa dərs keçməkdə, ona ağıl öyrətməkdə
düzmü eləyirlər?" Bu sualın cavabında Həmid Herisçinin
yazarlarımızın bir qismini didaktikaya meyillənməkdə ittiham edən
açıqlamasından xeyli nəticələr hasil ola bilərdi.
Nədən ki, maraqlı mövzuydu. Bu mövzunun ucundan tutub
Axundovacan, Sabirəcən, Hacıbəyovacan, Mirzə Cəliləcən
gedib-qayıtmaq olardı, maarifçilik ənənələrini saf-çürük eləmək
olardı, nəsihətnamə janrının topluma təsirini ölçüb-biçmək olardı.
Bəlkə də, məlum olardı ki, Həmid Herisçi haqsızdır, yəni camaata
ağılı elə yazarlar verməlidir və bəlkə də, xalqın tənqidinin
faydasızlığı, əks-effekt verməsi qənaətinə gəlmək olardı.
Amma olmadı. İttiham edilən yazarların bir neçəsinə ağız açsaq
da, onlar Həmid Herisçiylə debata gəlmədilər. Dedilər ki, biz ona
baş qoşmuruq.
Azərbaycan ədəbi-mədəni mühiti tənqidlə necə davranmağı hələ də
bilmir. Özümüzü Tənqidlə rəftarda çox gülməli vəziyyətlərə
salmaqda. Biz gah bizi tənqid edənə "baş qoşmuruq", gah tənqidi
yazını FB-də "yəni vecimə deyil" pozasında paylaşıb yanına bir
gülüş işarəsi qoyuruq, gah da "mənə qarşı kampaniya aparırlar" deyə
səs-küy salıb özümüzün incidilmiş obrazımızı yaratmağa çalışırıq.
İçimizdəsə, siyasi ekspertlər demiş, tamam fərqli proseslər gedir:
əsəbiləşirik, cırnayırıq, çırpınırıq, çırmanırıq, yanırıq, sönürük,
tənqid müəllifinə qarşı düşmənə dönürük...
Mən başqalarını sağa da, sola da tənqid edən yazarlarımızın
əksərini növbə özlərinə çatanda qorxaq gördüm, xırdaca bir iraddan
sarsılan gördüm, müvazinətini itirən gördüm, panikaya düşən gördüm,
kövrələn gördüm, əsən gördüm, inciyən-küsən gördüm.
Yəni bu adamların əksərini Keçəl Həsən gördüm.
Cavanların tənqiddən sarsılmasını, küsməsini anlamaq olar. Ki,
insafınız olsun, hələ təzə başlamışam, aman verin, siftəmi eləyim,
qolumu-qanadımı sındırmayın. Bəs ədəbi-mədəni mühitdə sözü sözlər
görmüş yaşlı-başlı adamlar nədən özlərini tənqid qarşısında belə
dəymədüşər aparmaqda?
1937.az saytının hələ ki anlamadığı da məhz budur: bir tənqidə
görə saytdan üz döndərən yazıçıya, şairə, hətta tənqidçiyə hansı
sahədən baxaq: məsələ psixolojidirmi, sosiolojidirmi...? Necə edək
ki, ədəbi-mədəni mühitdə tənqidin könül rahatlığıyla qəbul
olunacağı bir ortam yaradaq? 1937.az olaraq bunu edə
biləcəyikmi?
İki yol var: birinci odur ki, tənqidin təhlükəli bir şey
olmadığı haqda bu dəymədüşərlərçün silsilə maarifçi yazılar yazaq.
İkincisi odur ki, tənqidə qarşı aqressiv olanların tənqidini,
doğrudan da, kampaniya şəklində həyata keçirək. Yəni bu adamları
"döyə-döyə", nəhayət, alışdıraq tənqidə, nəhayət, onların canından
tənqid qorxusunu məhz tənqidin dozasını artırmaqla çıxaraq...
İkinci yol barədə zarafat eləyirdim. Bəlkə də, yarızarafat.