Axır ki, dövlət işə qarışmağa məcbur oldu... Başqa yol
qalmamışdı.
Sarsıntı yaradan etirafdır, amma fakt budur ki, camaatımız
əksərən özü-özünü idarə edə bilmir, ölüsünü basdırmağı, dirisini
evləndirməyi bacarmır.
Əsəbi səslənsə də deyəcəyəm. Belə mazoxist toplumlar dünyada
hələ ki var: özü üçün "adət-ənənə" adlı məişət faciələri yaradıb,
onların əsirinə çevrlirlər.
Elçilikdən gərdəyə qədər on-on beş biabırçı, xərcli-xəsarətli,
zülüm-zillətli, saxta mərhələlərdən keçən toyçuluq,
qəbiristanlıqlarına qəsəbə memarlığı gətirilən, hər ölüdə 40 gün
olmaqla, ömrü hüzür çadırlarında çürüdən yasçılıq...
Hələ on il qabaq Naxçıvanda Vasif Talıbov "qeyri-standart"
görünən addımlarıyla camaatın müəyyən hissəsinin bəzi "adət-ənənə"
kaprizlərini "tapdalamağa" başlayanda ona bir yazıda təşəkkür
eləmişdim. Ardını arzulamışdım.
Amma görünür, "insan haqları", "şəxsi azadlıqlar"-zad mənasında
qınağa tuş gəldiyindən, o da bu savab işi axıracan aparmadı,
həvəsdən düşdü sanki.
Ay qardaşlar, hələ ki, nə "haqq", nə "şəxsi azadlıq"?! Azad
yaşaya bilməyən topluma belə azadlıqmı vermək olar? Avtobusa minə
bilməyən, metrodan düşə bilməyən, maşını öz yoluynan sürə bilməyən,
diniliyi, kiçik istisnalarla, saqqalda, dünyəviliyi ağsaqqalda
ilişib qalan toplumu özbaşına buraxmaqmı olar?!
Bildiyimə görə, on doqquzuncu əsrin ortalarında Kaliforniyada
dövlət hakimyyəti ümumiyyətlə olmayıb. Nədən ki, bu ştat
müharibənin gedişində Meksika ittifaqıyla birləşdirilmişdi və elə o
vaxt rayonlarının birində qızıl yataqları tapılmışdı. Onunçün da
Federal Mərkəz Kaliforniyada heç cür nəzarət yarada bilmirdi ki,
bilmirdi. Qubernator da təyin olundu, federal qoşunlar da gəldi,
amma bir həftə keçməmiş onlar da dövlət işlərini tullayıb getdilər
özləriyçün qızıl arıtlamağa.
Və düz 15 il Kaliforniyada nə federal, nə də regional hakimiyyət
olmadı. Həyat isə gedirdi. Adamlar özləri müxtəlif formalarda
təşkilatlanır, mülkiyyət, mənəviyyat, məişət məsələlərindən tutmuş
cinayətkarların cəzalandırılmasınadək, bütün problemləri həll eləyə
bilirdilər.
Bəli, onlar eləyə bilirdilər. Amma biz eləyə bilmirik axı.
Boş söhbətdir – bu məsələlərin heç biri "sistemin günahı" deyil.
Bu məsələlər, məsələn, dinsizliyin əsas ideoloji xəttlərdən biri
olan Sovet sistemində belə oğrun-oğrun, oğru-oğru zəncir vuran,
pirə-zada gedən toplumun şəxsi qüsurudur. Ya tarixi proseslərdən
gəlmədir, ya da mədəni-mental "yaradılışıdır", hər nədirsə,
hakimiyyət, sistem zdes ne priçom. Koreya arqumentini unudun
getsin, istisnalar ana qaydanı dəyişmir, bir-iki fraqmentlə ümimi
gedişata qiymət verməzlər.
İndi nə görürük? Hiss olunur ki, xeyir-şərlə bağlı son xilas
tədbirlərində hökumət özünü həm də çox ehtiyyatlı aparır. Məsələn,
Mübariz Qurbanlı deyir ki, biz inzibati qaydada heç nə eləmək
istəmirik, bütün bunlar yalnız camaata tövsiyə xarakterlidir.
Başadüşüləndir. Mübariz müəllimi anlayıram, di gəl, eyni zamanda
da anlamıram.
Nədən çəkinirsiz axı? Xalq gözgörəti mədəni-mənəvi uçurum
qarşısındadır. Saxta qeyrət mentallığının bıçaqlaşmalarından,
başkəsmələrindən tutmuş "zerkalnı nömrə" gerizəkalılığının
başgicəlləndiməsinəcən – toplum özünü buraxmış vəziyyətdədir.
Belə hallarda bir yol qalır: dəyənək! Yəni dövlət heç nədən
çəkinmədən "qanun çərçivəsində" topluma zor tətbiq eləməyə
başlamalı! Onun zibili balkondan tullamasından tutmuş ictimai
yerlərdə davranışınacan, hərəkət qabalığından tutmuş səs
qabalığınacan – bütün "xəritəsi" nəzarətə götürülməlidir.
Bu cəza dəyənəyi deyil ki. Milli, dini, mənəvi, mental pafosun
girdabında özünənəzarəti itirmiş bir toplumu vurmalısan ki,
diksinsin, ayılsın.
Bir az radikal olmaq, lap polislərin sayını artırmaq lazımdır.
Dolayı yolla, hansısa başqa məqsəd və ad altında gizlədilmiş
şəkildə güc strukturlarında mədəni səviyyə məsələlərini tənzimləyən
əlavə quruluş yaratmaq lazımdır. Yeri gəlsə, lap səs polisi,
təmizlik polisi "xırdalıqlarınacan" getmək lazımdır. Dünyanın başqa
ölkələrində polisdə belə bölgü rəsmi şəkildə olmasa da, şərti
şəkildə var axı. Məsələn, səhv eləməsəm, Londonda taksiləri
"Taksi!" qışqırıb çağıranlar 100 dollar cərimə ödəməlidirlər.
Sinqapurda metroda saqqız çeynəmək, tualetdən istifadədən sonra
unitaza su buraxmamaq ciddi cəzalandırılır.
Fəlakət həddindəyik. Camaatın həyat tərzinin tənzimlənməsi,
toplumun "qanun çərçivəsində" zor gücünə ağıllandırılması indi
hökumətin əsas işinə çevrilməli.
Nədən ki, bu, indiki vəziyyətimizdə milli təhlükəsizlik
məsələsidir.
Həə, siz Allah, bu yerdə kimsə maarifçilikdən-zaddan danışmasın.
Biz hələ ki, nə qədim yunanlarıq, nə də indiki yaponlar. Qoy
oturmuşuq.
Bunu isə elə-belə yazıram. Buddizmin Yaponiyada yaranmış
Dzen-Buddizm qolunda belə hallar vardı: bir də görürdün ki, əl
ağacı ilə şəyirdi kötəkləmək ən böyük həqiqəti açırdı. Bir dəfə
Dzen müridi müəllimdən soruşur: Dzendə ən böyük həqiqət nədir?
Müəllim cumub onu boğazlayır və boğa-boğa başlayır qışqırmağa: "De!
Özün de görüm!" Müridin gözləri bərəlib, boğazından xırıltı gələndə
müəllimi əlini çəkir. Bir az keçir, mürid özünə gəlir və birdən
onda illərcə gözlədiyi "satori", yəni şüurunun Dzen həqiqətiylə
nurlanması baş verir.
Kult.az