Kül keçəlin başına…
Gəlibsə, deyəcəyəm e: Azərbaycandakı bu ziyalılıq söhbətləri artıq
canımı boğazıma yığmaqda. Günahkar isə toyuq. Onun yumurtası tərs
gələn kimi başlayırlar ki, bəs bu xalqın ziyalıları hara baxır?
Neçə illərdi ki, bu yanlış münasibət davam etməkdə. Ki, alimsənsə,
deməli, ziyalısan, yazıçısansa, deməli, ziyalısan, müəllimsənsə,
deməli, ziyalısan.
Adicə bir rəssam olan yazıq Təvəkkül and-aman eləyir, əlini Qurana
basır, yaxasını cırır ki, ay camaat, əl çəkin məndən, mən
ziyalı-zad deyiləm. Bizimkilər salırlar onu "qapazın" altına ki,
yox e, nə danışırsan, sən axı şəkil çəkirsən.
Şəkil çəkirsənsə, deməli, ziyalısan. Ziyalısansa, deməli,
cəmiyyətin vicdanısan. Cəmiyyətin vicdanısansa, deməli, toyuğun
yumurtasının tərs gəlməsinə sən cavabdehsən.
Kinodu, kino… O şəkilçəkən Təvəkkülü hələ bir "qapazın" altından
çıxarıb qoyurlar "qapanın" üstünə və çəkirlər də: buyur, bu da
sənin cəmiyyətdəki ziyalı çəkin!
Vay-vaaay, saytlar və qəzetlər əndrabadi başlıqlarla
dolub-daşmaqda: "ziyalılar müdafiə edirlər", "ziyalılar müraciət
imzaladılar", "ziyalılar forumu durumu dəyərləndirdi", "ziyalılar
etiraz etdilər"...
Əlimi ürəyimin üstünə qoyub qətiyyətlə deyirəm ki, belə şeyin
dünyada anoloqu yox. On doqquzuncu əsrin sonlarında rusların
humanitariyə soxuşdurduğu "intiligent" sözünü tərcümə eləyib
boğazımıza nə təhər keçiriblərsə, yüz ildi nə asqırmaqla çıxır, nə
öskürməklə.
Dünyada isə "intellektual" anlayışı. Yəni, konkret sahədə zehni
əməklə məşğul adam. Lap yəni, öz sahəsinin peşəkarı və yalnız öz
sahəsinin peşəkarı.
Bir az da yəni, dünyada, məsələn, ekzistensialist Sartrı,
postmodernist filosof Derridanı, fizika müəllimi Maykı "yumurtası
tərs gəlmiş toyuğa" görə narahat eləmirlər.
İntellektualın üzərində cəmiyyətin sosial-ictimai, mənəvi
öhdəlikləri yox. İntellektualın "ziyalı borcu" olamaz. Rusların
"intelligentinin" və bizim "ziyalının" qarşısında isə bir sürü
şərtlər və umacaqlar.
Vallahi-billahi, mən bizdəki "ziyalı" anlayışının "işıqlı"
mənasının "aydın" yozumunda azıb qalmışam.
Aydınlaşmış adam o kəsə deyərlər ki, o, varlığın bütün
çərçivələrindən azad. Aydınlaşmış adam o kəsə deyərlər ki, onun
siyasi, milli, dini təəssübkeşliyi və hətta ictimai əxlaqı da yox.
Aydınlaşmış adam o kəsə deyərlər ki, o hər cür
ideoloji-mədəni-mental buxovlardan kənarda.
Aydınlaşmaq – intellektual tənhalıq demək.
Bizimkilər isə bir balaca qanacaq-qabiliyyəti olana, bir balaca əli
və qəlbi təmiz olana "aydın" deyirlər e....
Lap pisi də bu ki, bir balaca istedadı-savadı-filanı olanın boynuna
"aydın" adını qoyub başlayırlar ondan mələk əlamətləri tələb
eləməyə.
Xeyir vatana qalsın, hər şey bir yana qalsın, yaradıcı adamdan nə
ziyalı?! İçiynən də, çölüynən də daim dağınıq, darmadağın,
cəmiyyətinin əxlaqına sığmayan şairdən, yazıçıdan nə ziyalı?!
Hə e hə, bizimkilər öz "güləşçisinin" tatami üstündəki
qələbələriylə kifayətlənməməkdə, qolunun gücü var deyə
Azərbaycanın başqa yüklərini də ona daşıtdırmaq istəməkdə.
Yaradıcılardan estetik uğurlar deyil, minimum istehlak zənbilinə,
Qarabağ problemi boğçasına, xalqın xilası və gilası səbətinə,
milli dəyərlər xurcununa, ədəb-ərkan torbasına töhfələr
ummaqda.
Ona görə də buralarda, məsələn, Dostoyevskinin, Freydin yetişməsi
qeyri-mümkün. Çünki onlar öz "pozğunluqları", "əxlaqsızlıqlarıyla"
bizimkilərin "ziyalı" kriteriyalarına qeyri-uyğun.
Çünki bizimkilərin "alimsənsə, yazıçısansa, deməli, ziyalısan"
düşüncəsinin dəhşətli bir astarı da var: ziyalı deyilsənsə, deməli,
yazıçı deyilsən, alim deyilsən.
Tük keçəlin başına.